Hər tərəfi təbii və tarixi gözəlliklərlə bəzədilən Türkiyədə aşkarlanacaq bir çox yer var. Bunların arasında öz gözəlliklərini itirməyən kəndlər də var. Fərqli mədəniyyətləri və yamyaşıl təbiəti birlikdə araşdırmağı sevirsinizsə, bu kəndlər məhz sizin üçündür.
“İki sahil” Türkiyənin bu kəndləri haqqında bəzi məlumatları sizə təqdim edir.
Misi kəndi, Bursa
Yamyaşıl təbiəti və tarixi gözəlliklərindən tez-tez bəhs olunan Bursa, füsunkar kəndləri ilə də çox diqqət çəkir. Bu kəndlərdən biri də rəngli pəncərəli evləri ilə qonaqlarına əyani bir ziyafət verən Misi kəndidir. Bursanın məşhur rayonu Nilüferdə yerləşən bu kəndin içərisində bir dərə də var. Türkiyənin ən yaxşı qorunan kəndlərindən biri olan Misinin rəngli küçələrini gəzməyin və gün batarkən dərədə çay içməyin özünə məxsus yeri var.
Turqut kəndi, Muğla
Marmaris şəhərində məşhur istirahət mərkəzində yerləşən Turgut kəndi qədim şəhərdən şəlalələrə qədər bir çox təbii və tarixi gözəlliyə sahibdir. Üstəlik dəniz sahili və şəlaləsində üzmək fürsəti ilə yay mövsümü üçün ən uyğun yerlərdən biridir. Xalçaçılıqla yanaşı, təbiiliyi ilə də məşhur olan bu kənddə xalçaların toxunma prosesinin şahidi ola bilərsiniz və ya hətta bütün gün dəzgahlarda işləyən usta əlləri seyr edə bilərsiniz. Bundan əlavə, kənddə bir çox tarixi yerlər də var.
Yoruk kəndi, Kastamonu
Yoruk kəndi Osmanlı memarlığının ən yaxşı qorunub saxlanıldığı yerlərdən biridir. O qədər ki, kəndin küçələrində XI əsrə aid 500 yaşına qədər olan evlərə rast gəlmək mümkündür. Safranboluya 11 kilometr məsafədə olan bu kənddə, bərpa edilmiş malikanələri ziyarət edə və Bektaşi ənənəsinin memarlıq əkslərini yaxından araşdıra bilərsiniz. Unutmayaq ki, buranın paxlavası da çox məşhurdur.
Camili kəndi, Artvin
Artvinin əfsanəvi bölgəsi Borçkada yerləşən Camili kəndi, yaşıl rəngin min bir çalarına qarşılaşa biləcəyiniz bir yerdir. UNESCO tərəfindən Dünya Biosfer Qoruğu olaraq seçilən Camili bölgəsinin mərkəzi olan yaşayış məntəqəsindən başqa bölgədə daha 5 kənd var. Qara dənizin yaşıl vadilərinə yayılan bu kəndləri gəzərkən Karagölü də görmədən geri dönmək olmaz.
Doğanbey kəndi, Aydın
Köhnə bir Yunan kəndi olan Doğanbey, Aydında qədim sivilizasiyaların yaşadığı bölgənin mərkəzindədir. Daş evləri olan dar kənd küçələri və yamacında inşa edildiyi Dilək dağının möhtəşəm mənzərəsi buranı misilsizləşdirən detallardan yalnız bir neçəsidir.
Yeşilyurt kəndi, Çanaqqala
Mistik Kaz dağlarının ətəklərinə söykənən bu qədim kənd, Doğanbey kimi köhnə bir yunan kəndidir. Dağın dənizə baxan yamacında tikilməsi onu həm dəniz turizmi, həm də dağ turizmi üçün populyar bir məkana çevirib. Ancaq məhşurluğuna baxmayaraq, kənd təbiiliyini qorumağı daha çox bacarıb. Əgər Yeşilyurtu ziyarət edirsinizsə, rəngli çiçəklərlə bəzədilmiş daş evlərdə qalmağa üstünlük verə bilərsiniz.
Kaynarpınar kəndi, İzmir
Sadəlik, sakitlik və hüzur üçlüyünün hökm sürdüyü bu kənd möhtəşəm Ege dənizinə açılır. Əslində o qədər sadə və kiçikdir ki, bir ucundan digər ucuna getmək dəqiqələr içində ölçülür. Səfər zamanı ediləcək fəaliyyətlər çox sadədir; başınızı dinləmək və bu dinc atmosferdən zövq almaq.
Vüsal Cahanov, “İki sahil”