22 iyun 2021 20:11
852

Ordu quruculuğu: səmərəli islahatlar, uğurlu nəticələr və Böyük Qələbəyə aparan yol

Azərbaycanda ordu quruculuğunun istənilən dövrü ərzində Azərbaycan xalqı mürəkkəb, ziddiyyətli, eyni zamanda şərəfli bir yol keçib. Müxtəlif dövrlər ərzində Azərbaycan xalqı müxtəlif siyasi sistem və şəraitlərdə yaşamalı olmuş və çətin sınaqlarla qarşılaşmışdır. Ötən müddət ərzində Azərbaycanın milli hərbi kadrlarının yetişməsi, onun milli ordu quruculuğu tarixi də bu siyasi sistemlərin təsiri altında formalaşıb. Ona görə də Azərbaycan Ordusunun 103 illik tarixi enişli-yoxuşlu bir tarixdir və onun obyektiv şəkildə öyrənilməsi kifayət qədər aktual bir məsələdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müxtəlif çıxışlarında hərb tariximizin son bir əsrlik dövrünün bütün mərhələləri haqqında maraqlı fikirlər söyləyib, bu dövrlərə hərbi-siyasi qiymət verib və onların obyektiv təhlilini aparıb.

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.

Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 18 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması idi.

Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda da görmüşdülər. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir.

44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu. Doğrudur,  2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.

Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.

Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu. Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı olan Şuşanın azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Şuşanın azad edilməsi ilə Ermənistan Prezident  İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atdı.
Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.

Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.

Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Onun qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu inkişafının yeni bir səviyyəsinə yüksəlib. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilib.

Ələkbər Mirzəyev,

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü