17 iyun 2021 00:58
1913

Şuşa Bəyannaməsi tarixi Qars Bəyannaməsinə istinad edilir - Prezident İlham Əliyev

1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi

 

Xəbər verildiyi kimi, iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfəri baş tutdu və Qarabağın ürəyi olan Şuşada tarixi Bəyannaməyə imza atıldı. İki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzaladılar. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Şuşa Bəyannaməsi, həmçinin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra imzalanan Bəyannamə həm də böyük rəmzi məna daşıyır. Belə ki, bu sənəd haqqında danışarkən dövlət başçısı İlham Əliyev bildirdi ki, birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir.

100 il öncə 21-ci ilin Qars müqaviləsi necə imzalanmışdı?

Qars müqaviləsi 1921-ci ilin sentyabr və oktyabr aylarında Qarsda keçirilmiş konfransdakı danışıqların nəticəsi olaraq Cənubi Qafqaz respublikaları ilə Sovet Rusiyasının iştirakı ilə Türkiyə hökuməti arasında həmin il oktyabrın 13-də imzalanmışdır. Bu müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olundu. Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsidir. Müqaviləyə görə Türkiyənin şimal-şərq sərhədləri dəyişilməz qaldı. Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getmədi. Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapdı.

Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur etdi. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-cı illərdə ermənilər silahlı qüvvələrdən istifadə edərək Naxçıvanda qırğınlar törətsələr də əhalini ram edə bilmədilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistan arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edildi. 1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı.

Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvana gələn Behbud ağa Şahtaxtinski Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başladı. Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi. Daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərildi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən, Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.

1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək Qars konfransı keçirildi. Danışıqlar çox gərgin və prinsipial keçdi, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etdilər. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif etdi. RSFSR-in nümayəndəsi Y.Qanetski bir ümumi müqavilənin bağlanmasında israr edirdi və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi.

Beləliklə, Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz Respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsi, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.

Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Naxçıvanın ərazisi müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək,  “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və [nəhayət] keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhəddində (qurtarır)”. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minib.

Göründüyü kimi, 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin də qarantına çevrildi.

Sevinc Azadi, “İki sahil”