17 iyul 2021 22:34
1217

Minsk qrupunun bərpasına çalşanları qıcıqlandıran Şuşa Bəyannaməsidir

«Nəzarət olunan atəşkəsin» kəsilməyən səslərinin ölü «Minsk qrupu»nu diriltmək hədəfi

Ötən ilin iyul ayında  baş verən Tovuz hadisələrinin birinci ildönümünə  təsadüf edən  Ermənistanın bu günlərdə  yenidən atəşkəsi pozması ayının ağzını sulandıran  armudla bağlı oyununun bənzəridir.  Ermənistanın üçtərəfli Bəyanatın şərtlərini pozaraq  Suşada, Naxçıvanda, Kəlbəcərdə atəşkəsi pozması,  revanşist qüvvələr tərəfindən müharibəyə təhrikedici çağırışların səslənməsi  hələ də «kövrək» olan böyük sülh sazişi üçün ciddi təhlükədir. Xatırladaq ki, 10 noyabr 2020-ci ildə, 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli Bəyənatda Azərbaycanın, Ermənistanın və Rusiyanın yerinə yetirməli olduqları öhdəliklər aydın ifadələrlə əks olunub. Razılaşmaya əsasən, bölgədə sabitlik yaratmağı və erməni silahlılarını bölgədən uzaqlaşdırmağı öhdəsinə götürən Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə hələ də  erməni silahlılarının mövcudluğu müəyyən suallar doğurur: Erməni təxribatçıları tərəfindən atəşkəsin pozulması  nəyə hesablanıb və kimlərin maraqlarına xidmət edir? Silahlıların və sülhməramlıların eyni ərazidə yerləşmələrinin anlamı nədir?

Politoloqların, siyasətçilərin məsələ ilə bağlı açıqlamaları müxtəlif olsa da,  bütün rəylər son məqamda eynilik təşkil edir: Maraqlı dairələri narahat edən bölgədə mövqeyi möhkəmlənən  Türkiyə faktoru, Azərbaycan ilə qardaş ölkə  arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsidur.

Təkzibolunmaz faktdır ki, atəşkəsin məhz  Naxçıvanda və Qarabağda pozulması eyni mərkəzdən idarə olunan və  yeni reallıqlara xələl gətirən  qüvvələrin planlarına uyğun törədilən təxribatlardır.  Hadisələrə diqqət yetirək. Ermənistanda iyunun 20-də keçirilən siyasi kampaniya ərəfəsində  dividend qazanmaq, insanları ətrafına cəlb etmək üçün müəyyən gedişlər edən, dəstəkçilərinə yaltaqlanan, seçkidən sonra «başının tumarlanmasından» ruhlanaraq  «kreslosunda yerini rahatlayan» baş nazir Nikol Paşinyan artıq özgə ab-havadadır. Maraqlıdır ki,   beynəlxalq səviyyədə təsdiqlənən Azərbaycan ərazisi olan Qarabağda sabitliyin qarantı olduğunu bəyan edən Rusiya sülməramlılarının qorumağa  borclu olduqları «sülh» hansı səbəbdən və nə məqsədlə pozulur?  Mülahizələr çox olsa da, inandırıcı real cavab Minsk qrupunun saxlanılmasıdır.

«Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq» söyləyən Prezident İlham Əliyev  dəfələrlə bildirib ki, Dağlıq Qarabağ adlı məhfum artıq yoxdur. Belə ki,  Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupunun qalmasına da ehtiyac yaranmır. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə, sonrakı müddətdə də  hadisələrə müdaxilə etməyən,  əvvəllər olduğu kimi,  döyüşlərin qızğın vaxtında belə  səssizlikləri ilə  işğalçını dəstəkləyən Minsk qrupunun yarıtmaz fəaliyyətinə artıq ehtiyac qalmayıb. Bu günlərdə  Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş bölgələrə səfərləri zamanı Minsk qrupuna daxil olan ölkələrin- ABŞ, Fransa və Rusiya səfirlərinin  tədbirdə iştirak etməmələri bir çox məqamlara aydınlıq gətirir. Diqqətçəkən və təzad təşkil edən məqam isə  digər həmsədrlərdən fərqli olaraq Rusiyanın 10 noyabr Bəyanatını imzalaması, bölgədə sülhyaratma missiyasını öz üzərinə götürməsi, öhdəliyin qüvvədə olduğu müddətdə  erməni silahlıları tərəfindən atəşkəsin dəfələrlə  pozulmasıdır.  Halbuki ötən ilin noyabrında imzalanan üçtərəfli Bəyanatda qeyd olunur ki, Rusiya sülhməramlıları eyni zamanda  bölgədə gizlənən erməni terrorçularını,  silahlılarını ərazilərdən çıxarmalıdır. Amma… İşlərin əsasında da bu «əmmalar» durur.

Son zamanlarda  işğaldan azad olunmuş ərazilərdə erməni kəşfiyyatçılarının törətdikləri təxribatlar göstərir ki,  Bəyanatın tələblərinin yerinə yetirilməsi sənəddə nəzərdə tutulan səviyyədə deyil. Hadisələr göstərir ki, Ermənistanı dəstəkləyən və işğalçını şirnikləndirən qüvvələr  varlıqlarını gizli, açıq şəkildə bəyan edirlər. Atəşkəsin pozulmasına göz yumanlar Türkiyənin bölgədə  möhkəmlənən nüfuzuna da  qısqanclıqla yanaşır, hər iki qardaş ölkəni təxribata çəkirlər.  Bəzi politoloqlar bildirirlər ki, əsas məsələ  sülhyaratma missiyasının rəsmiləşdirilməsi və mandata sahib olmaqdır. Bu  səlahiyyət isə  yalnız Azərbaycana məxsusdur.  Xatırladaq ki,  adı çəkilən Bəyanatda qeyd olunur ki, tərəflərdən biri imtina etsə, sülhməramlıların fəaliyyətinə ehtiyac qalmayacaq.

Maraqların kəsişdiyi təzadlı  nöqtələrdən biri də  Azərbaycan və Türkiyənin istəyinə uyğun Zəngəzur dəhlizinin bərpası,  bu yolla bölgədə olan altı ölkə arasında əməkdaşlığın genişləndirilməsidir.
 Üçtərəfli razılaşmalarda qeyd olunan Zəngəzur dəhlizinin bərpası ilə bağlı bəndin yer alması bu ərazinin  Azərbaycanın tarixi torpaqları olmasının və  dövlət başçımızın siyasi iradəsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin bu günlərdə imzaladğı Fərmana əsasən yaradılan iqtisadi rayonlar arasında   Qarabağ və  Şərqi Zəngəzur rayonlarının da olması bu həqiqətin təsdiqi olduğu üçün  əlavə izaha, araşdırmalara ehtiyac yoxdur.  Çünki Zəngəzur dəhlizinin bərpası  Qarabağda separatizmin varlığına son qoyacaq və Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək. «Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir»  söyləyən Prezident İlham Əliyevin «Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik» əlavələri işğalçı dövlətin revanşistlərində təşviş yaradır. Eyni zamanda bölgədə Minsk qrupunun varlığına son qoyur. Bu isə  illərdən bəri  öz maraqlarına uyğun  süni  Dağlıq Qarabağ münaqişəsini yaradanlara, erməni faşizmini dəstəkləyənlərə, bölgədə sabitliyin pozulmasına səbəb olan hərbi əməliyyatlara, Xocalı soyqırımına göz yumanlara, ən əsası ilə Cənubi Qafqazda  söz sahibi iddiasında olanlara  sərf etmir.  

Minsk üçlüyünün  fəaliyyətsizliyini etiraf edən qrupun sabiq həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması da deyilənləri təsdiqləyir. Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş yazısında  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qrupun qaranlıq, «gərgin fəaliyyəti»nin illərdən bəri  gizli saxlanılan məqamlarını  bu sözləri ilə ifadə edir: «Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən yaxşı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük» . Münaqişənin guya həllini nəzərdə tutan «Lavrov planı»nın da əsassız, Ermənistanın işğalçılıq siyasətinə dəstək olduğunu bildirən diplomatın «Lavrov planı» açıqlananda rusiyalı həmsədr Popovdan soruşdum ki, Bakı və İrəvan güzəştlərə getsələr və planı qəbul etsələr, Kreml gerçəkdən də, planı reallaşdırmağa hazırdır? Onun açıq cavabı belə oldu: «Təbii ki, yox». Beləliklə, anladım ki, Qarabağ münaqişəsi sadəcə, Azərbaycanla Ermənistan arasındakı problem deyil. Bu münaqişə əslində üçtərəfli, Rusiyanın əhəmiyyətli, hətta bəlkə də həlledici rol oynadığı məsələdir. Rusiya münaqişə tərəfi olan ölkələri təsir dairəsində saxlamaq üçün münaqişənin tam həllində maraqlı deyil» sözləri bütün suallara aydınlıq gətirir.   Necə deyərlər  «Nə hərb , nə sülh» tezisinə  uyğun «fəaliyyət göstərən» Minsk qrupunun gizli oyunlarının aşkarlanması özlüyündə özünütəkzibin beynəlxalq səviyyədə  təsdiqidir.

Belə ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan qələbə ilə  30 illik işğala son qoyan Prezident,  Ali Baş Komandan İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrini,   Minsk qrupunun vəzifələrini noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla yerinə yetirdi. Bölgədə sülhün, sabitliyin  tərəfdarı olduğunu bildirdi.

Prezident İlham Əliyevin xaici jurnalistlərlə görüşlərindən bir məqamı xatırlamaqla  Azərbaycanın sülhyaratma məsələsində  Minsk qrupundan da artıq səy göstərdiyinin şahidi olarıq.  Rusiyanın «Zvezda»” və «Bolşaya Aziya»” mediaholdinqlərini təmsil edən jurnalistin  dövlət başçımıza müraciətlə söylədiyi  «Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi» sözləri Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli naminə göstərdiyi siyasi iradəyə inam,  etimad,  «Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı» sualının cavabıdır.
Amma sülhə xələl  gətirən təhlükələrə qarşı da mübarizlik göstərilməlidir. Prezident İlham Əliyevin  vurğuladığı kimi,  erməni vəhşiliyini heç vaxt unutmamalı, xeyirxah olmalıyıq: «Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq.»

Son günlərdə  havadarlarına güvənən, öz ölkəsində sabitlik yaratmaq imkanından məhrum Fransanın prezidenti Emmanuel Makronun  Ermənistana gözlənilən səfərindən başı gicəllənən işğalçı dövlətin silahlıları  tərəfindən  atəşkəsin pozulmasında da məqsəd  Minsk qrupunun fəalliyyətinin davamına  nail olmaqdır. Prezident İlham Əliyev «Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir»  sözləri ilə  bu niyyətdə olanlara qəti və birdəfəlik cavab verib. Həmin niyyətdə olanlar dövlət başçımızın bu sözlərini də  unutmasınlar:   «Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.»

Xuraman İsmayılqızı, «İki sahil»