Bədəni tələb etdiyi dozada D vitamini ilə təmin etmək üçün yalnız təbii məhsullar kifayət etmir. Bu maddənin vitaminlər arasında olmasına baxmayaraq, əslində vitamin deyil. Bədənin qidadan daha çox ultrabənövşəyi şüalanmanın təsiri altında meydana gələn bir reaksiya nəticəsində aldığı bir növ steroid hormonudur.
Zehni patologiyaların, onkoloji, ürək-damar və avtoimmun xəstəliklərin qarşısını almaq, əksər infeksiyalara və digər patologiyalara müqavimət göstərmək üçün vitamin səviyyəsinin optimallaşdırılması əhəmiyyətli dərəcədə kömək edir. D vitamini çatışmazlığını göstərən əsas simptomlar: artıq çəki, sümük ağrısı, dərinin qaralması, 50 yaşdan yuxarı yaş dövrü, əhval dəyişikliyi, mədə-bağırsaq traktındakı problemlər, baş tərləmə.
D vitamin çatışmazlığı çoxmu təhlükəlidir?
Bunu necə müəyyən etmək olar?
D vitamininin miqdarına nəzarət ürək və damar xəstəlikləri, onkologiya və bir çox digər xəstəlik ehtimalını azaldırmı?
Sağlam olmaq üçün nə qədər D vitamini lazımdır?
Bədəninizdə kifayət qədər D vitamini olub-olmadığını necə öyrənmək olar?
Keçən əsrin sonlarınadək az sayda insan bədənimizdə bu vitaminin çatışmazlığı ola biləcəyinə diqqət edirdi. Ancaq texnologiyanın inkişafı ilə qandakı D vitamini miqdarını ölçmək çox asan və cəld olduqdan sonra bu vitaminin azlığının qlobal xarakter daşıdığı və tüğyan etdiyi aydın oldu. Bu məsələ ilə məşğul olan tədqiqatçı M. Holik Amerika səhiyyəsinin apardığı statistikaya əsasən bildirir ki, Yer kürəsinin əhalsinin 30 %-dən çoxunda D vitamini çatışmazlığı mövcuddur.
Aparılan tədqiqatlar göstərib ki, 5 yaşadək uşaqların yarısı, 6-11 yaş arası uşaqların 70 %-də D vitamini çox aşağı səviyyədədir.
Tədqiqatçılar problemin dünya əhalisinin 50 % üçün təhlükə doğurduğunu qeyd edirlər.
Yaşlı insanlar D vitamini çatışmazlığından yalnız günəş vannasına laqeyd yanaşdıqları üçün deyil, yaşla birlikdə onun hasil olunması azaldığı üçün əziyyət çəkirlər. 70 yaşdan sonra D vitamini hasili gənc orqanizmlərlə müqayisədə 30 % azalır.
D vitamini çatışmazlığını necə müəyyən etmək olar?
Tam dəqiq üsul əlbəttə ki, qan analizidir. Lakin müəyyən simptom və əlamətlərlə də bunu bilmək olar. Aşağıdakı əlamətlərdən hər hansı biri sizdə varsa, D vitaminini qanda yoxlatdırmağınız lazımdır:
Qaralmış dəri
Tünd dəriyə sahib insanlar D vitamini çatışmazlığına daha meyillidirlər, çünki onlara vitamin almaq üçün ağ dərili insanlarla müqayisədə 10 dəfə çox ultrabənövşəyi şüa qəbul etmək lazımdır.
Depressiyaya meyillilik və əhvalın tez-tez dəyişməsi
Sübut olunub ki, günəş şüalarının təsiri altında serotonin hormonu yüksəlir, serotonin isə beynin ifraz etdiyi“yaxşı əhval-ruhiyyə” hormonu hesab edilir.
Piylənmə və ya əhəmiyyətli əzələ kütləsi səbəbindən artıq çəki
D vitamini yağda həll olunan bir hormon olduğundan bədənin yağları onu saxlayır. Buna görə vitamin defisiti bədən yağının miqdarına nisbətdə artır. Eyni ilə yüksək əzələ kütləsi olan insanlar üçün də belədir.
Bel və sümük ağrısı
Doktor Holikə görə bir çox hallarda bel və sümük ağrısı ilə əlaqəli xəstəliklərin diaqnozu səhv qoyulur. Bu xəstəliklərə bənzər bir çox əlamət qanda D vitamini çatışmazlığı ilə əlaqədardır.
Başın saçlı hissəsində tərləmə
Bu, D vitamin çatışmazlığının ən çox yayılmış siqnalı hesab edilir. Daha çox yenidoğulmuş körpələrdə rast gəlinir.
D vitamini miqdarına nəzarət ürək və damar xəstəlikləri, onkologiya və bir çox digər xəstəlik ehtimalını azaldır
Çoxsaylı sınaqlar dünyada bir milyondan çox insanın ölümünə səbəb olan xəstəliklərin bədəndəki D3 vitamini miqdarını artırmaqla qarşısının alına biləcəyini sübut etdi. D3 hətta bəzi xərçəng növlərinin qarşısını almağa kömək edir.
Bu vitamin immunitetin işinə nəzarət edir, onun “operativliyini” artırır.
D vitaminin miqdarını nəzarətdə saxlamaqla ürək-damar xəstəliklərinin, immunitet zəifləməsinin, virus və infeksiyalarla bağlı xəstəliklərin, genetik və metabolik xəstəliklərin qarşısını almaq olar.
Sağlam olmaq üçün nə qədər D vitamini lazımdır?
Bədəndəki miqdarına gəldikdə, səviyyəsinin optimal olması hər kəs üçün artıq tamamilə fərdi qəbul olunur. Buna görə tədqiqatçılar hər il bu səviyyəni artırırlar.
Çox UV şüası alan sağlam bir insanda vitamin səviyyəsinin 50-70 ng / ml olduğu təxmin edilir. Və daha tez-tez günəş altında qalırsınızsa, vitamin əlavələri qəbul etmək məcburiyyətində deyilsiniz. Günəş vannasının müddəti və həcmi də fərdi faktorlardan asılıdır.
Günəşdə mütəmadi qalmağınız hansısa səbəblərdən mümkün deyilsə, bu zaman solyari aparatından istifadə etmək olar. Lakin aparatı bir qədər diqqətlə seçmək lazımdır. Onların bəzilərində onkoloji xəstəliklərə səbəb olan maqnit mənbələrdən istifadə olunur. Bunu başa düşmək eləçətin deyil: maqnitlə olan sistemlər çox səs-küylüdür, electron olanlar isə daha səssiz işləyir.
Solyariyə getməyiniz də alınmırsa, bu zaman D vitamini əlavələri qəbul etməlisiniz. Lakin onların bir faydası olması üçün adətən mütəxəssislər tərəfindən K2 vitaminin də yanaşı qəbul edilməsi məsləhət görülür.
Nubar Süleymanova, “İki sahil”