Hava çox isti idi. Göydən od yağırdı. Bərgüşad kəndinin çala-çuxur daş yolu ilə inildəyə -inildəyə irəliləyən maşınımızın sərinkeşinin də havanı sərinlətməyə gücü çatmırdı. Ətrafda lal bir sakitlik höküm sürürdü.Elə bil bütün canlılar da istidən başlarını götürüb qaçmışdılar. Ətrafda təndirin ağzından çıxan od kimi dalğavari ilğım görünürdü. Biz yaxınlaşdıqca ilğım da geri çəkilirdi. Tam sakitlik idi. Nə bir səs var idi, nə də bir hənirti…Yaxınlıqda bir bəşər övladı gözə dəymirdi ki, gedəcəyimiz ünvanı söruşaq. Az irəliləmişdik ki, yolun kənarında nəfis tikilmiş bir “Şəhid Bulağı” qarşımıza çıxdı.
- Hə, bu tam yerinə düşdü , əl-üzümüzü yuyarıq, - deyirəm… Bulaqın buz kimi sərin suyu, qəlbimizə rahatlıq gətirir. Qanı- canı ilə yurdumuza , vətənimizə, sinəsi yaralı cənnət Qarabağimiza əbədi sərinlik, xoşbəxtlik gətirən oğullarımızın şərəfinə tikilmiş bulağın suyundan içdikcə Ucarın 40 dərəcə istisini də unuduruq , canımıza rahatlıq gəlir. Düşünürəm ki, bu igidlərin həyatlarını yazan Allah nə qədər rəhmətlə, gözəl yazıb. Sağikən vətəni qoruyan bu igidlər, əməlləri ilə yurda sərinlik gətirən oğullarımız indi də qəlbimizi, ruhumuzu sakitləşdirib, sərinləşdirirlər. Su canımıza qaymaq kimi yayılır, xeyli rahatlaşırıq. Sakitliyi yaxınlıqdan səsi gələn, arın-arxayın nəğmə deyən turac səsi pozur. Bip- bip, bibib bip bibi… Sanki ayağı xınalı turac da yurda sülh əminamanlıq gətirən bu gəncləri öz nəğməsi ilə rəhmətlə anır… Yol yoldaşıma ünvanı səhv salmadığımızı, yolumuzun düz olduğunu bildirirəm.
- Haradasa şəhidimizin evi bu yaxınlıqdadır. Bulağı evlərindən aralı tikməzlər, - deyirəm. Qərara alırıq ki, elə buradaca, bulağın başında dayanıb gözləyək. Bəlkə bir nəfər rast düşdü, gedəcəyimiz ünvanı, şəhidin yaşadığı evin yerini öyrənə bildik… Çox gözləməli olmadıq. Budur yaxınlıqdakı tindən əlində ağac qarşısında qoyun sürüsü olan , yeniyetmə bir oğlanın gəldiyni görürəm. Oğlan bizə yaxınlaşıb ədəblə salam verirdikdən sonra bulağın kranını açıb əl-üzünə su çırpıb, dəstəmaz alırmış kimi iki əlinin arxasını boynuna çəkib gözaltı bizi süzür. Əlindəki selofan paketdən iki boş dolça çıxarıb su ilə doldurduqadan sonra üzünü Səbuhinin qranitdən boylanan şəkilinə tutub: «Allah yerini cənnət etsin, Şəhidim» - deyir. İşini görüb qurtardıqdan sonra arxayın-arxayın üzünü bizə tutub:
- Əmi, gəlmə adama oxşayırsınız. Haradan gəlib, hara gedirsiniz? Burada dayanmaqda yəqin kimi isə gözləyirsiniz? Bəlkə köməyim dəydi? Evimiz uzaqda deyil, budure burada – yaxındakı o görünən ev bizim evimizdir. Qonağımız ola bilərsiniz. Bu isti havada burada gözləməyin. Görən bilən nə deyər? Yəni bu böyüklükdə Bərgüşad kəndində bir nəfər tapılmadı ki, qonağı evinə dəvət edə? Gedək bizə, qonağımız olun.Havaya sərin gələndə yolunuzu davam etdirərsiniz.
Dilli-dilavər, ağzından dür tökülən yeniyetməyə təşəkkür edib:
- Cavan oğlan, bəs sən bu istidə evdə oturmayıb hara gedirsən? Qorxmursan ki, gün vurar, xəstələnərsən?
-Əmi bağışlayın, birinci mən sual verdim. Hələ bir siz cavab verin,bilim kimsiniz,nəçisiniz? Sonra mən hər şeyi izah edərəm. İnadkar balaca qoçaqla «bacara» bilməyəcəyimizi görüb təslim olmaqdan başqa çarəmizin qalmadığını görüb, şəhid Səbuhi Süleymanovgilin evini soruşuruq. Oğlan əli ilə qarış tərəfi göstərib:
- Birinci tini burulub az gedəcəksiniz. Qarşınıza üstünə bayraqlar sancılmış darvaza çıxacaq. Ora şəhidimizin evidir - deyir. Oğlana təşəkkür edirik.
- Bəs bu istidə sən…
Oğlan sözümüzü tamamlamağa qoymur. Yarımçıq kəsib: - Əmi, nə edək, bizim də qismətimizə Ucarda yaşamaq düşüb. Bir azdan havanın şaxı sınacaq. “İstidir” deyib, heyvanları ac saxlamaq olmaz. Əziyyət çəkməsən, dolana bilməzsən. Dosta-düşmənə möhtac olarsan. Dolanışığımız mal-qaradan, qoyun-quzudan çıxır. Havanın isti olmasına baxmayın, axşama yaxınlaşırıq. Bir az qoyun quzunu gəzdirim ki, qarınlarını doydursunlar. Haydı, sizə də yaxşı yol, - deyib oğlan sürüsünü dəhmərləyir…
Maşınımızı üç ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın dövlət bayraqları ilə «bəzədilmiş» bir həyətin küçə qapısınında əyləyib maşından enirik. İlk andaca qulağımıza yanğısı dağı, daşı yandıran, ah-nalə, nisgil dolu həzin bir səs gəlir. Sürücümüz təəccüblə bizə baxıb, evi göstərərək: - Deyəsən səhv gəlmişik, bura deyil. Evdə kim isə mahnı oxuyur… Diqqətlə ney səsi kimi inildəyən yanqılı səsi dinləyirəm. Qadın səsidir. Anadır. Dünyadan nakam köçmüş görpə balasına ağı deyib ağlayır…
Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar,
Oğlu ölən analar Sərgərdan gəzər ağlar!
Analar yanar ağlar,
Günləri sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Nə edəcəyimizi bilmirik… Küçə qapısında dayanıb gözləmək qərarına gəlirik. Elə bu an küçə qapısı açılır. Qarayanız, gənc bir oğlan göhnə tanışlar kimi, bizi qarşılayıb içəri, həyətə dəvət edir:
-Mən Şəhid Səbuhinin qardaşı Heydərəm. İsti havada zəhmət çəkib bu qədər yol gəlmisiniz. Maşın səsini hiss etdim. Evin arxaya açılan pəncərəsindən sizi gördüm. Qapımız hər zaman qonağın üzünə açıqdır. Səbuhi gedəndən bir gün də olsun gediş- gəliş kəsilmir. Sağ olsun camaatımızı , bizi dərd-sərimizlə tək qoymurlar…
Heydər anasını səsləyir:
-Ana, ay ana… Səbuhinin qonaqları gəlib.
- Xoş gəlib, səfa gətiriblər. Qonaqları qapıda tutma. Yuxarı çıxın… Qarşımızda ağlamaqdan gözləri çuxura düşmüş, gözü yaşlı, qaməti min yerdən qırılmış bir ana var. Gözündən yaş dağ çayı kimi sellənib daşan, Səbuhi deyəndə dodaqları söz tutmayıb titrəyən, dərdi başından burulğan kimi burula- burula çıxan bir ana. Ha əlləşib özünə toxtaqlıq vermək istəsə də, alınmır. Gözünün yaşına hakim ola bilmir:
- Balamı nə qədər tanıyan varmiş. Səbuhim gedən gündən qonaqlarının ardı arası kəsilmir. Sağ olsun camaatımızı, bizi tək qoymurlar. Mənimlə ağlayıb, mənimlə gülürlər. Bəzən düşünürəm ki, bu xalqın yolunda canını vermək də azdır… Bəzən də fikirləşirəm ki, niyə mənim min əzabla böyütdüyüm balam getməliyidi ki? Səbuhi beşinci övladım, son beşiyimiz idi. Dərdə qaim övlad idi. Ağırlığımızı, yükümüzü çiyninə götürə bilən bala idi. 3 qızım var, adətən analar dərdini, sərini qızı ilə bölüşər. Mən Səbuhimlə bölüşərdim. Mənim dərd ortağım idi. Anam da, bacım da, qardaşım da Səbuhi idi. Səbuhi qurban bayramı günü doğulmuşdu. Sənəddə adı Səbuhi yazılsa da, İsmayıl deyərdik, İsmayıl çağırardıq. Nə bilim ki, mən də vətənə qurbanlıq böyüdürəmmiş balamı. Çox vətənpərvər idi. Orta məktəbi bitirib Göyçayda texniki peşə liseyində oxumuşdu. Uşaqlıqdan “Qarabağ, Vətən” deyirdi. Min bir əzabla , əziyyətlə böyütmüşdüm. Atası 2013 cü ildə dünyasın dəyişib, həm ata olmuşam onlara, həm də ana. Yeməyib onları yedizdirmişəm. Atasızlıqlarını hiss etdirməmişəm. Gücüm çatandan, bacardığımdan etmişəm… Ürəkli böyütmüşdüm İsmayılmı… Əsgər olmaq, hərbçi olmaq öz seçimi oldu. Mən də etiraz etmədim…
Dosye: Səbuhi Ələkbər oğlu Süleymanov 19 aprel 1997-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2003 -cü ildə Bərgüşad kənd 1 saylı məktəbin birinci sinfinə gedən Səbuhi Süleymanov 2012-ci il də həmin məktəbin 9-cu sinfini bitirib. 2013 –ci ildə Səbuhi Süleymanov Göyçay Peşə Liseyində «kəndin eletrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü» ixtisası üzrə təhsil alaraq 3-cü dərəcəli elektrik montyoru, BC kateqoriyalı avtomobil sürücüsü peşəsinə yiyələnmişdir. S.Süleymanov 13 iyul 2016 –cı ildən 13 yanvar 2018-ci ilə kimi Bakı şəhərində Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 12 aprel 2018 ci ildə silahlı qüvvələri TTM-də kursa qəbul olunan S.Süleymanov 25 may 2018 ci ildə kursu bitirərək əvvəllər xidmət etdiyi hərbi hissənin Kinologiya Mərkəzində MAXE kimi xidmətə başlamışdı. . 16 may 2020- ci ildə Səbuhi Süleymanovun xidmət yeri Beyləqan rayonunda yerləşən 181 saylı hərbi hissəyə dəyişdirilmişdir. Vətən Müharibəsinin ilk günündən Qələbə gününədək şərəfli döyüş yolu keçən Səbuhi Süleymanov , 7 noyabr 2020-ci ildə Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Səbuhi Süleymanov 12 noyabr 2020-ci il tarixdə böyük bir izdiham, el sevgisi, xalq məhəbbəti ilə Bərgüşad kənd qəbristanlığında dəfn olunmuşdur. Torpaqlarımızın azadlığı uğrunda göstərdiyi döyüş şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Səbuhi Süleymanova ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Xatirələri qardaşı Heydar Süleymanovu keçmişə - Səbuhili-İsmayıllı günlərə qaytarır:
- Nə gözəl günlərimiz var idi…Dərd nədir bilməzdik … Hamının evində çatışmazlıqlar olur. Atasız böyümüşük. Qayğımız, problemimiz çox olsa da, onu özümüzə dərd etməmişik. Tapdığımıza min şükür etmişik. Çətinliklə də olsa, hamımız böyüdük, ev-eşik sahibi olduq. Nə biləydik ki, dərdin böyüyü batmanla gələcəkmiş?… Səbuhi evin kiçiyi sevimlimiz, şıltağımız idi. Çox mərd, ürəyi bütöv qardaş idi. Vallah, nə deyim,qazandığını da bizə xərcləyərdi. Uşaqlıqdan belə olub. Bir- birimizin paltarını, ayaqqabısını geyib böyümüşük. İndi- indi ağ gün görürdük. Bu da belə oldu. Səbuhi ailəmizə çox düşkün, ailəcanlı oğul idi. Məndən, bacılarımdan ötrü həyatını verərdi. Anamı bir baxışından duyardı. Könlündən nə keçdiyini baxışından hiss edərdi. Çox vətənpərvər, torpaq sevər insan idi. Hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq arzusunda idi. Tale elə gətirdi ki, hərbi xidməti başa vurduqdan sonra arzusunu gerçəkləşdirə bildi.Həqiqi hərbi xidmətdə olanda nümunəvi əsgər olmuşdu. Dəfələrlə fəxri fərmanlar almış, evimizə təşəkkür məktubları gəlmişdi. Hərbi qulluğa başlayanda uşaq kimi sevinirdi. Uniforması ilə fəxr edirdi.Köksündə gəzdirdiyi bayrağın qürurunu yaşayırdı. Səbuhi hərbçi olmağı pula, maaşa görə seçməmişdi. Əs vətən sevdalısı,torpağın təəssübünü çəkdiyi üçün hərbçi olmuşdu. Xaraktercə hərbçi idi qardaşım. Söz danışan, sirr verən deyildi. Dözümlü idi. Zəhmətkeş idi… Müharibədən az öncə 5 günlük evə gəlmişdi. Əlbəttə ki, müharibə olacağını bilirmiş. Amma müharibə haqqında bir kəlmə də danışmadı. Hər şeyin yaxşı olduğunu dedi. Bu, bizim onunla vida görüşümüz oldu. Ancaq gülür, zarafat edirdi. Vallah, elə bil toya, bayrama hazırlaşırdı. O, gedəndən sonra mənə də çağrış gəldi. Onda başa düşdüm ki, müharibə yaxındadır. Mən Ağdam cəbhəsində idim. İsmayıl Şuşaya kimi döyüşə -döyüşə gedib çıxmışdı. Şuşa şəhərinin alınması uğrunda döyüşdə həlak olub… müharibənin son günü… Qardaşımla döyüşlər zamanı tez tez danışardıq. Mənə deyirdi ki, özünü qoru. Mən də ona özünü qoru deyəndə “mən peşəkar hərbiçiyəm. Döyüşçüyəm. Bu yolu seçəndə bilirdim ki, qismətdə, qazi olmaq da, şəhid olmaq da var”. Qələbəmizə, ördumuza, cənab Ali Baş Komandana çox inanırdı. Təəssüf edirəm, qələbəni görə bilmədi. Uğrunda canını verdiyi Şuşanı azad görmədi. Şəhidlər ölmürlər. Yəqin, indi qardaşım qələbənin də, qələbədən sonra Şuşada, işğaldan azad olunmuş torpaqlarda gedən abadlıq, quruculuq işlərini də görür və sevinir. Qardaşımla fəxr edirəm. Bizə ,vətənimizə, xalqımıza qələbə sevinci yaşadanlar, qəhramanlıq dastanı yazanların içində mənim də qardaşımın, qəhrəman qardaşımın olması qürurvericidir.
Sədaqət Abılova, Səbuhi İşmailovun bacısı:
-İsmayıl ailəmizin kiçiyi, ərköyünü, şıltağı idi. Gözümdə heç böyümədi ki…Elə uşaq olaraq qaldı. Elə bilirəm, yenə boynumu qucaqlayıb, «bacı onu istəyirəm, bacı bunu et»,deyəcək. Gözəl qardaşım,dərdi böyük qardaşım…Balaca uşaq idi. Yumşacıq əlləri var idi…Zarafat etməkdən yorulmazdı. Nə deyirdin gülürdü…Əsgər gedəndə dedi ki, mən qalıb hərbidə işləyəcəm, qəhrəman olacağam, torpaqların azad edilməsi uğrunda döyüşəcəyəm. Elə bilirdim ki, zarafat edir.Güldüyünə görə buna qoşulub mən də gülürdüm. Müharibənin qızğın vaxtı, doyüşün qaynar vaxtı bir də görürdün zəng vurub. Erməniləri «İti qovan kimi qovuruq» deyib, gülürdü. Deyirdi narahat olma,hər şey əla olacaq. Olmadı əla…İsmayılım qayıtmadı geri. Bizi də gözü yaşlı qoydu. Barı bir yadıgarı qalsaydı, bir uşağı olsaydı… İsmayılın şərəfinə bulaq tikmişik. Yoldan keçən yorğunlar, yolçular içib qardaşıma rəhmət oxuyur. Qardaşım xatırlanır, unudulmur…Ürəklərdə yaşayır. Onunla fəxr edirəm.Yurdumuzun, işğaldan azad olunması haqqında hər söz eşidəndə, elə bilirəm qəhrəman qardaşım yaşayır, sağdır. Vətəni yaşadanlar, bayrağ ucaldanlar ölməzlər ki…Məqamın uca olsun, nurlar içində yat, nur üzlü, gözəl gözlü qardaşım.
Sənan Məmmədov, orta məktəb müəllimi:
-Səbuhi ilə həm yaxın qonşu olmuşam, həm də şagirdim olub. Riyaziyyatdan dərs demişəm, ona. Çox gözəl, ləyaqətli, özünə hörmət qoymağı, böyüyü, kiçiyi dəyərləndirməyi bacaran bir oğul idi İsmayıl. Sakit təbiətli, gülərüzlü idi. Üzünə baxanda adama elə gəlirdi ki, həmişə gülür. Bəlkə də bunun özündə də bir hikmət var. Qurban bayramında doğulmuşdu. Allah nurunu əsirgəmədən vermişdi ona. Qəlb qırmaq, xatirə dəymək, söz eşitməmək nə idi bilməzdi. Məktəbdə oxuyanda çox fəal idi. Fərqli idi. Öz sözü, öz dəsti- xətti var idi. Bəlkə də kiçik yaşlarından atasını itirdiyindən idi, ya nədənsə təbiətcə çox qayğılı idi. Dünyanın dərdini yükləsəydin, bəlkə də götürərdi. Bacardığı qədər hamıya qayğı göstərməyə, diqqət verməyə çalışardı. Əsgərlikdən qısa müddətli məzuniyyətə gəlmişdi,onda mənimlə də görüşdü. Qalıb hərbidə işləmək istədiyini bildirdi. Mən də həqiqi hərbi xidmətdə olmuşam, əsgərlik nədir, hərbi nizam intizamın nə olduğunu gözəl bilirəm. Dedim, İsamyıl, hərbinin öz qanunları, özünəməxsus çətinlikləri var. Dözmək, tab gətirmək çətindir. Dedi ki, onları bilirəm və o çətinliklər məni qorxutmur. Çətinlik var deyə hərə yaxasını bir kənara çəkərsə, bu vətəni kim qoruyacaq? Səbuhi sözünə düz ,əməli saleh, bütöv adam idi. Müharibə başlamamışdan az öncə qısa müddətli məzunyyətə gəlmişdi. Mənimlə də gəlib görüşdü. Hər şeyin yaxşı olacağını deyirdi. İnanın müharibə haqqında heç ehyam da vurmadı. Bir də müharibə başlayanda bilmişik ki, Səbuhi bizimlə vidalaşmağa gəlibmiş… Müharibə vaxtı evləri ilə tez-tez əlaqə saxlayar, xəbər tutardıq. Anası deyirdi ki,İsmayıl çox ürəkli danışır, bizə təsəlli verir. Qələbəyə çox inanır. Hər zəng edəndə tezliklə Şuşadan zəng edib sizi sevindirəcəm deyərmiş. Bütün kəndimiz, el,oba, bir müəllimi olaraq mən də şagirdimlə fəxr edirəm. Qarabağın tacı, qeyrət qalası Şuşanın azad olunması uğrunda Səbuhi canını qurban verib adını əbədiyyətə yazanlardandır. Düşünürəm ki, nə qədər bu Vətən var, Səbuhilər yaşayacaq. Məqamı uca olsun.
Şirəliyev Soltan, qazi, döyüş yoldaşı:
- Səbuhi haqqında danışmaq, mənim üçün çox çətin və kədərlidir..Səbuhi anamın bibisi oğlu, mənim üçün isə komandir,döyüş yoldaşı kimi xatirəlmdə qaldı.Hər zaman da mənim ürəyimdə, xatirələrimdə yaşayaşacaq. Səbuhi kimi şəhid olmuş qardaşlarımızın itkisini düşünəndə çox kədərlənirəm.Düşünəndə ki, mənimlə çiyin çiyinə döyüşən Səbuhi bu gün həyatda yoxdur…Bunları düşünmək də mənim üçün ağırdır. Səbuhi hələ əsgərliyə getməmişdən deyərdi ki, mən əsgər gedəndən sonra qalıb orduda xidmət edəcəm.Əsgərlikdən söz düşəndə çox həvəslə danışırdı. O,dediyi kimi də etdi… Əsgərlikdən sonra qalıb MAXE işlədiyi müddətdə biz onunla bir daha görüşmədik. Mən də əsgər getdim, qayıtdım… Birdə Vətən müharibəsi başlayandan sonra görüşdük. Oktyabrın 15-də Füzuli rayonunun azadlığı uğrunda gedən qanlı döyüşlərdə rastlaşdıq. Açığını deyim ki, mən onu tanımadım. O, məni görən kimi tanıdı.Təsəvvür edin qanlı döyüş getdiyi vaxt hərbi formada, saqqalı, aslan kimi döyüşən təcürbəli biri sənə yaxınlaşıb, adınla sənə müraciət edib deyir: «Soltan, sən də gəlib çıxdın buralara?». Bir düşünün görün insan hansı hisləri keçirər?. Sarmaşdıq bir birimizə. İlk sözü mənə bu oldu «Soltan özünü qoru».Oturduq söhbət etdik. Birdən atışma başladı. Düşmən minamyotlardan aramsız atəş açırdı. Mənə bir anlıq elə gəldi ki,biz müharibəyə aid çox dəhşətli bir filmə tamaşa edirik. Amma kino deyildi. Əsl Vətən müharibəsi idi. Sakitlik olanda Səbuhi ilə bir yerdə olurduq. Birlikdə silahlarımızı təmizləyirdik. Bir yatıb, bir dururduq.Ac-susuz qaldığımız günlərimiz də olub. Ac olanda üzümlükdən qurumuş üzüm, kölluqdan böyürtkən tapıb yeyirdik. Gözümüzün qabağında ərzaq maşınını vurdular. Səbuhi bizə ürək- dirək verirdi.Təsəlli verirdi. Bizi inandırırdı ki, hər şey yaxşı olacaq. Biz düşmənin müqavimətin qırıb qalib gələcəyik,qələbə bizim olacaq. Şəxsi heyətin arasında çox böyük hörməti var idi, Səbuhinin. Çox gözəl qumbara atan idi. Hər atışında hədəfi dəqiq vururdu. Qorxu nə olduğunu bilməzdi. Atanda aramsız atırdı. Bir adəti var idi: Atəş açarkən qəzəblənirdi. Qışqırırdı, «çıxın torpaqlarımızdan, namərdlər» - deyirdi. Səbuhi Süleymanov bir qəhrəman kimi yaddaşlarımızda qalıb. O,Azərbaycanın bütövlüyü uğrunda canını fəda edən oğullarımızdan oldu. Səbuhi ilə Füzuli ,Cəbrayıl Hadrut Xocəvənd,Qubadli,Şuşa istiqamətində gedən döyüşlərdə olmuşam. Döyüşə gedərkən biz, adətən, mobil qruplara bölünərdik. Hərdən ayrı düşərdik. Döyüş vaxtı ayrı- ayrı istiqamətlərdən hücum etsək də, döyüşdən sonra yenə birləşirdik. Noyabrın 7-də Şuşa yaxınlığında Səbuhi ilə yenidən görüşdük. Biz Şuşaya çatmışdıq. Orada qayda- qanun var idi. Bizə verilən əmrə uyğun hərəkət edirdik. Dağlarla, sıldırım qayalıqlarla dayanmadan irəliləyirdik. Səbuhi olan qrup sol istiqamətə, mənim iştirak etdiyim qrup isə sağ istiqamətdə hərəkət edirdik. Ondan sonra mən Səbuhi ilə bir də görüşmədim. Kaş ki, bir qrupa düşərdik. Noyabrın 9-da mən Şuşa uğrunda gedən döyüşlərdə ağr yaralandım. Gözümü açanda özümü Hospitalda gördüm. Mənə dedilər ki,qələbə bizimdir, Qarabağ Azərbaycandır. Sevincimdən az qala dəli olacaqdım. Valideyinlərim yanıma gəlmişdi. Mən onlardan Səbuhini sörüşdum, Şəhid olduğunu dedilər. Səbuinin şəhid olma xəbərindən çox sarsıldım. Anasına,yaxınlarına Allahdan səbir arzu edirəm. Səbuhi daima onu tanıyanların, döyüş yoldaşlarının qəlbində cəsur, ölməz, qəhrəman bir döyüşçü kimi yaşayacaq. Səbuhi əsl kişi ,əsl döyüşçü obrazı idi.Belələrini yalnız kinoda görmək olar.Səbuhi gerçək bir qəhrəmandır.
Asif İsmailov, qazi, döyüş yoldaşı:
- Səbuhini müharibənin ilk günlərindən tanımışam. Çox sakit, mədəni, gülərüz bir oğlan idi. MAXE olduğunu bilmirdim. Hərbçidən çox müəllimə bənzədirdim onu. Üzündən nur, dilindən bal tökülürdü. Sonralar mənə dedi ki,4 ildir Vətənə xidmət edir. Mən vətənə xidmət sözünü təsadüfən demədim. Səbuhi təpədən-dırnağa kimi bu Vətənin, bu torpağın oğlu idi. Bəzən adama çox qəribə gəlirdi ki, insan da vətəni belə sevə bilərmiş? Səbuhi vətəni ana kimi, bacı kimi, sevdiyi bir qız kimi, sevirdi. Onun üçün vətən namus,şərəf idi.Təbii ki hamı vətənini sevir…Amma bu sakit oğlanda bu aşırı dərəcədə güclü idi.İçində qisas hissi bulaq kimi qaynayırdı. Adamla danışanda adamın ürəyi sakitləşirdi.İnsan nəyin uğrunda canını fəda etdiyin biləndə ölüm qorxusuz olur.Səbuhi də ölümü öldürə bilmişdi.Və bizə də bu hissi gözəl aşılaya bilmişdi. Çox qısa bir müddətdə təkcə silah yoldaşı deyil, eyni zamanda ürək dostu ola bilmişdik.Bizə öz həyatından ,anasından danışardı.Anasının onları böyütmək üçün çox əziyyət çəkdiyini,hər əzaba qatlaşdığını deyirdi…Çox böyük arzuları var idi…Çox təssüf edirəm ki, arzuları da ürəyində qaldı. Biz birlikdə Füzuli,Hadrut,Cəbrayil,Xocəvənd,Qubadlı,və Şuşaya kimi gedib çıxdıq…Hər döyüşdən çıxandan sonra da Səbuhidə daha gözəl bir xüsusiyyət kəşf edirdik.Allah bu insanı qayğı çəkmək üçün yaratmışdı.Çox doğma olmuşdu bizə. Elə bilirdim ki, bir ananın övladlarıyıq.Necə deyim insan su kimi saf idi.Bulaq suyu kimi dibi görünürdü.Ürəyi qızıl idi.Onunla birlikdə döyüşmək şərəf idi.Adamın ağlına ölüm qorxusu gəlmirdi.Onunla birlikdə olanda yalnız yaşamaq ,sevmək, döyüşmək, qələbə qazanıb qalibiyyət sevincini yaşamaq baradə düşünürdük…
Noyabrın 1-də biz Qırmızı Bazar istiqamətində idik. Bizə Şuşaya doğru irəliləmək və Şuşanı götürmək əmri gəldi. Keçilməz dağ yolları,meşəlik ərazi idi. Qırmızı Bazardan o tərəf hamısı Şuşa ərazisi sayılır.Biz qruplarla irəliləyirdik.Yollara da bələdçiliyimiz yox idi.Hava da çox duman olurdu. Bəzən biz yolu azıb Şuşa istiqamətində irəliləyən ordumuzun digər bölüyünün əsgərləri ilə birləşirdik. Elə olurdu ki, onda bir- birimizdən ayrı düşürdük Artıq noyabrın 5 olardı. Daşaltıya yaxın bir məsafəni qət etmişdik.Daşaltı yaxınlığında bizi düşmən pusuya saldı.Çox şiddətli atışma başladı.Başqa bölüyün əsgərlərindən bizə kömək gəldi. Düşmən sayımızın çox olduğunu və gücümüzü görüb geri çəkilmək məcburiyyətində qaldı. Biz irəlləyib mövqeləri götürdük. Həmin gecə yenə Səbuni ilə birlikdə qaldıq. Səhər təkrar hücuma keçib Daşaltı kəndini götürdük. Orada bizə əmr olundu ki, Şuşa şəhəri yaxınlığında yüksəkliyi götürək. Götürməli olacağımız yüksəklikdə erməni ordusunun böyük bir qüvvəsinin cəmləşdiyi qeyd olunurdu.Biz erməniləri məhv edib bu strateji əhəmiyyətli yüksəkliyi götürməliydik.Kəndlə getmək olmazdı. Düşmən yerimizi, mövqeyimizi, sayımızı görə bilərdi. Bizə keçilməz dağ yolları illə irəliləmək əmr olnmuşdu. Bir sutkadan da artıq qayalıqlarla, keçilməz aşırımlarla irəlilədik. Noyabrın 7- də səhər saat 6- da yenidən Şuşa yaxınlığındaki yüksəklikdə Səbuhi ilə rastlaşdım. İki gün idi ki, görüşmürdük. Hətta bizdə elə təsəvvür var idi ki, onları erməni pusuya salıb şəhid olublar.Təssəvür edin ki, qəfildən yüksək bir zirvədə sənin şəhid bildiyin adamla rastlaşırsan. Sarılmışdıq bir-birimizə.. 20 dəqiqəyə yaxın söhbət etdik.Ondan Raquf adlı döyüş yoldaşımızı, həmyerlimi soruşdum. Səbuhi bildirdi ki,Raquf Daşaltı əməliyyatı zamanı yaralandığı üçün təxliyyə gəlib onu hospitala götürdülər.Elə bu ara bizə hücum əmri gəldi, biz yenidən ayrıldıq . Artıq noyabrın 7-si gündüz saat 4-5 olardı, təkrar hücuma hazırlaşıdıq ki, yaxınlıqdan, hücum edib götürəcəyimiz ərazidə, qayanın arxasından bizim ordunun formasını geymiş iki əsgər göründü. Onları özümüzünkilər, Azərbaycan ordusunun əsgəri zənn etdik. Parol verdik bilmədilər. Əvəzində ermənicə söyüşlər eşitdik. Döyüş yoldaşlarımızdan biri “ermənidirlər” deyib qışqırdı. Elə bu an qayaların arxasından güllə üstümüzə yağış kimi yağmağa başladı.Mən güllədən qorumaq üçün cəld üzü üstə daşın arxasına atılıb döyüş hazırlığı almaq istəyirdim ki yaralandım.O an elə zənn etdim ki, artıq şəhid oluram..Bir 15 dəqiqə hərəkətsiz qaldıqdan sonra özümdə güc tapıb ayağa qalxdım.Gördüm ki ətrafım döyüş yoldaşlarımın cəsədi ilə doludur.Tək sağ qalan mənəm.Tez gəldiyimiz istiqamətdə irəlilədim. 3 nəfər əsgər və bir yaralı zabitimizə rast düşdüm. Onların da yaxınlığında şəhidlərimiz var idi. O şəhidlərdən biri də Səbuhi idi. Səbuhi ayağından yaralanmışdı. Bədəni isti idi. Cansız olduğu qətiyyən hiss olunmurdu. Elə güman etdik ki, Səbuhi güllə yarası alıb şok keçirib. Döyüş yoldaşımız ,Səbuhini çoxdan tanıyan MAXE Haciyev Misir Səbuhini ayıltmağa çalışdı.Üzünə su vurdu, nəfəs verdi, üzünü şillələdi…Artıq gec idi. Səbuhi ruhunu göylərə təslim edib üzü Şuşaya baxıb gülümsəyirdi…Sonradan məlum oldu ki, Səbuhi 5 .45 çaplı güllə ilə bədənindən də yara alıbmış. Şuşa, gözəl Şuşa uğrunda neçə canlar qurban getdi. Səbuhinin ən böyük arzusu Şuşada dalğalanan bayrağımızı görmək idi. Ondan cəmi bir neçə saat sonra Müzəffər Azərbaycan Ordusu o müqəddəs şəhərdən murdarların ayağını da, nəfəsini də birdəfəlik kəsdi. Hər gün yuxudan durub günəşin gülümsəyən şəfəqini görürəm. İlıq şualarını canımda hiss edirəm.Elə düşünürəm ki,səmamızı aydınlaşdıran ,günəşi güldürən Səbuhilərin ruhudur.
Şəhidin anası Südabə xanımın dediklərindən:
-Mən anayam. Oğlumun yoxluğu ağır olsada, İsmayılımla qürur duyuram, fəxr edirəm. Qucağımdakı bu balaca körpə Heydərin oğludur. Adını İsmayıl qoymuşuq. Onu qucağıma alanda, sinəmə sıxında İsmayılımın inadkar körpəliyi gəlir gözlərim önünə. Televiziyadan tez- tez eşidirəm ki, filan şəhidin oğlu olub. Elə kəndimizdə də bildiklərimdən son vaxtlar doğulan korpələrin çoxu oğlan uşağıdır. Allah yerlərini boş qoymur. Bir ölüb, min dirilmək, düşmənə göz dağı olmaq buna deyiblər. Olacağıq, törəyib-artacağıq…Ağrısı-acısı var… Həsrəti, göz yaşı var. Amma vətənimizin, torpağımızın bir qarışını kimsəyə verməyəcəyik. Torpağına sahib çıxmağı bacarmayan,qorumayan ,lazımı məqamda köksünü düşmənə sipər etməyi bacarmayan oğuldan kor qız yaxşıdır. Min əziyyətlə iki oğul böyütmüşdüm. Müharibə başlayandan ikisi də düşmənlə üz- üzə göz- gözə durdular. İsmayılımın ömrünü Allah belə yazıbmış…Bir şey olmasydı ,Allah əvvəldən belə məsləhət bilməsəymiş qurban günü doğulmazdı…Sinəsi hərbə meydan olan vətənimə minlərlə can qurban olsun.Təki Vətən sağ olsun. Bir şey demək istəyirəm. Xahiş edirəm bunu giley - güzar kimi də qəbul etməyəsiniz. İsmailimin ruhu inciyər, məndən narazı qalar. Oğlum ad-san, orden, medal üçün canını qurban verməyib. Oğlum vətənə əsgər olmaq üçün hərbi formanı əyninə geyinib.Canını ordenə- medala yox, bu vətənə qurban verib. Amma haqq-ədalət tapdalananda , ədalət yerin tapmayanda ana qəlbi dağlanır. Dərdimin üstə dərd gəlir. İsmayılım Şuşa uğrunda döyüşdə Şəhid olub. Nədənsə Şuşanın azad olunmasına görə medalı oğluma verilməyib. Hər gələn olanda, hər qapı döyüləndə düşünürəm ki, yəqin balamın haqqı tanınıb. İndi deyəcəklər ki, sənin İsmayılın da təltif olundu…
Öncə vətəndir. Vətən haqında uzun uzadı danışmaq ,taftalogiya açmaq niyyətindən çox uzağam.Vətən hər bir şeyin fövqündə durur. «Ana vətən» deyirik. Tərəddüdsüz deyə bilərəm ki, ana qədər əziz, ana qədər doğma, müqəddəs olan vətən, yeri gələndə anadan da üstün olur.Vətən yolunda tərəddüdsüz minlərlə gənc canını qurban verməyə hazır olduğunu göstərib, və əməldə sübut edib.Oğullarımız Vətən üçün özlərinin pohrə canlarına, həyatlarına qıydılar…Necə ki, biz bunu tarix boyu görə- görə gəlmişik. 44 günlük Vətən Müharibəsi də haqq müharibəsi olduğu üçün oğullarımız döyüşə tərəddüdsüz yollanmışdılar. Haqlı olduğumuz üçün, ədalətin bərpası üçün Vətən oğulları silaha sarılmışdılar. Bu 44 günlük müharibəni haqsızlığa, ədalətsizliyə, qeyri- insani davranışlara etiraz müharibəsi kimi də qəbul etmək olar. Südabə ananın dediyi kimi, oğullar ad-san, orden-medal üçün döyüşmürdülər. Vətən üçün, şərəf üçün, namus üçün silaha sarılmışdılar. İnanırıq ki, bu müharibədə iştirak edib, canını fəda edən heç bir şəhidin, qazinin, döyüşçünün haqqı tapdalanmayacaq. Hər kəs layiq olduğu qiyməti gec-tez alacaqdır. Bu gün ana vətənin, gözəl vətənin, bir adı da Səbuhidir, Elçindir, Elnurdur, Xəyaldır, Niftalıdır, Kərimdir…Bu vətən üçün canını qurban verib vətənləşən, bayaraqlaşan, Şəhid olan hər bir qəhrəmanımız bizə Vətən qədər əziz, Vətən qədər müqəddəsdir. Müqəddəs zirvədə qərar tutan o məqamın daha da uca olsun, şəhid balamız Səbuhi.
Elşən Qəni