23 iyun 2021 11:46
587

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir

Keçmişdən indiyədək bütün pandemiyalardan və ya kütləvi infeksiyalardan yeganə çıxış yolu vaksinasiya olub. Elə indi də koronovirusla mübarizədə ən effektiv üsul məhz vaksinləmədir. Dünyada vaksinasiya prosesinə start verildikdən sonra  pandemik durumun dəyişməsi və müəyyən pozitiv nəticələrin əldə olunması da bunun sübutudur. Ölkəmizdə də vaksinasiya prosesi ilin əvvəlindən başlanmış və artıq 2,9 milyon insan vaksin olunmuşdur. Bununla yanaşı, koronovirus infeksiyasının ölkəmizin ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul edilən qərarlar və onların icrasına ciddi nəzarət, vətəndaşlar tərəfindən tələblərə ciddi riayət olunması da Azərbaycanda epidemioloji vəziyyətin dəyişməsinə gətirib çıxarmışdır.

Hazırda respublikamızda vaksinasiya prosesi uğurla davam etdirilir və vətəndaşlara vaksin növü ilə bağlı verilən seçim imkanları da artırılır. Ölkəmizdə “AstraZeneca”, “Pfizer”, “Sinovac” və “Sputnik V” peyvəndləri istifadə olunur. Sözü gedən vaksinlərin hər biri dünya standartlarına cavab verən, effektivlik faizi yüksək vaksinlərdir. Sinovacın effektivliyi 97 faiz göstərici ilə dünya mütəxəssisləri tərəfindən sübut olunub. “Pfizer” isə 43 mindən çox şəxs üzərində test edildikdən sonra 95 faiz qorunma qabiliyyətinə malik olduğu isbat olunub. “Sputnik V” və “Astrazeneca” isə dünyanın bir çox ölkələri tərəfindən lisenziyaya sahib peyvəndlərdir.

Bildiyimiz kimi Azərbaycanda koronavirus pandemiyasına qarşı vaksinasiya kampaniyası bu ilin 18 yanvar tarixində başlamış, mərhələli şəkildə və könüllülük prinsipi əsasında aparılmaqdadır. İlk olaraq səhiyyə və hüquq-mühafizə orqanlarının əməkdaşları, daha sonra mərhələli olaraq 65 və yuxarı yaş həddində olanlar, 50 - 40 yaş həddində olanlar vaksinləşmə prosesinə cəlb olundu. Hal-hazırda isə 18 və yuxarı yaş həddində olan şəxslərin vaksinləşməsi həyata keçirilir. Bu prosesin ilk günlərində bir çox insan tərəddüd, ehtiyat edirdisə hazırda vaksin vurdurmaq üçün müraciət edənlərin sayı günbəgün artmaqdadır. Qeyd edək ki, insanların vaksin olunmasından sonra iki amil ortaya çıxır: rahat həyat fəaliyyətini qurmaq və xəstəlikdən özünü və ətrafını qorumaq. Bunların hər ikisi olduqca vacib elementlərdir. Bəli, vaksin vurdurmaq ilk növbədə insanın şəxsi işi kimi görünsə də əslində bu eyni zamanda insanın yaxın ətrafını qoruması üçün də atılan addımdır. Çünki pandemiyaya yoluxan hər bir şəxs eyni zamanda daşıyıcı xüsusiyyəti də daşıyır. Beləliklə, pandemiyaya yoluxan şəxs özü ilə birgə  bəlkə də onlarla insanın həyatına da təsir edir. Çünki, şəxsin özü sağlam immunitetə malik olduğu halda bir neçə günlük müalicə ilə sağala və aktiv həyatına davam edə bilər amma onun yoluxdurduğu hər hansı bir şəxs həssas kateqoriyadan olarsa onun üçün bu, həyati risk səbəbi ola bilər. Buna görə də hər kəs özü ilə birgə ailəsinin, yaxınlarının sağlamlığını düşünməli və ilk növbədə pandemiyaya yoluxmamağa çalışmalı və bunun üçün lazımi diqqəti göstərməli, daha sonra isə vaksin olunaraq riski minimuma endirməlidir.

Qeyd etmək istərdim ki, indiyədək ölkə əhalisinin 20 faizdən çoxu vaksin olunaraq koronovirus əleyhinə müdafiə mexanizmini həyata keçirmişdir. Ölkəmizdə peyvəndləmənin nəticəsini artıq görməyə başlamışıq. Belə ki, hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, gündəlik yoluxma sayları azalıb, ölüm sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına nəzərə salsaq  bu nəticələri nəinki ölkəmizdə bütün dünyada da görmüş olarıq. Şübhəsiz ki, bu gün müşahidə olunan rəqəmlər, yoluxma hallarının azalması hər birimizi sevindirir. Ancaq əlbəttə ki, arxayınlaşmaq və pandemiyanın tamamilə bitdiyini düşünmək üçün hələ çox tezdir. Karantin rejiminin tələblərinə, müvafiq qurumların təlimatlarına riayət etmək, eyni zamanda, peyvəndin əhəmiyyətini də düzgün qiymətləndirmək  hələ də ən vacib məsələlərdən biridir. Operativ Qərargahın iyunun 10-da bəzi ictimai iaşə müəssisələri, ticarət mərkəzləri habelə “Mall”ların fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarı da belə düşünməyə əsas verir. Ölkəmizdə daha əvvəl baş verən yumşalmalarda olduğu kimi yenidən yoluxma saylarının artmaması üçün qaydalara daha ciddi şəkildə riayət etməyə davam etməli və vaksin olunmağı əsas vəzifə olaraq qəbul etməliyik. Əgər vaksinasiya prosesində insanların böyük əksəriyyəti iştirak edərsə, virusa qarşı hər bir insanda immunitet formalaşarsa, o zaman normal həyata qayıtma prosesimiz də sürətlənə bilər. Bununla da cəmiyyət olaraq pandemiyaya qalib gələ və “ənənəvi” həyatımıza dönüş edə bilərik.

Azad Namazov,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri