18 iyun 2021 09:53
2220

Azərbaycan və Türkiyənin sevinci də kədəri də hər zaman bir olub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın  15 iyun tarixində Şuşaya səfəri və iki lider arasında Şuşa bəyannaməsinin imzalanması təkcə Azərbaycan üçün yox, bütün region üçün tarixi hadisə idi. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətlərində sözün əsl mənasında tarixi məqam yaşandı və bu sənəd ölkələr arasında tərəfdaşlığın müstəsna səviyyədə olmasını bir daha təsdiq edərək tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün yol xəritəsini müəyyən etdi. Əlbəttə ki, bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələrin sayı kifayət qədər çoxdur, amma Bəyannamə ilə sübut olundu ki, gələcəkdə də bu layihələr davam etdiriləcək.

Digər bir tərəfdən bu gün Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə qeyd edib ki, Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır. Bu bütün türk dünyası üçün də örnək təşkil etməli və türkdilli dövlətlərin bir-birinə olan münasibətlərinin inkişafında birbaşa rol oynamalıdır. Beləliklə, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.

Şuşa Bəyannaməsinin əsas xüsusiyyətlərindən biri olduqca geniş məzmuna sahib olmasıdır. Demək olar ki, ölkələrimizin gündəmində olan bütün strateji məsələləri əhatə edən Bəyannamə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifadəsi ilə desək on bir A4 səhifəsindən ibarətdir. Bəyannamədə ticarət, iqtisadiyyat, təhsil, enerji təhlükəsizliyi, mədəniyyət, hərbi tərəfdaşlıq və s. sahələr əhatə olunub. Bəyannamədə ən diqqət çəkən nüans isə hərbi tərəfdaşlıqla bağlı olan məsələlərdir. Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bundan əlavə sənəddə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də xüsusi yer alıb. Dövlət başçımız bildirib ki, “Bəyannamədə Zəngəzur koridoru açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq”.

Beləliklə, iki ölkə lideri tərəfindən gələcəklə bağlı bir çox mesajlar verilmişdir. Qeyd etmək lazımdır ki, Bəyannamənin imzalanmasından sonra mətbuat konfransında iştirak edən Azərbaycan və Türkiyə prezidentləri burada da vacib açıqlamalarla çıxış etdilər. Xüsusilə Rəcəb Tayyib Ərdoğanın  altılı platformadan (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Gürcüstan, İran) bəhs etməsi və Ermənistana sülh çağırışı etməsi əlamətdar hal idi. Cənab Ərdoğan vurğuladı ki, tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur. Ermənistan da bu mesajları almalı və artıq şəxsi maraqlarını bir kənara qoyaraq öz dövlətlərinin və xalqlarının gələcəyi naminə sülh üçün çalışmalıdır. Ümumiyyətlə, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi bir nömrəli şərtdir.

Konfransdakı daha bir mesaj isə Türkiyə Prezidentinin “Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq” bəyanatı idi. da Belə bir mühüm addımın reallığa çevrilməsi birliyimizin daha da möhkəmlənməsinə xidmət etməklə  yanaşı,  qardaş ölkənin bölgədə fəaliyyətini daha  səmərəli şəkildə həyata keçirməsini  təmin edəcəkdir. Xatırladaq ki, Türkiyə şirkətləri və dövlət qurumları hazırda aktiv şəkildə Qarabağın bərpasında iştirak edirlər. Göründüyü kimi, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir. Əməkdaşlığın  yüksək səviyyəsi isə hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bir sözlə, Türkiyə və Azərbaycan arasındakı dostluq münasibətləri ölkələrimizin gələcək inkişaf perspektivlərinin əsasını təşkil edir.

Rüfət Əhmədov,

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri