“Avro-2020” həyəcanı artıq futbol azarkeşlərində hiss olunur. Turnir tarixində ilk dəfə 12 fərqli şəhərdə keçiriləcək. Bu dəfə turnir digərlərindən çox fərqli formatda baş tutacaq. Normalda keçən il 12 iyun-12 iyul tarixləri arasında reallaşmalı olan “Avro-2020” bütün dünyaya təsir edən koronavirus epidemiyası səbəbiylə 2021-ci ilə qədər təxirə salınmışdı.
Bakıdan Bilbaoya qədər Avropanın 12 fərqli şəhərində təşkil ediləcək “Avro-2020”də Türkiyə millisi də iştirak edəcək. Səyahət məhdudiyyəti və azarkeş azlığı kimi problemlərin kölgəsində başlayacaq turnirə maraq yenə də böyükdür. Gəlin oyunların keçiriləcəyi şəhərlərin turizminə də böyük töhfə verəcək olan Avro 2020 şəhərlərinə daha yaxından nəzər salaq.
Bakı, Azərbaycan
Son illərdə bir çox idman yarışlarına ev sahibliyi edən Bakı şəhəri “Avro-2020”də də adından bəhs etdirəcək. Bir neçə gün əvvəl “Formula-1” yarışlarına ev sahibliyi edən paytaxt Bakıda yerləşən “Bakı Olimpiya Stadionu”, Türkiyə millisinin də yer aldığı qrupun oyunlarına şahidlik edəcək.
Roma, İtaliya
Avropada ən çox turist cəlb edən şəhərlərdən biri olan Roma Türkiyə ilə İtaliya arasında oynanılacaq “Avro-2020”nin açılış matçına ev sahibliyi edəcək. İyunun 11-də keçiriləcək qarşılaşma dünyanın məşhur “Roma Olimpiya” stadionunda oynanılacaq. Futbol azarkeşləri günlərdir bu açılış oyununu gözləyir.
Sankt- Peterburq, Rusiya
Yolumuzu şimala, ağ gecələr şəhərinə, Sankt-Peterburqa üz tuturuq. O vaxt günəşin demək olar ki, heç batmadığı şəhər “Avro-2020”nin ən maraqlı anlarına ev sahibliyi edəcək. “Krestovski” stadionunda keçiriləcək qarşılaşmalardan əvvəl Sankt-Peterburqa gələcək futbol azarkeşləri təbiətlə təmasda bir səyahət etmək imkanı qazanacaqlar.
Kopenhagen, Danimarka
Sankt-Peterburqla birlikdə B qrupu oyunlarına ev sahibliyi edəcək digər bir şimal şəhəri olan Kopenhagen də Sankt-Peterburq kimi ilin o vaxtında havanın gec qaralması ilə diqqət çəkir. "Qalatasaray"ın "Arsenal"a qarşı UEFA kubokunu qazandığı “Parken Arena”da “Avro-2020”yə ev sahibliyi edəcək.
Amsterdam, Hollandiya
C qrupunun oyunlarına ev sahibliyi edəcək şəhərlərə nəzər yetirək. Dünyanın ən çox turist cəlb edən şəhərlərindən biri olan Amsterdam, çempionata futbol əfsanəsi “Johan Cruyff Arena” adına stadionda ev sahibliyi edəcək. Əsl futbol məbədi olan “Johan Cruyff Arena”, ictimai nəqliyyat xətləri üzərində yerləşir.
Buxarest, Rumıniya
Rumıniyanın paytaxtı Buxarest də Avro 2020-nin oyunlarına şahid olacaq digər bir şəhərdir. Balkanların Parisi kimi tanınan Buxarestdəki tarixi "National Arena" turnirdə futbol azarkeşləri ilə dolu olacaq.
London, Birləşmiş Krallıq
Növbəti şəhər D qrupunun oyunlarına ev sahibliyi edəcək futbolun yarandığı torpaq Londondur. Yenidən qurulan “Uembli” stadionu Londondakı qarşılaşmaların ünvanı olacaq. Turnirin yarımfinal və final oyunlarının bu stadionda keçiriləcək. Stadion 11 iyulda Avropanın ən yaxşı komandasının müəyyənləşəcəyi final matçına ev sahibliyi edəcək.
Qlazqo, Şotlandiya
Yolumuza Britaniya adasında davam edirik. Şotlandiyanın ən böyük şəhəri olan Qlazqo da “Avro-2020”yə ev sahibliyi edəcək. Şəhərdəki matçlar “Hampden Park”da oynanacaq.
Dublin, İrlandiya
Turnirin ən möhtəşəm stadionlarından birinə ev sahibliyi edən İrlandiyanın paytaxtı Dublin şəhəri, E qrupu komandalarının digər bir ünvanı olacaq.
Münhen, Almaniya
Bavariya əyalətinin mərkəzi olan və Alman iqtisadiyyatına böyük töhfə verən Münhen, eyni zamanda futboldakı çəkisi ilə də məşhurdur. Şəhərdəki “Alyanz Arena” dünyanın ən gözəl stadionlarından biri hesab olunur.
Budapeşt, Macarıstan
Dunayın incisi olan Budapeşt, Avro-2020-də qrup oyunlarına ev sahibliyi edəcək şəhərlərdən biridir. F qrupundakı matçlar Budapeştdə "Ferenc Puskas" stadionunda keçiriləcək.
Bilbao, İspaniya
E qrupu matçlarının oynanacağı iki şəhərdən biri olan Bilbao, Quqqenhaym Muzeyi ilə məhşurdur. Şəhərdəki “San Mames Barria” stadionu, turnir boyunca futbol azarkeşlərini qəbul etməyə hazırlaşır.
Vüsal Cahanov, “İki sahil”