22 iyun 2021 17:48
1334

Poetik çalarla zəngin, dərin məzmunlu fəlsəfi fikirlərin ziyasında...

Azərbaycan ədəbiyyatı üfüqlərində əbədiyyət günəşi kimi parlayan görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin geniş şəkildə qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalanması bütün ədəbiyyatşünaslar, nizamisevərlər, söz dəyərini bilənlər tərəfindən rəğbətlə qarşılanıb. Muxtar respublikamızda da böyük şairin həyat və yaradıcılığına həsr olunan müxtəlif səpkili tədbirlər keçirilməkdədir. Biz də bu əlamətdar hadisə ilə bağlı, dəyərli söz ustadının fəlsəfi fikir dünyasına azacıq da olsa, işıq salmaq naminə redaksiyamıza Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyevi, filologiya elmləri doktoru, professor Sədaqət Həsənovanı, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru, şair Kamal Xanəgahlını və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Fərəcovanı dəvət etmişik.

Hər birinizi redaksiyamızda xoş gördük. Bildiyimiz kimi, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub, artıq ötən müddət ərzində görkəmli şairin həyat və yaradıcılığının gənc nəsil arasında təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib, layihələrə start verilib. Asim müəllim, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri olaraq ilk sualımızı məhz sizin cavablandırmağınızı istərdik. Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi kimi bu əlamətdar hadisəni necə xarakterizə edərdiniz?

Asim Əliyev: – Azərbaycan ədəbiyyatının ölməz korifeyləri içərisində Nizami Gəncəvinin özünəməxsus yeri var. Ustad şairimiz dünya poeziyasında heç kəslə müqayisə olunmur. Çünki Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardan olan Nizami Gəncəvi “Poeziya günəşi” adlandırılıb, öz sağlığında geniş şöhrət qazanıb, Yaxın və Orta Şərqdə şeirin əbədi taxtında əyləşən qüdrətli söz ustası kimi tanınıb. Sonrakı dövrlərdə dünyanın bir sıra qüdrətli şair və yazıçıları da Nizami Gəncəvinin sənəti qarşısında ehtiramla baş əyiblər. Şair bütün əsərləri ilə insanlığa gözəl həyat həqiqətləri, nəcib duyğular aşılayır. Nizami əsərlərindəki ideal insanın daxili, xarici, mənəvi, fiziki və ictimai gözəlliyi, əzəməti oxucunu daim düşündürür.
Nizami Gəncəvi Azərbaycan ədəbiyyatında elə bir ədəbi məktəb yaradıb ki, bu məktəbin hər bir nümayəndəsi yeni ədəbi məktəb yaratmaq gücündə olub – Nəsimi, Füzuli, Dəhləvi, Nəvai kimi...

Adıçəkilən Sərəncamda qeyd olunduğu kimi Nizami Gəncəvi irsinə Azərbaycanda həmişə xüsusi diqqət göstərilmişdir. Şairin 800 illik yubileyi İkinci Dünya müharibəsi illərində – 1941-ci ildə blokadada yaşayan Leninqradın məşhur Ermitaj muzeyində, müharibə qurtardıqdan iki il sonra – 1947-ci ildə böyük təntənə ilə Moskvada və Bakıda qeyd olunmuşdur. Görkəmli sənətkarın 840 illik yubileyinin keçirilməsi isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sərəncamda deyildiyi kimi, ölməz sənətkarın 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi də məhz ölməz sənətkarın irsinə sevgi və məhəbbətin növbəti bariz ifadəsidir.

Əvvəlki yubiley tədbirlərini, görülən işləri sadaladınız. Yeri gəlmişkən, bəs 880 illikdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi “Nizami Gəncəvi ili”ni layiqincə qeyd etmək məqsədilə hansı tədbirləri reallaşdırmağı qarşıya məqsəd qoyub?

Asim Əliyev: – Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə indiyə kimi bir sıra tədbirlər keçirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda “Nizami Xəmsəsi” layihəsi çərçivəsində bir neçə tədbir təşkil olunub. Kəngərli və Şərur rayonlarının ağsaqqalları, ziyalıları, gəncləri ilə görüşlər keçirilib. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Şərq poeziyasının günəşi” adlı ədəbi-bədii tədbir də yaddaqalan olub. İlin sonuna kimi bu istiqamətdə tədbirlərimizi Şahbuz, Culfa və Sədərək rayonlarında da keçirəcəyik. Naxçıvan Dövlət Universitetində isə payız aylarında “Poeziya axşamı” təşkil etməyi nəzərdə tutmuşuq.

Dünya fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini ecazkar, dərin məzmunlu söz sənəti inciləri ilə bəzəyən görkəmli sənətkarın əsərlərinin əsas ideyasını milli-mənəvi dəyərlərimizin təbliği təşkil edib. Bu mənada, Nizami yaradıcılığının özü onun Azərbaycan xalqına məxsusluğunu bir daha təsdiqləyir...

Sədaqət Həsənova: – Asim müəllimin sözünə qüvvət, həqiqətən də, Nizami Gəncəvinin yazdıqları milli təfəkkürün məhsuludur. Əvvəla, şairin əsərlərindəki adət-ənənələr, tərbiyəvi məsələlər, əxlaqi-etik örnəklər, qonaqpərvərlik, dialoq mədəniyyəti və digər xarakterik xüsusiyyətlər Azərbaycan xalqına məxsusluğu ilə səciyyəvidir. Şairin maraqlı və orijinal fikirlərindən dünyanın tanınmış adamları da istifadə ediblər. Həmin fikirləri ya özlərininki kimi qələmə verib, ya da başqaları onların adına yazıblar. Məsələn, İkinci Dünya müharibəsindən danışan tarixçilər dəfələrlə qeyd ediblər ki, insanlar V.İ.Leninin “Biz hərb istəmirik, ancaq hərbə hazırıq!” devizi ilə alman işğalçılarına qarşı döyüşlərə atılırdılar. Lakin həmin fikrə biz Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında rast gəlirik: “Elə bilmə ki, döyüşdən qorxuruq, biz hərbə hazırıq”. Bundan başqa, şairin həmin əsərdə təsvir etdiyi “Xoşbəxtlər ölkəsi” ideyası da başqaları tərəfindən mənimsənilmişdir. Məlumdur ki, marksizm-leninizm ideyalarının ən böyüyü kommunizm idi ki, hamının eyni səviyyədə yaşayışına “əsaslanırdı”. Həmin ideya da Nizamiyə aiddir. İsgəndərin rast gəldiyi yerdə hamının varı bərabər idi, insanlar xoşbəxt yaşayır, qazandıqlarından qocalar, uşaqlar, qonaqlar, şikəstlər üçün pay ayırır, sonra onları öz aralarında bərabər bölürdülər.

Görkəmli söz sərrafı həm də dövrünün bir sıra yaradıcı insanlarından fərqli, maraqlı həyatı ilə diqqətləri çəkib. Belə ki, bəzi mənbələrdə dahi sənətkar saray şairi olmaqdan qətiyyətlə imtina edib. Nizaminin halal zəhməti ilə dolanması barədə faktlar, fərziyyələr təsdiqini tapsa da, ömrünün sonunadək Gəncədə yaşaması, ondan kənara çıxmaması ilə bağlı fikirlər, mülahizələr bir qədər ziddiyyətlidir...

Kamal Xanəgahlı: – Bəli, haqlısınız. Məlumdur ki, Nizami Gəncəvi yaradıcılığı rəmzi məna kəsb edən fikirlərlə zəngindir. Məsələn, şairin Şirvanşah Axsitana ithaf etdiyi “Leyli və Məcnun” əsərinin “Məcnunun ulduzlara şikayəti” hekayətində Atabəylər dövlətinin hökmdarı Qızıl Arslanın adını çəkməsi olduqca maraqlı faktlardan biridir. Bu hekayətdə bəhs edilən ulduz adlarını, müxtəlif əlamətləri tarixi hadisələr və yer adları ilə ifadə etdikdə görürük ki, Nizami adıçəkilən poemasında fərqli, gizli mənalarla Atabəylərin əsas iqamətgahlarından olan Əlincəqalaya gəlməsi, burada Qızıl Arslanla görüşməsi barədə məlumat vermişdir. Fikrimizcə, bu məlumatların gizli mənalarla ifadə edilməsinin əsas səbəbi o dövrdə hökmdar saraylarında yaşanan ictimai-siyasi münasibətlər də ola bilərdi. Hətta “Leyli və Məcnun” poemasında olan gizli-rəmzi ifadələr Nizami Gəncəvinin Əlincəqalaya atla gəlməsini, “Şah taxtı” adlanan yerdə Qızıl Arslanla görüşməsini, bu zaman şairlə buraya gəlmiş başqa bir nəfərin də olması ilə bağlı ehtimallarını irəli sürür. Həmin şəxs, fikrimizcə, onun oğlu Məhəmməd olmuşdur. Ehtimal ki, şair himayəyə götürməsi üçün Məhəmmədi Qızıl Arslana təqdim etmiş, Qızıl Arslanın ölümündən sonra onu Şirvanşah Axsitanın sarayına göndərmişdir. Şirvanşah Axsitanın ölümündən sonra isə Məhəmməd yenidən atasının yanına qayıtmışdır.
Nizami Gəncəvi yaradıcılığında olan bu ibarələri tarixi faktlarla qarşılaşdıranda böyük sənətkarın Naxçıvana - Əlincəqalaya gəlməsi fikrini təsdiqləmək üçün əsas yaranır. Dahi şairin ömürboyu Gəncə torpağından kənara getməməsi fikri ehtimaldır. Onun əsərlərində olan fikirlər əsasında müəyyənləşdirmək olur ki, şair Naxçıvan torpağına xüsusi sayğı duymuş, bu torpağı Nuh Peyğəmbərin ayaq basdığı müqəddəs məkan kimi təsvir etmiş, Naxçıvana gəlmiş, buranın tarixini mükəmməl bildiyi üçün əsərlərində Naxçıvan torpağı barədə maraqlı məlumatlar vermişdir.

Böyük şairimizin əsrlərdən bəri yaşayan, dərin fəlsəfi fikirlərlə dolu söz xəzinəsi həm də müxtəlif dövr tədqiqatçılarının əsas araşdırma mövzularından olub. Müasir dövrdə də bu aktual mövzu ədəbiyyatşünas alimlərin diqqətindən kənarda qalmayıb. Bu sahənin tədqiqatçısı kimi, yəqin ki, araşdırma zamanı siz də görkəmli mütəfəkkirin həyat və yaradıcılığı barədə maraqlı faktlarla rastlaşmısınız...

Sədaqət Həsənova: - Qeyd etdiyiniz kimi, Nizami Gəncəvinin yaradıcılığı müxtəlif dövr ədəbiyyatşünas alimləri tərəfindən çox sayda araşdırmaların mövzusu olmuş, şairin həyat və yaradıcılığı haqqında bir-birindən qiymətli fikirlər söylənmişdir. Lakin görkəmli sənətkarın dilçilik elmi tərəfindən araşdırılması haqqında bu sözləri deyə bilmirik. Yəni həmin mövzu ilə bağlı tədqiqatlar ədəbiyyat sahəsində olduğu qədər çox deyil. Bunu, əsasən, şairin fars dilində yazması ilə bağlayırlar və bu səbəbdəndir ki, Azərbaycan ədəbi dili tarixinə aid yazılan kitab və məqalələrdə Nizamiyə yanlış olaraq layiqincə yer verilmir...

Halbuki şairin milli sözlərimizi işlədərək dilimizin leksik-qrammatik vahidlərini ədəbi dil faktları səviyyəsinə qaldırması dilimizə çox yüksək münasibətin nəticəsi kimi dəyərləndirilməlidir...

Sədaqət Həsənova: – Bəli, təkcə söz və dil haqqındakı fikirləri kifayətdir ki, Nizami Gəncəvi dilçilik elmi tərəfindən araşdırılsın. Bundan başqa, nitq mədəniyyətinin mühüm amili olan dialoqun ən gözəl örnəklərini yaradan şair dilçilər tərəfindən mütləq tədqiq olunmalıdır. Nizami Gəncəvi ədəbi aləmə gətirdiyi yeniliklərlə yanaşı, əsərlərindəki dialoq mədəniyyəti ilə seçilən söz ustalarındandır. Onun dilində dialoqun əvəzsiz məqamları vardır. Bu anlamda, “Sultan Səncər və qarı hekayəti”, “Kərpickəsən qocanın hekayəti”, “Zalım padşahla düz danışan kişinin dastanı”, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” və digər mənzum hekayələrin dili diqqəti çəkir.

Şairin ən mükəmməl dialoq nümunələrindən biri “Xosrov və Şirin” poemasında Xosrovla Fərhad arasındakı mükalimədir. Nizami Gəncəvi yaradıcılığında dialoqların əksəriyyəti ədalət, bərabərlik, qarşılıqlı ehtiram üzərində qurulmuşdur və dilçilik elminə tədqiqat mövzusu verən maraqlı məsələlərdəndir...

Məktəb illərimiz yada düşəndə sevə-sevə mütaliə etdiyimiz, mənəvi dünyamızı kamilliklə zənginləşdirən yaradıcılıq nümunələri sırasında böyük şairimizin “Xəmsə”yə daxil olan beş mükəmməl poeması xatirimizdə canlanır. İlahə xanım, maraqlıdır, bəs bu gün məktəblərimizdə şagirdlərə Nizaminin ədəbi irsi necə aşılanır?

İlahə Fərəcova: – Nizami Gəncəvinin əsərləri pedaqoji prosesdə tərbiyə vasitəsi səviyyəsindədir. Dahi sənətkarın “Sirlər xəzinəsi”nə daxil olan məqalələr və hekayətlərinin bir qismi proqrama salınıb, “Yaralı bir uşağın dastanı”, “Sultan Səncər və qarı” əsərləri tədris olunur.

Bu irsi şagirdlərə aşılamaq müəllimlərin vəzifə borcu olmaqla yanaşı, həm də mənəvi borcudur. Məhz bu məqsədlə Nizaminin əsərlərindən parçalar şagirdlər tərəfindən səhnələşdirilir, onun əsərlərinin süjetləri əsasında şəkillər çəkilir, təqdimatlar hazırlanır və sənətkarın əsərləri əsasında hazırlanmış səhnəciklər şagirdlərə göstərilir. İbtidai siniflərdə uşaqlara şairin poeziyasından sadə nümunələr onların yaş səviyyəsinə uyğun olaraq öyrədilir. Çalışdığım Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə ötən dövrdə mövzu ilə bağlı dəyirmi masa və debatlar təşkil olunub, “Nizami Gəncəvi – 880” adı altında tədbir keçirilib. Həmçinin “Nizami Gəncəvi: bəşəriyyətin bədii fikir tarixində yeni səhifə açmış dahi sənətkar” və “Nizami Gəncəvi yaradıcılığı insanlığa və ədalətə çağırış” mövzularında müzakirələr aparılıb.

Aprel ayı – mütaliə aylığı çərçivəsində mütaliəni sevən şagirdlərimiz arasında “Ən yaxşı təqdimat” və “Nizami dünyası” adlı müsabiqələr keçirilib. İlin qarşıdakı dövründə də belə tədbirləri davam etdirmək nəzərdə tutulub.

Yaradıcılığa lirik şeirlərlə başlayan, böyük divan yaradan, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənən, mükəmməl “Xəmsə”si ilə böyük irs yadigar qoyan, bütün bu nailiyyətləri cəmi 68 illik ömrə sığdıran dahi şair yaradıcılığı boyu insanları kamilliyə səsləyən mütərəqqi ictimai-fəlsəfi fikirlər irəli sürüb, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri, həyat amalına çevirdiyi ədalət prinsipi, milli kökə bağlılıq ideyası ilə bütün dövrlərdə aktuallığını, müasirliyini qoruyub saxlayıb…

Kamal Xanəgahlı: – Nizami Gəncəvi yaradıcılığının zahiri və batini mənaları var. Zahiri mənada şair poemalarında nə qədər ayrı-ayrı mövzulardan bəhs etsə də, batini mənada “Xəmsə” bir əlin beş barmağı kimi bir-birinə bağlıdır. Bu mənada, “Xəmsə”də müxtəlif insanların kamilliyindən bəhs edilsə də, bütün kamil xüsusiyyətlər bir insanda cəmləşdirilir. Yəni Nizami Gəncəvinin kamil insanı öz kamilliyi ilə seçilən obrazların müsbət xüsusiyyətlərini özündə cəmləşdirən insandır. Şairin bəhs etdiyi məhəbbət ilahi məhəbbətdən, humanist fikirləri bəşəri ideyalardan, düşüncələri isə milli kökə bağlılıqdan qaynaqlanır. Bu mənada, dahi şairin yaradıcılığı təkrarsızdır.

Böyük şairin əsərlərini mütaliə etdikcə doğma Azərbaycan dilinin bədii, qrammatik xüsusiyyətlərinin, nitq qanunauyğunluqlarının da öz əksini tapdığı aydın olur...

Sədaqət Həsənova: – Bəli, Nizami Gəncəvinin əsərlərində çox sayda türkmənşəli, Azərbaycan dilinin qanunauyğunluqlarını əks etdirən sözlərlə qarşılaşırıq. Ustad sənətkarın fikrincə, dünyadakı bütün yaxşılıqlar türklərə xasdır. “Xəmsə”yə daxil olan ilk poemasından başlayaraq şair bütün əsərlərində öz xalqına ehtiramını ifadə etmişdir. “Sirlər xəzinəsi” poemasında dəfələrlə “türk” sözünü işlətmiş, hətta bənzətmələrində milli mənsubiyyətini tez-tez xatırlatmışdır. Məsələn, yasəməndən bəhs edərkən onu türklərin döyüşçü çadırına bənzədir ki, həmin çadır aypara şəklində olmuşdur. Hətta şairin dilində “türk yasəmən” adlı söz birləşməsi ilə qarşılaşırıq ki, bu məcaz yalnız Nizamiyə aiddir və onun əsərlərində qəlibləşmiş bədii üslub faktlarından biridir.

Muxtar respublikamızda hər il gənclərdə kitaba maraq yaratmaq, mütaliə mədəniyyəti formalaşdırmaq, oxu vərdişləri aşılamaq üçün müxtəlif layihələr keçirilir. Ali Məclis Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”nda dahi şairin “Sirlər xəzinəsi”, “Nizaminin hikmət və nəsihətləri” də yer alıb...

İlahə Fərəcova: – Həmin əsərlərin şagirdlərimiz arasında müzakirələri təşkil olunur və onlara izah edilir ki, Nizami Gəncəvi kamil insan formalaşdırır. Dahi sənətkarın əsərlərindəki işıq qəlblərə axdıqca dünyamız da işıqlanır. Məhz elə biz müəllimlər də Vətənimiz, millətimiz üçün əsl şəxsiyyət formalaşdırmaq məqsədilə gələcək nəsilləri Nizaminin hikmət və nəsihətləri ilə tərbiyə etməli və daim mütaliəyə istiqamətləndirməliyik...

Tarixə nəzər salanda görürük ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı hər zaman zəngin dəyəri, fəlsəfiliyi, müfəssəlliyi ilə seçilib, bu günədək əksər yazıçı və şairlərin dünyasına əsaslı surətdə təsir göstərib, qələm sahibləri bu ədəbiyyat dühasının söz ümmanına müraciət ediblər. Bu mənada, Naxçıvan ədəbi mühiti, muxtar respublikada yaşayan yazıçı və şairlər də Nizami Gəncəvi dünyasından bəhrələnib, bu dəyərli mirasdan özlərinə pay əxz ediblər...

Asim Əliyev: – Nizami Gəncəvi səkkiz əsrdən artıqdır ki, sözün hökmdarıdır. Naxçıvan ədəbi mühitinin yetirmələri olan şairlər də onun yaradıcılığından ilham alaraq bədii əsərlər yaradıblar. Heyran xanımdan, Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri olan klassik şairlərdən, Hüseyn Caviddən üzübəri qədim Naxçıvanın söz-sənət adamları Nizami irsindən bəhrələnərək gözəl qəzəllər, rübailər, poemalar yazıblar. Hüseyn Razi, Əliyar Yusifli, Hüseyn Əzim, Adil Qasımlı, Kəmalə Ağayeva, Elman Həbib, Vaqif Məmmədov, Muxtar Qasımzadə və onlarla şairimizin yaradıcılığında gözəl poemalara, qəzəllərə, rübailərə rast gəlirik ki, bu bizim Nizami Gəncəvi irsindən bəhrələnməyimizə əyani sübutdur. Mən də bir şair kimi ustadımızdan bu gün də öyrənirəm.

Nizami Gəncəvi bizim həm keçmişimiz, həm müasirimiz, həm də poeziya aləmində bu gün də yol göstərənimizdir...

– Qüdrətli söz ustadının çoxcəhətli, dərin məzmunlu həyat və yaradıcılıq yoluna, sənət dünyasına qısa da olsa, nəzər salmaqdan ötrü dəvətimizi qəbul edib redaksiyamıza gəldiyiniz üçün hər birinizə minnətdarlığımızı bildirir, “Nizami Gəncəvi ili”ndə peşə, sənət sahəsindən asılı olmayaraq, görəcəyiniz bütün işlərdə uğurlar arzulayırıq...

Nail ƏSGƏROV