19 iyun 2021 10:15
1633

Şuşa Bəyannaməsi regional güc balansını yenidən ölkəmizin xeyrinə dəyişdi

Bundan sonra Azərbaycana təcavüz Türkiyəyə təcavüz hesab ediləcək

Adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran Ali Baş Komandanımız İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Milli Qurtuluş Gününü ilk dəfə Şuşada, Cıdır düzündə qeyd etdi. Həm də Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla bir yerdə.

Prezidentlərin Şuşa görüşü ilk növbədə regionda yeni qüvvələr nisbətinin, 44 günlük Vətən müharibəsindən sonra yaranmış status-kvonun nümayişi idi. İmzalanan sənəd isə müttəfiqliyin yeni , daha yüksək mərhələyə daxil olması idi.

Təbii ki, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamənin müstəsna siyasi və tarixi əhəmiyyəti var. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra - 2021-ci ildə Şuşa Bəyannaməsi ilə bu dəfə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Belə demək mümkünsə, bir növ bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi. Bu müttəfiqlik əlbəttə ki, həm də qardaş ölkə ilə münasibətlərin daha da yaxınlaşması baxımından xüsusilə önəmlidir.

Bəli, Bəyannamədə açıq mətnlə bildirilir ki, qardaş Türkiyə Azərbaycanın təhlükəsizliyi üçün hər zaman onun yanında olacaq.  Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Xüsusi vurğulamaq lazımdır ki, geosiyasi  aləmdə ciddi qarşıdurmalar mövcuddur və bu mürəkkəb durumdan mətin şəkildə çıxmaq, ərazi bütövlüyünü, eyni zamanda, milli mənafeləri qorumaq üçün güclü olmaq zərurəti yaranıb. Ona görə də Azərbaycanla qardaş Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində digər bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir.

Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün astanasıdır. Qürurverici amildir ki,  Qarabağda və bütün bölgədə güc balansı indi bütövlükdə ölkəmizin  xeyrinə dəyişib. Çünki hər zaman Qarabağın əraziləri ilə bağlı məsələlərə yerli-yersiz qarışan ölkələr də artıq geri çəkilmək məcburiyyətindədirlər.

Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, Azərbaycanla Türkiyənin Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsi İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir: «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır».

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə mətbuata bəyanatında qeyd etdi ki, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir: «Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq».

Ümumiyyətlə, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, torpaqların işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. İyunun 16-da Türkiyə Prezidenti Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident Ərdoğan parlamentdə bir çox mühüm məsələyə toxundu və birmənalı şəkildə  dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Azərbaycan xalqının möhtəşəm Zəfərinin bölgədə daimi sülh və əmin-amanlıq üçün böyük bir fürsət yaratdığını söyləyən Prezident Ərdoğan dedi ki, Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünya qazanclı çıxacaq.

İşğaldan azad olunmuş bölgənin inkişafı, burada rifahın artırılması, əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdə Türkiyənin yaxından iştirak edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində böyük liderlik göstərərək bu Zəfəri ölkəmizə qazandıran Ali Baş Komandan İlham Əliyevə bir daha təbriklərini çatdırdı. Onun fikrincə, Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanıb, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb.

Tarixi birliyimizdən danışan cənab Ərdoğan bir sıra çətin dönəmlərdə, dar günlərdə iki qardaş xalqın nümayəndələrinin çiyin-çiyinə mübarizə apardığını, bir-birini dəstəklədiyini, şəhadətə yürüyərək qələbə çaldığını qeyd etdi və vurğuladı ki, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

Türkiyə Prezidenti dünya birliyinə, xüsusən də Azərbaycana qarşı hər zaman ikili standartlarla çıxış edən siyasətçiləri bu torpaqlarda işğalçının törətdiyi dağıntıları, vandallığı görməyə dəvət etdi. Bəyan etdi ki, gələrkən işğalçı, gedərkən tar-mar edici olanların davranışı Qarabağın kimin Vətəni olduğunu aydın göstərir. Azərbaycanın işğal altına düşmüş 7 rayonunda törədilmiş vəhşilikləri, dağıntıları vandalizm adlandıran Türkiyə Prezidenti mədəniyyətlə vandallıq arasındakı fərqi görmək üçün bu ərazilərə, Qarabağda iki dövr arasındakı fərqə baxmağın yetərli olduğunu vurğuladı. Türkiyə Prezidenti işğaldan azad olunmuş ərazilərin bərpasında da ölkəsinin Azərbaycanın yanında olmağa davam edəcəyini söylədi.

Prezident Rəcəb Tayyib Ərdoğan bir gün öncə Şuşada şahidi olduğu mənzərədən də söz açaraq dedi ki, qədim şəhərimizdə, azad Qarabağ torpağında Azərbaycan bayrağının qürurla dalğalandığını görməkdən bəxtiyarlıq duyğuları yaşayıb. Şuşanın qurucusu Pənahəli xanın dövründən etibarən buranın musiqi, ədəbiyyat, şeir-sənət sahələrində əsl incəsənət akademiyası kimi formalaşdığını qeyd edib.

Zaman keçdikcə Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların daha yaxşı anlaşılacağına əminlik ifadə edən Prezident Ərdoğan bu Qələbənin quruculuğun, ədalətin, sülhün Zəfəri olduğunu vurğuladı.

Rəcəb Tayyib Ərdoğan bölgənin dirçəlişi üçün təklif olunmuş altılı platforma (Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın daxil olduğu platforma), Zəngəzur dəhlizinin açılması sayəsində meydana çıxacaq perspektiv imkanlar, NATO zirvəsi və digər məsələlər barədə də danışdı və qətiyyətlə bəyan etdi ki, Türkiyə bütün qəlbi və imkanları ilə dünən də Azərbaycanın yanında olub, bu gün də yanındadır və sabah da yanında olacaq.

Beləliklə, iyunun 15-16-da Azərbaycan tarixində yeni səhifə açıldı. Bu tarixi səfərdə bir sıra ilklər qeydə alındı. İşğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən xarici dövlətin başçısı cənab Rəcəb Tayyib Ərdoğan oldu. Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığına dair Bəyannamənin Bakıda deyil, məhz Qarabağın baş tacı olan qədim Şuşada  imzalanması da iki qardaş ölkənin Qarabağda daha ciddi proseslərə hazırlaşdığına bir sübutdur.

Elçin Zaman, «İki sahil»