21 iyun 2021 14:53
1324

90 yaşlı bu təqaüdçü gənclərdən daha fəaldır - FOTO

Fiziki məşqlər bir tərəfə, 90 yaşlı insanların çoxu hətta güclə yeriyir. Ancaq 90 yaşlı Takisima Mika təkcə gündəlik fitnes rejiminə ciddi şəkildə əməl etmir, o, həm də faktiki olaraq idman zalında fitnes-intstruktor kimi çalışır.

Çoxumuz üçün "yaş sadəcə rəqəmlərdir" ifadəsi artıq köhnəlmiş bir şablondur, lakin Takisima Mika kimi insanlar buna sübutdur. Yanvarın 15-də 90 yaşı tamam olmuş bu şən təqaüdçü, əksər 20 yaşlılardan daha aktivdir və formadadır.

Yaponiyada ən yaşlı fitnes-instruktoru sayılan Takisima öz fiziki forması, gözəl gülüşü, pozitiv əhvalı ilə məşhurluq qazanıb.

 Lakin o, həmişə belə olmayıb, 65 yaşından sonra həyatı bu yöndə dəyişib. Ondan əvvəl artıq çəkili bir qadın olan Takisima Mika evdar xanım idi və fiziki məşqlərə həvəsi belə yox idi.
“Onda mənim bədən ölçüm indikindən iki dəfə artıq idi. Bir dəfə həyat yoldaşım çəkimlə bağlı şikayətləndi və mən idman zalına üz tutmaq qərarına gəldim. Məqsədim təkcə çəkimi azaltmaq idi, ancaq idmanı necə sevdimsə, həyatım tamamilə dəyişdi”,-deyə o müsahibəsində bildirib.

 Xatırladaq ki, inanmaq çətin olsa da, Takisima idman zalına ilk dəfə gələndə 79 yaşı var idi və 8 ilə tamamilə idmançıya çevrildi.

Bundan əlavə, 90 yaşlı qadın idmançı axşamlar təxminən saat 11-də yatdığını və gecə saat 3-də oyandığını açıqlayıb. 4 saat yuxu ilə kifayətlənən Takisima yuxudan oyanan kimi 4 kilometrlik piyada yürüşə yollanır, qayıdarkən tutumlu bir səhər yeməyi yeyir və ev işləri ilə məşğul olur. Bəzən televizora da baxdığını, lakin bu zaman mütləq kürəyini tamamilə düz saxladığını vurğulayıb. Yüngül günorta yeməyindən sonra isə o, intensiv olaraq məşqlərə başlayır.
Yaponiyanın ən yaşlı fitnes məşqçisinin hazırda bir məqsədi var: hər kəsə yaxşı formada qalmaqda kömək etmək və 100 yaşını da bu işində keçirmək.

Nubar Süleymanova, “İki sahil”