24 iyun 2021 16:36
503

“China Daily” qəzeti ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Çinin ingilisdilli “China Daily” qəzeti 40 illik yubileyi münasibətilə dost agentlik olan AZƏRTAC-ın təbrik məktubunu dərc edib.

“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun nəşrin baş redaktoru Cou Şuçuna ünvanlandığı məktubda vurğulanır ki, əsrlərə söykənən Azərbaycan-Çin dostluq münasibətləri hazırda bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçıları İlham Əliyev və Si Cinpin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi önəm verirlər. Bununla bağlı media qurumlarının üzərinə də mühüm vəzifələr düşür. AZƏRTAC ilə “China Daily” qəzetinin yeni mərhələyə qədəm qoyan əməkdaşlığı ölkələrimizin və xalqlarımızın dostluğunun möhkəmlənməsinə mühüm töhfələr verir.

Qeyd edək ki, “China Daily” qəzeti ötən 40 ildə böyük inkişaf yolu keçərək, milli nəşrdən dünya səviyyəli media qurumuna çevrilib. Hazırda qəzetin çap versiyasının abunəçilərinin və rəqəmsal platformalar üzrə oxucularının sayı 350 milyon nəfərdən çoxdur.

AZƏRTAC-ın “China Daily” ilə əlaqələrinin təməli 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən birinci Media Sammiti zamanı qoyulub. Sammit çərçivəsində qəzetin rəhbərliyi ilə keçirilən görüşdə tərəflər arasında əlaqələrin genişləndirilməsinə dair razılıq əldə olunub. O vaxtdan başlayaraq AZƏRTAC və “China Daily” xəbər mübadiləsi ilə yanaşı, jurnalistlərin təlim proqramları da daxil olmaqla, birgə layihələr həyata keçiriblər. İki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, nəşrin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a "China Daily"nin “Fəxri beynəlxalq media tərəfdaşı - 2019” mükafatı təqdim olunub.