11 iyun 2021 16:15
1479

Sağlamlığımız üçün faydalı olan meyvə şirələri

Bu yazıda sağlamlığımız üçün faydalı olan meyvə şirələri haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

Portağal şirəsi

Portağal şirəsi  qanda xolesterol səviyyəsini idarə etməyə kömək edir və eyni zamanda, iltihabın qarşısını alır. 2017-ci ildə" Food & Function" tərəfindən aparılan araşdırmalardan məlum oldu ki ,    yeməkdən sonra portağal suyu içən insanların  qanında su içənlərə nisbətən daha az iltihab prosessini müşahidə etmək olar.Portağal şirəsinin tərkibində yüksək miqdarda C vitamini olduğu üçün qış vaxtı profilaktik və müalicə məqsədilə soyuqdəymə və avitaminoz xəstəliyi zamanı əvəzsizdir. O, tonusu yüksəldir, yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir. Həkimlər ateroskleroz və hipertoniya, habelə, qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görürlər. Portağal şirəsi bakteriyanı öldürür, immuniteti qaldırır, artıq çəkini azaldır. Onda orqanizmi xolesterindən azad etmək və peristaltikanı normallaşdırmaq keyfiyyəti də var. Lakin mədə və onikibarmaq bağırsaq xorası, bağırsaqlarda pozğunluq və qastrit zamanı bu  şirədən imtina etmək lazımdır.

Limon şirəsi

Sağlamlığınızı qorumaq üçün limonu süfrənizdən əskik etməməlisiniz. Limon şirəsi  əsasən böyrək daşlarına meyilli olanlar üçün faydalıdır. Bəzi məlumatlara görə, müntəzəm içilən limon şirəsi istehlakı daşların yenidən əmələ gəlmə ehtimalını 90%-dək  azalmasına kömək olur. Araşdırmalar göstərib ki, limon şirəsi arıqlamağa kömək edir. Bunun səbəbi limon şirəsinin tərkibindəki pektin maddəsidir. O, maddələr mübadiləsini sürətləndirir və pH balansını qoruyur.  Bu da öz növbəsində immunitet sisteminə yaxşı təsir edir.

Limon şirəsi həzmi yaxşılaşdırır. Mütəxəssislər limon şirəsinin içərisinə bir qədər kətan toxumu tökməyi tövsiyə edirlər. Bu, onun təsirini daha da artır.

Üzüm şirəsi

Beyninizin daha sürətli işləməsinə, yaddaşın və idrak fəaliyyətinin yaxşılaşdırılmasına kömək etmək istəyirsiniz?  O, zaman mütləq üzüm şirəsindən istifadə edin.  Üzüm şirəsi qan antioksidant xüsusiyyətləri ilə yanaşı orqanizmin ürək və damar xəstəliklərindən qorunmasına da yardımçı olur. Ekspertlərin bildirdiyinə görə, üzüm şirəsi  A, B və C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngindir və  bədənin bir çox xəstəliklərə qarşı müqavimətini artırır. Həmçinin qana oksigen daşıyan hemoqlobin hüceyrələrinin yaranması prosesində lazım olan dəmir və kalium ilə zəngindir.

Üzüm şirəsinin faydalarından biri də odur ki,tərkibindəki təbii şəkərin tez həzm olunaraq orqanizmin daha enerjili olmasına sanki bir təkan verir.  Xüsusilə qan laxtalanması və damar xəstəlikləri ilə bağlı sıxıntı yaşayan xəstələrə gündə ən azı bir stəkan üzüm şirəsi içmək məsləhətdir.

Zoğal şirəsi

Zoğal şirəsi insan sağlamlığını artıran bir sıra xüsusiyyətlərə malikdir. Zoğalın tərkibindəki fitokimyəvi maddələr həzm sisteminə müsbət təsir göstərir və həzmi normallaşdırır.  Zoğal şirəsinin müntəzəm istehlakı öd kisənin iltihabının qarşısını alır və immunitet sistemini dəstəkləyir. Tərkibindəki komponentlər qan dövranı sisteminə faydalı təsir göstərir - qan damarlarını gücləndirir, ürəyin işini tənzimləyir, qorumağa kömək edir, xolesterolateroskleroz və bir çox digər xəstəlik riskini azaldır. Zoğal şirəsi, həmçinin xərçəng əleyhinə təsir göstərən və bədənin yaşlanma prosesini ləngidən güclü antioksidantlardan biridir.

Tomat şirəsi

Heç bilirdinizmi ki, pomidorda olan antioksidant likopen  xərçəng riskini azaldan maddələr sırasına daxildir.  Həmçinin tomat şirəsindən istifadə edən qadınlarda menopauza dövründə psixoloji və fizioloji göstəriciləri yaxşılaşdırır. Bu fikri əsasən Tokio Tibb Universitetindən olan alimlər irəli sürüblər.Onlar  iki ay ərzində hər gün 200 millilitr tomat şirəsi içən qadınların ürək sıxılmalarının və onunla yanaşı həyəcanında  əhəmiyyətli dərəcədə azalmasını müşahidə ediblər.

Gavalı şirəsi

Gavalı şirəsi kalium, lif və faydalı antioksidanlarla zəngindir. Əlavə olaraq, gavalı suyu həzm problemi olanlar üçün çox faydalı ola biləcək təbii laksatif olan şəkər alkoqol sorbitol ilə zəngindir.

Nar şirəsi

 Nar şirəsi gəncliyin əsl iksiridir. Nar şirəsinin tərkibində  С, В1, В2, А, Е, РР, orqanik turşular, aminturşuları və s. kimi xeyirli maddələr var.  Bu şirə əsasən ürək-damar sistemi üçün çox faydalıdır. Nar şirəsi qədim zamanlardan qanazlığı ilə mübarizədə çox geniş istifadə olunurdu. Bu şirənin müntəzəm qəbulu həqiqətən qanın tərkibinə müsbət təsir edir. Qeyd edək ki, nar  şirəsi pektinlərlə zəngindir. Bu maddələr bağırsaqlarda yığılan ziyanlı maddələri xaricə çıxartmağa kömək edir.

Həkimlərin sözlərinə görə, nar şirəsi xərçəng xəstələri üçün çox faydalıdır. Xüsusi araşdırmalar nəticəsində məlum oldu ki, nar şirəsi prostat xəsrçəngindən əziyyət çəkən xəstələrin vəziyyətini yaxşılaşdırır. Bu faydalı şirə həm də  sidikqovucu təsirə malikdir . O, organizmdə olan  ödemi azaldır, təzyiqi tənzimləyir və böyrəkləri təmizləyir.

Samirə Tağıyeva, "İki sahil"