Norveçin şimalında balıqçılıq qəsəbəsi olan Henninqsver dünyanın ən gözəl futbol meydançalarından birinə ev sahibliyi edir. Ölkənin Nordland bölgəsindəki Voqan bələdiyyəsinə tabe olan bu balıqçı qəsəbəsi Henninqsver Lofoten arxipelaqlarının ən məşhurlarından biridir. Təxminən iki min insanın yaşadığı qəsəbə dünyada öz stadionu ilə də tanınır. Qaya üzərində inşa edilən stadion, dünyada futbolun oynandığı ən gözəl yerlərdən biri hesab olunur.
“İki sahil” Norveçin bu maraqlı stadionu haqqqında məlumatları oxucularına təqdim edir:
Futbol dünyanın maraqlı idman növlərindən biridir. Planetin dörd bir yanından on minlərlə insanı birləşdirən nəhəng stadionlar memarlıq baxımdan yüksələrkən dünyanın ucqar yerlərində də bu idmana könül verənləri cəlb edəcək futbol meydançaları var. Dünyanın ən inkişaf etmiş ölkələrindən olan Norveç cəlbedici bir stadiona malikdir. Bu stadion nə memarlıq, nə də tamaşaçı tutumu ilə fərqlənmir. Henninqsver stadionunun maraqlı tərəfi yerləşdiyi yer və sahib olduğu bənzərsiz mənzərəsidir. Stadionun qaya üzərində qurulması üçün sütunlar quraşdırılıb. Bu qəsəbə Norveçin Lofoten bölgəsinin ən tanınmış yerlərindən biridir. Çoxsaylı kiçik adalardan ibarət olan bu yer, balıqçı qayıqları qədər nəhəng kruiz gəmilərinin də ən çox sevilən marşrutlarından biridir. UEFA-nın da marağını cəlb edən bölgədə daha əvvəl sənədli film də çəkilib. Henninqsver stadionundan bəhs olunan sənədli filmdə bölgənin təbiəti də ətraflı şəkildə təsvir edilib. Sənədli film buranın daha böyük nüfuzua sahib olmasında başlıca rol oynayıb. Son dövrlərə qədər balıqçı qəsəbəsi olan Heninqsver UEFA-nın "Biz güclü oynayırıq" sənədli filmindən sonra qazandığı şöhrəti müxtəlif reklam çəkilişləri ilə də daha da möhkəmləndirib. Bu da kiçik balıqçı kəndinə daha çox marağın olmasına səbəb olub.
Ümumi əhalisi 1700 nəfər olan qəsəbə digər şimal bölgələrində olduğu kimi rəngli evlərə sahibdir. Şimal memarlığının xüsusiyyətlərini əks etdirən bu evlərin bəziləri bölgəyə maraq artırdıqdan sonra yataqxanalara çevrilib. Bölgəyə gəlmək və günlərini burada keçirmək istəyənlərin sayı heç də az deyil. Norveçin bu bölgəsində qış fəsli çox sərt keçir. Buna görə də qışda bura səyahət etmək uyğun vaxt deyil. Bölgə həm təbiət həvəskarlarının, həm də sənədli filmin də təsiri ilə futbol azarkeşlərinin marağını çəkir. “Henninqsver IL” klubu oyunlarını eyni adlı stadionda oynayır və az da olsa azarkeş qrupuna malikdir. Ancaq kənd əhalisini nəzərə alsaq bu rəqəm qənaətbəşdir. Adalar arasında yaşıl ot örtüyü ilə söz sahibi Henninqsver stadionu havadan çəkiliş ilə başqa gözəlliyə bürünür. Norveçin şimalında yerləşdiyinə görə getməyin çətin olduğu bu yerə ən rahat yol gəmi yoludur. Buraya səyahət etmək insana qeyr-adi gözəllik vəd edir.
Vüsal Cahanov, “İki sahil”