Orfoepiya normaları ədəbi dilin strukturu ilə bağlıdır. Bu norma ədəbi dilə daxil olan bütün sözlərin nitqdə düzgün tələffüzünü təmin edir. Yazılı ədəbi dilin normaları olduğu kimi, şifahi ədəbi dilin də normaları vardır. Yazılı ədəbi dilin normaları tam müəyyənləşdirilib və bu sahədə xeyli işlər görülüb. Lakin şifahi ədəbi dilimizin normalarına riayət etmək və bu sahədə qaydalar yaratmaq uzun illərdir vacib məsələlərdən biri idi. Bu baxımdan “Azərbaycan dilinin orfoepiya normaları”nın Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilməsi böyük əhəmiyyət kəsb edir. “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən işlənilib hazırlanıb.
Orfoepiya normaları şifahi nitqi tənzimləyir. Eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol vermir. Müasir dövrdə tələffüzünün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Tələffüz nümunəvi nitqin mühüm amilidir.
Dilimizin yazılı və şifahi normaları arasında xüsusi fərqlərin olmasına baxmayaraq, yazılı dilin normalarını orfoepik normalardan ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, B.Çobanzadə 1920-ci illərdə orfoqrafiya məsələlərinin nizama salınmasında tələffüzün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Orfoepiyanın böyük ictimai əhəmiyyətini vurğulayan alim qeyd edib ki, hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Müasir dövrümüzdə mətbuatın, təhsilin kütləviləşməsi nəticəsində tələffüz normalarına xüsusi önəm verilir. Orfoepik normalar ekran, efir dilində sözün səlis tələffüzünü təmin edir. Yeni hazırlanan orfoepiya normaları televiziya və radio sahəsinə öz müsbət təsirini göstərəcəkdir. Dildə gedən proseslərlə cəmiyyətin inkişafı arasında sıx əlaqə vardır. Bu gün mətbuatın televiziya və radio sahəsində ədəbi dilin şifahi qolu yeni keyfiyyət qazanır. Ünsiyyət zamanı nitqin qavranılması üçün düzgün tələffüz əsasdır. Düzgün nitq ədəbi dilin normalarına uyğun bir nitqdir.
Onun sözlərinə görə, ədəbi tələffüz normalarına riayət edən şəxslərin nitqi mükəmməl olur. Şifahi nitqin inkişafı üçün orfoepiya normalarının xüsusi əhəmiyyəti vardır. Hər bir şəxs fikrini necə şərh edirsə etsin, orfoepik normalara riayət etməlidir.
Orfoepiya üzrə işlər həm nəzəri, həm də praktiki istiqamətdə aparılır. Qeyd edək ki, orfoepiya lüğətlərinin də tarixi qədim deyildir. Nəsimi adına Dilçilik
İnstitutunun qarşıda duran əsas vəzifələrindən biri “Orfoepiya lüğəti”nin çapa hazırlanmasıdır. Bu istiqamətdə ciddi işlər görülür.
Təranə Şükürlü,
Filologiya üzrə fəlsəfə doktoru, dosent