27 iyul 2021 16:10
1819

COVID-19: Üç “qızıl qayda”ya mütləq əməl etməliyik

Sentyabrın 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, dövlət qurumları əməkdaşlarının, habelə bütün elm və təhsil müəssisələrinə və müəssisə işçiləri ilə bərabər yaşı 18 yaşdan yuxarı bütün təhsil alan şəxslərdən COVID-19 pasportu tələb ediləcək. Müəssisələrin işçilərinin ən azı 80 faizinin COVID-19 virusuna qarşı birinci doza vaksin, 1 oktyabr 2021-ci il tarixindən etibarən isə ikinci doza vaksin olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Eyni zamanda, bütün tibb və əczaçılıq müsəssisələrinin işçilərindən, elm və təhsil müəssisələrinin işçiləri ilə bərabər, yaşı 18-dən yuxarı bütün təhsil alan şəxslərdən də COVID-19 passportu tələb ediləcək. Bu tələblər mehmanxanalara, iri ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə də aid ediləcəkdir.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov bildirib ki, son günlər yoluxma sayında ciddi artım müşahidə edirik. Bu da yenidən karantin rejiminin sərtləşməsi və insanların həyatının risk altına düşməsi deməkdir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın vaksinasiya tələbinin mütləqliyini qərara alması çox vacibdir. Əfsuslar olsun ki, müşahidələrimiz onu göstərir ki, toyların kəçirilməsində və ümumiyyətlə, gündəlik həyatımızda karantin qaydalarına ardıcıl əməl edilmir. Toy mərasimləri zamanı toy sahibləri ilə qohumların bir araya gələrək bir biriləri ilə sıx təmasda olması yoluxma sayının artmasına bir başa təsir edir. İnsanları da başa düşmək mümkündür. Artıq iki ilə yaxındır ki, insanlar bir-birilərindən aralı düşüb və mentalitetimizi nəzərə alsaq, qohum canlı olmağımız başa düşüləndir. Lakin gəlin hazırda ümumi vəziyyətin nə dərəcədə ciddi və təhlükəli olmasını nəzərə alaq. Virus mutasiya edir. Virusun insan həyatı üçün ciddi təhlükə yaradan ştammları üzə çıxır. Heç kim istisna etmir ki, qarşıda virusun daha təhlükəli ştammları ilə üz üzə gələ bilərik.”

İctimai Birliyin sədri qeyd edib ki, bu ştamm bundan öncə qarşılaşdığımız ştammlara nisbətən daha təhlükəlidir: “Dünya COVID-19-un “Delta” ştammı ilə üz üzə qalıb. Dünya alimlərinin müşahidəsinə görə, “Delta” ştammının yoluxuculuq riski digər ştammlara nisbətən daha çoxdur. Xəstəlik simptomatik olaraq fərqli və ümumilikdə xəstəliyin gedişatı daha ağırdır. Nəzərə alsaq ki, yay mövsümü ilə əlaqədar insanların bir qismi hazırda xaricdədir və təxminən avqust aylarında Vətənə geri dönəcəkləri halda  yoluxma sayında artım riski yaranacaq. Bütün riskləri nəzərə alaraq dövlət qurumlarının insanların vaksinayayaya cəlb etməsi hazırkı və gələcəkdə proqnoz edilən ciddi risklərin qarşısının alınması üçün nəzərdə tutulub.”

Həmsöhbətimiz vurğulayıb ki, hazırda virusdan qorunmağımız üçün vaksinasiya olunmağımız vacibdir: “Amma vaksinasiya ilə paralel olaraq 3 “qızıl qayda”ya da mütləq əməl etməliyik. Bunlar şəxsi gigiyena, sosial məsafə və bütün qapalı məkanlarda mütləq maskadan istifadə edilməsidir. Dünyanı cənginə alan COVID-19 virusundan can qurtarmağımız üçün birliyimizi hər zaman  nümayiş etdirməliyik.”

Röya Rasimqızı, “İki sahil”