09 fevral 2016 19:13
512

Biz öz haqqımızda nə bilirik?

Biz öz haqqımızda nə bilirik? İnsan 100.000.000.000.000, yəni 100 trilyon hüceyrədən ibarətdir. İnsan bədəninin 60%-ni su təşkil edir: yağ toxumalarının  20%-i, sümüklərin 25%-i, qara ciyərin 70%-i, əzələlərin 75%-i, qanın 80%-i , beyinin  isə 85 %-i sudan ibarətdir. Bu rəqəmlər insanda təəccüb doğurur ki, maye halında olan qanda suyun faizi, qatı beyindən  az təşkil edir.

İnsan orqanizminin yerdə qalan 40%-ni zülal 19%, yağ 15%, mineral maddələr 5 %, karbohidrat isə 1% təşkil edir.

İnsan orqanizmində olan elementlərin içərisində ən vacib olanları  oksigen, karbon, hidrogen və azotdur. Yaşca böyük insanların bədənində olan bu maddələr 70 kiloqramdır.

Qəribə də olsa insanın sümüklərinin sayını dəqiq demək olmur. Belə ki, hər insanın bədənində olan sümük sayı müxtəlifdir. İnsanların təxminən 20%-nin fəqərə sümüklərinin sayında əskiklik var və hər 20 insandan birinin qabırğa sümüyünün biri artıqdır. Lakin bütün bunlara baxmayaraq hesab edilir ki, insan bədənində yerləşən  sümüklərin sayı 200-dən az deyil.

Sakit vəziyyətdə insan uzandığı zaman, sutka ərzində 400-500 litr oksigen sərf edərək dəqiqədə 12-20 dəfə nəfəs alıb verir.

Yaşca böyük insanın ürəyi gün ərzində 10000 litr qan tədarük edir. Sakit vəziyyətdə  ürək  dəqiqədə 60-80 dəfə döyünür. Qadınların ürək döyüntülərinin tezliyi kişilərə nisbətən dəqiqədə 6-8 dəfə çoxdur. Fiziki aktivlik artdığı zaman nəbz 200-ə qədər arta bilər.

Orqanizmdə  olan qan damarları təxminən 100.000 kilometrdir.

Orqanizmdə qanın dörddə bir hissəsi əzələlərin tərkibində, digər dörddə bir hissəsi böyrəklərdə, 10 %-i qara ciyər, 8% beyin, 4%-i ürəyi qidalandıran qan damarlarında, 13%-i isə digər orqanlarda yerləşir.

Bir dəqiqə ərzində insan beynində 740-750 millilitr qan axır. 13 yaşından etibarən insanda hər gün 30-50 min sinir hüceyrələri ölür və nəticədə  beynin həcmi zaman keçdikcə kiçilir. Yaş ötdükcə beynin təkcə həcmi deyil, hətta forması da dəyişir.

İnsan dərisi orta hesabla iki kvadratmetr təşkil edir. Bir dəqiqədə dəridən 460 millilitr qan keçir.  Dəridə 250 min soyuq reseptorları, 30 min istilik reseptorları, bir milyon ağrı sonluqları, yarım milyon toxunma hissi reseptorları, üç milyon isə tər vəziləri yerləşir.

Orta saç sayı hər bir insanda fərqlidir: sarışın insanlarda 140 min, qarabuğdayılarda 102 min, şatenlərdə 109 min saç sayı vardır. Saçlar sutka ərzində 0,35-0, 40 millimetr uzanır.

Könül Əliyeva, “İki sahil”