24 iyun 2021 15:40
761

İranın Ermənistana münasibətdə öz mövqeyinə korrektələr edəcəyinə ümid edirik

“İran İslam Respublikası qonşu dövlət olmaqla yanaşı məlumdur ki, orada 30 milyondan artıq soydaşımız yaşayır. Ən azı bu səbəbdən  iyunun 18-də İranda keçirilən prezident seçkiləri ölkəmizdə də maraq doğurur və seçkiqabağı proseslər, həmçinin, seçkidə hansı qüvvənin qalib gələcəyi Azərbaycanda diqqətlə izlənilirdi.”

Bu sözləri Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “İki sahil”ə açıqlamasında deyib.

A.Əlizadə bildirib ki, İranda keçirilən prezident seçkilərini Azərbaycandan maraqla izləməyə vadar edən digər bir səbəb Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət ərzində iğqal altında qalması fonunda Tehranın Ermənistana açıq siyasi və iqtisadi dəstəyi ilə də bağldır: “Sirr deyil ki, bu illər ərzində rəsmi Tehran ermənilərə bütün sahələr üzrə əhəmiyyətli dəstək verib və bununla əlaqədar Azərbaycan tərəfi dəfələrlə öz ciddi etirazını və narazılığını dilə gətirməyə məcbur olub. Seçkilərə start veriləndən sonra yüzlərlə namizəd seçkilərə qatılmaq istəyini ifadə etsə də İranın Qəyyumlar Şurasının mayın 25-də verdiyi qərara əsasən  seçkilərə 590 iddiaçıdan ilkin olaraq cəmi 7 namizəd buraxıldı. Elə həmin gün seçkiyə qatılacaq namizədlərin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən açıqlandı və seçki kampaniyasına start verildi. Daha sonra namizədlərdən üçü də seçki prosesindən geri çəkildi və İran xalqı 4 alternativ namizəddən birini seçmək durumu ilə qarşı-qarşıya qalmış oldu. Diqqətçəkən məqamlardan biri də odur ki, seçkiöncəsi prosedurlara müvafiq olaraq ələnmə sayəsində islahatçıların lideri Əli Laricaninin də seçkiyə buraxılmaması səbəbi ilə seçkilərə namizəd olaraq qatılanların hər biri faktiki olaraq mühafizəkarları təmsil edirdilər. Yaranmış vəziyyətdə bir çox parametrlərinə görə İran prezidentliyinə ən şanslı namizədin İbrahim Rəisi ola biləcəyi proqnozlaşdırılırdı ki, seçkilərin nəticələri də bu proqnozu tam olaraq təsdiqlədi. Belə ki, rəsmi məlumatlara əsasən, seçkilərdə iştirak edənlərin 63 faizi İbrahim Rəisiyə səs verdi. Bu da onu deməyə əsas verir ki, İranın bundan sonrakı dövrdə yürüdəcəyi siyasətində əhəmiyyətli dəyişikliklərin olacağını gözləməyə dəyməz. Digər tərəfdən isə, Azərbaycan İranla normal  qonşuluq əlaqələrinin davam etdirilməsində maraqlıdır və ən azından qarşı tərəfdən də adekvat münasibət gözləyir.”

Həmsöhbətimiz son olaraq xüsusilə 44 günlük ikinci Qarabağ savaşından sonra regionda yaranmış yeni situasiyada rəsmi Tehranın Azərbaycana və Ermənistana münasibətdə öz mövqeyində ciddi korrektələr edəcəyinə ümidimizi və istəyimizi ifadə etdiyimizi bildirib.

Röya Rasimqızı, “İki sahil”