22 iyul 2021 00:00
672

Azərbaycan Milli Mətbuatı 146 yaşında

Azərbaycanda milli mətbuatın, ana dilində çıxan ilk qəzetin nəşrə başlamasının 146-cı ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.

Milli-mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən düz 146 il keçir.

Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli oyanışın yeni mərhələsini təmsil edən "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü təsirini göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr etdirməklə, Azərbaycan demokratik mətbuatının bünövrəsini qoydu. "Əkinçi" Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi.

H.Zərdabi müxtəlif rubrikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostları Seyid Əzim Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır, məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi.

"Əkinçi" özündən sonra "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərinin, "Molla Nəsrəddin" jurnalının meydana çıxmasına yol açdı. İctimai fikir və mətbuat tariximizdə Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin yeri və rolu əvəzsizdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. Bu gün ölkədə 5 mindən çox media subyekti var.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin  sürətli inkişafına  ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etdi.

2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində medianın inkişafında keyfiyyət etibarilə yeni mərhələ başlanmışdır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar.

Həmkarlarımızı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.