09 iyun 2021 15:20
1069

 Kariessiz dişlərə sahib olun

 Heç bilirdinizmi ki, karies dünyada ən yayılmış xəstəlik sayılır. Yer kürəsində yaşayan insanların 95-99%-də karies var.

Ağ dişlər dedikdə müxtəlif yollarla ağardılmış dişlər yox, təbii ağ dişlər nəzərdə tutulur. Dişlərin rənginin saralması və tündləşməsi kariesin əmələ gəlməsinin ilkin əlamətlərindən sayılır. Çünki, dişlərin dibində qalan qida qalıqlarının tərkibindəki təbii turşular dişlərin rənginin dəyişməsinə səbəb olur. Bu, isə dişlərin təbii mineral təbəqəsinin korlanmasına səbəb olur. Karies məişət yolu ilə də yoluxa bilir. Bu ən çox eyni qaşıqdan istifadə edilən zaman baş verir. Hətta, azyaşlı uşağın anası uşağın qidasının isti-soyuqluğunu yoxlamaq məqsədilə həmin qaşığı ağzına toxundurduqda kariesi uşağına yoluxdura bilir.

Aparılan sorğulara və müşahidələrə əsasən demək olar ki, insanlar  kariesdən qorunmağın vacibliyini düzgün qiymətləndirmirlər. Kariesin daha təhlükəli xassəsi onun ilk meydana gəldiyi zaman ağrısız inkişaf etməsidir. Bir çoxları belə düşünür ki, əgər dişlərimizdə ağrı yoxdursa, həkimə müraciət etməyə ehtiyac yoxdur. Amma nəzərə alaq ki, karies dentin qatına keçdikdə belə ağrı hissi olmur, ağrının yaranması isə prosesin artıq pulpaya qədər inkişaf etdiyindən xəbər verir.  Məhz bu səbəbdən stomatoloqlar insanların ildə 2 dəfə stomatoloji müayinəyə gəlməsinin vacibliyini vurğulayırlar.

Vaxtında müalicə aparılmadıqda karies aşağıdakı ağırlaşmalara səbəb olur:

 Pulpit baş verir, bu zaman artıq ağrılar dözülməz həddə çatır.

Periodontit riski yaranır.

İnfeksiyalar ətraf yumşaq toxumalara yayılır.

Kariesli dişlər orqanizmdə olan xroniki infeksiyaların mənbəyi hesab olunur. Xroniki infeksiyalar isə ən çox ürək-damar sistemində və oynaq sistemində xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Ağız boşluğunda uzun müddətli infeksiyaların olması xroniki allergik reaksiyalara səbəb olur.

Karieslə bağlı maraqlı faktlardan biri də odur ki, sən demə orta əsrlərdə karies varlı  insanların əsas  rəmzi imiş.  Varlı ailələrə mənsub olan insanlar yalnız onlarda kariesə səbəb olan şirniyyat məhsullarını yeyirdilər. Deyilənlərə görə o zamanlar ağ və  sağlam dişlər dəbdə deyildi və adətən ağ dişli insanlar aşağı təbəqələrin nümayəndələri idi.

Maraqlıdır ki, eskimoslarda və Cənub Palmir dağlarında yaşayan qunzu tayfasında kariesə təsadüf edilmir.

Qadınlarda karies  kişilərlə müqayisədə 2 dəfə daha çox rast gəlinir. Bunu əsasən hamiləlik zamanı kalsiumun orqanizmdən yuyulması ilə əlaqələndirirlər. Bundan əlavə qadınlar şirniyyatlara daha meyillidir.

Kariesə yoluxmuş diş heç vaxt öz funksiyasını tam yerinə yetirə bilmir. Bu da qidanın qəbulu və çeynəmədə özünü büruzə verir. Demək olar ki, tam çeynənməmiş qidanın udulması mədə-bağırsağın zədələnməsinə və xəstəliklərinə səbəb olur.

Əsasən 40-45 yaşdan sonra kariesin inkişafı xeyli ləngiyir.

Stomatoloqların dediklərinə görə, kariesin inkişafı irsi faktorlarla bağlıdır.

Unutmayın ki, vaxtında müalicə olunmamış karies dişin itirilməsinə də səbəb olur. Bir dişin itirilməsi isə ilk növbədə qonşu dişlərə, damaqlara, çənə sümüyünə və uz-çənə əzələlərinə mənfi  təsir göstərir və xarici görünüşümüzü dəyişir.

Mütəxəssislər kariesdən qorunmaq üçün pendir yeməyi tövsiyə edirlər.

Çay içərkən tünd şokoladdan istifadə edin, çünki o, kariesin yaranmasına səbəb olmur.

Samirə Tağıyeva, "İki sahil"