30 iyul 2021 21:32
543

ADA Universiteti və “Təmiz Şəhər” ASC şagirdlər üçün “Yay məktəbi” təşkil edib

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə məktəblilərin asudə vaxtlarını səmərəli keçirilməsinə xidmət edən sayca 6-cı “Yay məktəbi”nin bağlanış mərasimi baş tutub.  “İki sahil” xəbər verir ki, dörd həftə davam edən “Yay məktəbi”ndə iştirakçılara tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerji əldə edilməsi barədə ətraflı məlumat verilib. Bilik və bacarıq qazanmaq üçün əlverişli mühit olan bu düşərgəyə  müxtəlif təhsil müəssisələrindən xeyli sayda şagird qatılıb.

Yay düşərgəsinə dəvət olunan fərqli ixtisas və peşə sahibləri tərəfindən müxtəlif mövzularda nəzəri və praktiki təlimlər təşkil edilib. “Təmiz Şəhər” ASC-nin istehsalatda çalışan təlimçiləri tərəfindən tullantıların düzgün idarə edilməsində yeni yanaşmaların tətbiqi və tullantının həm də səmərəli xammal olduğu barədə şagirdlərə ətraflı məlumat verilib. Təbii ehtiyatların azaldığı və ehtiyacların artdığı bir dövrdə tullantıların təkrar emal prosesinə cəlb edilməsində hər kəsin rol ala biləcəyi vurğulanıb.

Məktəblilər akademik və yaradıcı mühitdə maraqlı vaxt keçirərək müxtəlif intellektual oyunlar, kommunikasiya, fotoqrafiya, kompüter proqram təminatı sahələri üzrə də ustad dərslərində iştirak ediblər. Həmçinin məktəblilərə  “Təmiz Şəhər” ASC- nin nəzdində fəaliyyət göstərən  “Tullantıdan Sənətə” muzeyinə maarifləndirici tur təşkil olunub. 

Ənənəvi olaraq hər il ADA univeristeti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”nin  sonunda  iştirakçılara sertifikatlar  təqdim edilib.