24 iyun 2021 17:14
1218

Naxçıvanın qədim dövr tarixinə dair dəyərli tapıntı

Dünynın ən qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı zəngin tarixə, qədim mədəniyyətə malikdir. Qədim daş dövründən (paleolit dövrü) etibarən insanlar bu ərazidə məskunlaşaraq zəngin mədəniiyət yaradıblar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 23 avqust 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti və Elmi-Tədqiqat institutları üçün bina istifadəyə verilərkən demişdir: “Naxçıvanda yerin altı da, üstü də təbii sərvətdir. Naxçıvanda çox qədim tarixə malik olan mədəniyyət nümunələri aşkar edilib. Ona görə də bunların hamısının tədqiqata, araşdırmaya ehtiyacı vardır”. Ali Məclisin Sədri tərəfindən 2005-ci il dеkabrın 6-da imzalanmış “Naхçıvan Muхtar Rеspublikasının ərazisindəki tariх və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” Sərəncamın icrası istiqamətində tədqiqatçıların qarşısında çox mühüm vəzifələr qoyulub, onların elmi fəaliyyətinin konkret istiqamətləri müəyyən edilibdir. Hər il olduğu kimi, cari ildə də iş planına uyğun olaraq tərəfimizdən bu istiqamətdə tədqiqatlar aparılır. Aparılan tədqiqat zamanı muxtar respublikamızın ərazisində olan  arxeoloji abidələr qeydyyata alınır, onlardan aşkar olunmuş hər bir  maddi-mədəniyyət nümunəsi dərindən öyrənilir. Tərəfimizdən bu istiqamətdə araşdırma apararkən diqqət çəkən maraqlı arxeoloji materiallardan biri Şərur Rayon Tarix Diyarşunaslıq Muzeyində saxlanılan e.ə. I minilliyə aid 15 sm hündürlükdə olan bir ədəd gil insan fiquru oldu. Şərur rayonunun Şəhriyar kəndi ərazisində tapılmış bu fiqurda insan hörüklü, qulağında sırğa, burnu qabarıq şəkildə, gözləri və üzü üzunsov formada verilmişdir. Onu Azərbaycan heykəltaraşlığının ən unikal nümunələrindən biri hesab etmək olar. Bu arxeoloji materialın təyinatı ilə bağlı araşdırma apararkən ilk öncə belə artefaktların  yayılma arealına diqqət yetirmək zəruri olduğu üçün bu istiqamətdə tədqiqatlar aparmalı oldur. Aparılan tədqiqat zamanı məlum olur ki,dünyanın bir çox yerlərində, Priney yarımadasından Sibirə qədər olan geniş bir ərazidə daşdan, sümükdən və gildən düzəldilmiş belə heykəl nümunələri yayılmışdır. Daşdan düzəldilmiş insan heykəlləri forma və xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyi üçün onlara “venera”, “balbal”, “daşbaba”, “daşnənə”, “bəngüdaş”, “bədiz”, “töz” və s. adlar verilmişdir. Dünyada tapılmış ən qədim insan heykəli qadına məxsus  olmuşdur. Onu Avstraliyadakı Paleolit dövrünə aid Villendorf abidəsində qeydə almışlar. Bu daş insan heykəli tapıldığı yerin adı ilə “Villendorf venerası” adlandırılmışdır. Azərbaycandakı arxeoloji abidələr içərisində ən qədim insan heykəli Qobustanda Mezolit dövrünə aid Kənzə yaşayış  məskənində aşkar edilmişdir. Paleolit və Mezolit dörü ilə yanaşı digər dövrlərdə də belə artefaktlar yayılmışdır. Hələf, Anau, Samara, Cormo, Xatun mədəniyyətinin abidələrində, Qazax rayonundakı Şomutəpə, Qarğalartəpəsi,  Qarabağdakı İlanlı təpə, Cənubi Azərbaycandakı Təpə-Sərab, Mərlik (Cənubi Azərbaycan), Şərqi Anadoludakı Çatalhöyük, Dündartəpə, Hacılar abidələrində və digərlərində belə arxeoloji materiallar aşkar olunmuşdur. Naxçıvan diyarında belə atrefakt ilk dəfə Orta və Son Tunc dövrünün unikal abidələrindən olan Qızılburun abidəsində qeydə alınmışdır. Onlardın biri daşdan, digəri isə gildən düzəldilmişdir. Bu arxeoloi materiallardan başqa son dövrlərə qədər Naxçıvanın digər arxeoloji abidələrində gil insan fiquru aşkar olunmmşdır. Şərur rayonunun Şəhriyar kəndi ərazisində aşkar olunmuş insan fiquru bu baxımdan Naxçıvan diyarının qədim dövr tarixini öyrənmək sahəsində özünəməxsus yer tutur və mühüm elmi əhəmiyyət daşıyır. Bu artefaktı Qızılburun abidəsindən aşkar olunmuş Orta Tunc dövrünə aid insan fiquru ilə birləşdirən əlaətlər onların hər ikisinin gildən düzəldilməsi, ölçülərinin bir-birinə yaxın olması təşkil edir. Qızılburun insan fiqurunun hündürlüyü 20 sm, Şəhriyar insan fiqurunun hündürlüyü isə 15 santımerirdir. Hər iki artefaktın sifət qurluşu bir-biri ilə oxşardır. Onları bir-birindən fərqləndirən əlamətlər Qızılburun abidəsindən aşkar olunmuş fiqurda insanın geyimli, papaqlı formada verilməsi təşkil edir. Şəhriyar kəndindən aşkar olunmuş insan fiqurunun qulağında daitəvi formalı sırğa, hörüklü təsvir olunmuşdur. Qızılburun abidəsindən aşkar olunmuş insan fiquru ilə Şəhriyar kəndindən aşkar olunmuş insan fiquru  arasında tam oxşarlığın olmamasının başlıca səbəbi onlar eyni sənətkar emalatxansının, eyni dövrün məhsulu olmaması təşkil edir. Bu artefaktın təyinatı ilə bağlı araşdırma apararkən məsələyə ümumdünya kontesində yanaşdıqda məlum olur ki, dünya arxeologiyasında ən qədim insan heykəlli qadına məxsus olubdur. Ana xaqanlığı dövründə belə artefakrlar daha çox yayılıbdır. Belə heykəllərin Ana xaqanlığı dövründə daha çox yayılmasının başlıca səbəbi qadının nəslin yaradıcısı, tayfa ocağını qoruyub saxlayan, ilahi qüvvə, bərəkət, əminamanlıq, firavanlıq mənbəyi, paklıq, müqəddəslik rəmzi hesab edilməsi təşkil edibdir. Qadın heykəlləri “Ana-İlahə”nin  simvolu olubdur.  Butun qadın fiqurlarında  onların əllərı, ayaqları, sifətı şərti, sxematik xarakterdə, digər xüsusiyyətləri isə bir qədər qabarıq şəkildə verilibdir. Erkən Tunc dövründə ana xaqanlığının (matriarxat) ata xaqanlığı (patriarxat) ilə əvəz olunması bütün sahələrdə olduğu kimi insanların dini-ideoloji görüşlərində, mifik düşüncə tərzində də özünü göstərmişdir. Bu dövrdə kişi təsərrüfatda, tayfanın idarə olunmasında əsas yer tutubdur. Kişi fiqurları “Ata-İlahə”ni (Kişi-İlahə) simvolizə edibdir. Belə heykəllər əyilməzliyi, məğrurluğu, gücü, qüvvəti  bildiribdir. Qadının “Ana-İlahə” (Qadın-İlahə), kişinin  “Ata-İlahə” (Kişi-İlahə) kimi qəbul edilməsi  “Əcdadlar kultu”nun tərkib hissəsini tərkib hissəsi olubdur. Əcdadlar kultunun varlığı dünyanın müxtəlif yerlərində, müxtəlif şəkildə özünü göstəribdir. Bununla bağlı  R.Əlizadə, N.N.Yefimenko, S.A.Tokarev, A.Şükürov, K.Hüseynoğlu və digər tədqiqatçılar bir çox fikirlər söyləyiblər.  S.A.Tokarev “Əcdadlar kultu”nu dinin xüsusi forması hesab etmiş, “Əcdadlar kultu”nun türklərin dini-ideoloji görüşlərində, mənəvi mədəniyyətində mühüm yer tutduğunu elmi faktlarla əsaslandırmışdır.  Müəllif qeyd etmişdir ki, ocaqların ətrafında tapılmış qadın heykələri qadının odun, ocağın qoryucusu olmasını simvolizə etmişdir. N.N.Yefimenko da  S.A.Tokarev kimi qadın heykəllərinin ocağən ətrafına təsadüfən qoyulmadığını bildirərək qeyd etmişdir ki,  belə artefaktlar qadının qəbilə başçısı, qəbilə ayinlərinin icraçısı olmasını simvolizə edir. R.Əlizadə “Oğuz Xaqan”, “Yaradılış” və digər qədim türk dastanını nümunə göstərərək Türklərin dini-ideoloji görüşlərində islamiyyətdən əvvəl də, sonra da “Əcdadlar kultu”nun özünəməxsus yer tutduğunu qeyd etmişdir. A.Şükürova  və S.Rzasoy da “Əcdadlar kultu” nin Türk mifoloji düşüncəsində ozünəməxsus yer tutduğunu qeyd tmiş, Oğuz xaqan obrazının bilavasitə “Əcdadlar kultu” ilə bağlı olduğunu bildirmişdir. L.N. Qumilyov “Əcdadlar kultu” nun Türklərin dini-ideoloji görüşlərində, mifik düşüncə tərzində öznəməxsus yer tutduğunu qeyd edərək bildirmişdir ki, Altay türklərində “Əcdadlar kultu”  əsasən əyanlar, əhalinin varlı təbəqəsi arasında geniş yayılıbdir.

Dünyanın müxtəlif yerlərində aşkar olunmuş belə artefaktlardan müəyyən dini ayinlərdə istifadə edildiyini,  “Ana-İlahə”nin (Qadın-İlahə), “Ata-İlahə” nin (Kişi-İlahə) “Əcdadlar kultu”nun tərkib hissəsi olduğunu  nəzərə alsaq sonda belə bir nəticəyə gəlmək olar ki, digər insan fiqurları kimii Şəhriyar kəndindən aşkar olunmuş   bu gil insan fiquru da “Əcdadlar kultu” ilə bağlılıq təşkil edir. Naxçıvanın qədim və zəngin tarixini daha dərindən öyrənilmək sahəsində mühüm elmi əhəmiyyət daşıyır və bu bölgənin qədim sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

Toğrul Xəlilov,

AMEA Naxçıvan Bölməsinin  “Antik və Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent