Dost ölkədəki meşə yanğınlarının alovu fəlakətə seyrçi qalan Qərbin, «Yaşıllar» partiyasının «buz bağlamış» münasibətlərinə təsir etmir
Türkiyədə geniş miqyasda baş verən meşə yanğınları qardaş Azərbaycan xalqını da çox üzür. Gözəlliyi, yaşıllığı, dənizləri ilə göz oxşayan, turistlərin istirahət üçün seçdikləri ən sevimli məkan olan Türkiyənin iqtisadi inkişafı, beynəlxalq aləmdə möhkəmlənən siyasi nüfuzu, bölgədə sülhün təminatına verdiyi töhfələr bu cənnətməkana yad baxışları narahat edir. İllərdən bəri Qərbin formalaşdırdığı terror təşkilatlarının törətdikləri fəlakətlərdən əzyyət çəkən Türkiyənin müxtəlif bölgələrində törədilən , minlərlə insanın ölümünə səbəb olan qırğınlar nəticəsində dövlətə dəyən ziyanı birgə aradan qaldıran türk xalqı həmişə həmrəylik göstərərək ölüm gətirən qüvvələrin vurduğu yaraları da milli birlikləri ilə sağaltmış, düşmənlərin sevinməsinə imkan verməmişdir. Dağlarda gizlənən PKK –ya, onun törəmələrinə qarşı mübarizədə möhkəmlənən kürd-türk birliyini sarsıda bilməyən qərəzli qüvvələrin hərbçilərə, asayiş keşikçilərinə, dinc sakinlərə qarşı törətdikləri hücumlar nəticəsində şəhid verən gözü yaşlı türk analarının övladlarının tabutları önündə söylədikləri «Təki Vətən sağ olsun!» sözləri düşmənə silahdan da güclü mənəvi zərbə, göz dağıdır. 2016-cı ilin 15 iyulunda bu həmrəylik qarşısında məğlub olan, Türkiyədə planlaşdırdıqları dövlət çevrilişi cəhdləri baş tutmayan düşmənlər bəd niyyətlərini meşə yanğınlarını törətməklə bildirdilər.
Türkiyənin demək olar ki, bütün turistik bölgələrindəki meşələrində yanğın törətməklə qardaş ölkəyə iqtisadi zərər vurmağa çalışanlar əsas gəlir mənbələrindən olan turizmi də hədəfə alıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanğından zərər çəkən bölgələri təbii fəlakət zonası elan etməsi ilə bütün türk xalqı fəlakətlə mübarizəyə səfərbər oldu.
Əsrlərin sınağından çıxan Türkiyə- Azərbaycan dostluğunun alternativinin olmadığı beynəlxalq səviyyədə təsdiqlənmiş həqiqətdir. Artıq tarixə qovuşmuş «Dağlıq Qarabağ münaqişəsi» başlanan gündən Azərbaycanın yanında olan, torpaqlarımızın bütövlüyünü, toxunulmazlığını bütün səviyyələrdə dəstəkləyən Türkiyənin 44 gün davam edən Vətən müharibəsində xalqımıza hərtərəfli köməyi tarixdə bənzəri olmayan qardaş yardımı idi. Türkiyədə dövlət çevrilişinə cəhd olan 2016-cı il 15 iyul hadisələrində qardaş dəstəyini əsirgəməyən Azərbaycan dövləti, xalqı bu ölkədə törədilən bütün terror hadisələrini pisləyərək birlik nümayiş etdirdi.
Türkiyədəki genişmiqyaslı meşə yanğınlarının söndürülməsində də bu dostluq sözünü dedi. «Dost dar gündə tanınar» atalar sözünə əməl edən Azərbaycan xalqı türklərin «Bir əlin nəsi var, iki əlin səsi» müdrik kəlamına uyğun olaraq yenə də birlik nümayiş etdirdilər. İlk gündən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana baş verən hadisə ilə bağlı narahatlığını və həmrəyliyini bildirən, həlak olanların ailələrinə başsağlığını çatdıran Prezident İlham Əliyev qardaş ölkəyə hər cür yardım göstəriləcəyini söylədi. Hazırda Türkiyədə davam edən meşə yanğınları ilə mübarizədə Azərbaycandan gələn yanğınsöndürənlər də iştirak edirlər. 100-ə yaxın meşədə törədilən yanğınların söndürülməsində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qardaş ölkənin yanğın söndürənləri ilə birgə əməliyyatlarda iştirak edirlər. Artıq meşə yanğınlarının 88-i nəzarət altına alınıb. Yanğın nəticəsində insanlara, tələf olunan mal –qaraya dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşən, əvvəllər də baş vermiş terrorlarda birlik nümayiş etdirən türk xalqı yenə də yanğına qarşı mübarizədə güc strukturları ilə birgə çalışır. İki qrup halında Türkiyəyə gələn Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 500 əməkdaşı, Muğla vilayətinin Marmaris bölgəsindəki yanğınların söndürülməsində iştirak edən həmyerlilərimiz ən qaynar nöqtələrdə türkiyəli həmkarları ilə birgə çalışırlar.
Yanğın-xilasetmə qrupuna «Amfibiya» təyyarəsi, helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları da daxildir. Adanada , Antalyada, Mersində, Muğlada, Osmaniyədə törədilən yanğınların qardaşlıq dəstəyi ilə söndürülməsi Türkiyə-Azərbaycan birliyinin növbəti təsdiqidir.
Təbii ki, getdikcə güclənən, iqtisadi qüdrəti artan, bənzəri olmayan yol-nəqliyyat layihələri ilə diqqəti cəlb edən regional təhlükəsizliyin qarantı olduğunu təsdiqləyən Türkiyə dövlətə xeyli ziyan vuran bu ekoloji terrora da qalib gələcək. İnsanlara vurulan maddi-mənəvi ziyanlar ödəniləcək. Bu kimi əməlləri ilə Türkiyə iqtisadiyyatını çökdürdüklərini zənn edənlər əksinə gözləmədikləri nəticənin şahidi olacaqlar. Xalq bir daha dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşərək daxili və xarici qüvvələrin bəd niyyətlərinin qarşısını milli birlikləri ilə alacaq. Bu birlik təsdiqlədi ki, Türkiyəni sarsıtmaq nəinki bir dövlətin, terror təşkilatının, dövlətlər toplusunun belə bacaracağı məkrli niyyət deyil. İllərdən bəri Türkiyədə bir ailə kimi yaşayan azsaylı millətlər arasında ayrı-seçkilik salmağa çalışanlar bu birlik qarşısında həmişə məğlub olublar.
Bu ilin may ayında Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsindən, bu günlərdə Türkiyənin, Azərbaycanın, Pakistanın imzaladıqları Bakı Bəyannaməsindən narahat olan və illərdən bəri işğalçı Ermənistanı dəstəkləyən dairələrin qardaş ölkədə törədilən yanğınlarda əlinin olması şəksizdir. Sosial şəbəkələrdə yayılan açıqlamalara görə, törədilən yanğınların məsuliyyətini üzərinə götürən «Atəşin uşaqları» adlı təşkilat olsa da, bu «uşaqları» təlimatlandıran «valideynlər» də vardır. O «valideynlər» ki, ermənilər tərəfindən vəhşicəsinə öldürülən 613 nəfərin qətliamına , Xocalı soyqırımına, ermənilərin 30 ildə işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri hərbi cinayətlərə, ekoloji terrorlara, barbarlığa göz yumdular. Öz maraqları naminə «Dağlıq Qarabağ münaqişəsi»ni yaratdılar və bu gün də tarixə xəyanət olan saxta «statusun» saxlanılmasında maraqlıdırlar. İllərdən bəridir ki, ən qəddar cinayətlərdə əli olan PKK-nı və onun törəmələrini, radikal qrupları müdafiə edib, terrorçuları silahlandırırlar. Arıkanda qətliam törətdilər. 47 nəfərin ölümü, 283 nəfərin yaralanması ilə nəticələnən İstanbulun Atatürk Hava Limanındakı terroru dəstəklədilər. İşğaldan azad olunan Azərbaycan torpaqlarında Ermənistan silahlılarının vəhşiliklərini görməkdən çəkindilər. İstanbulun «Gezi parkı»nda iğtişaşlar törətməklə dövlətə qarşı aksiyalar təşkil etdilər. Həmin qüvvələrin Azərbaycanda və Türkiyədə törətdikləri hərbi, ekoloji, mənəvi terrorların bir məqsədi, hədəfi var: Bu iki qardaş ölkənin dünya siyasətində güclənən mövqeyinə kölgə salmaq, sadiq qaldıqları ikili standartlardan istifadə etməklə bölgədə möhkəmlənən sabitliyə xələl gətirmək.
Amma unudurlar ki, tarixlərin sınağında bərkimiş, poladdan da möhkəm olan bu qardışlığı «yandıra» biləcək «alov» yoxdur. Bütün Azərbaycan xalqı yanan hər ağac üçün narahatlıq keçirir, azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə göstərdikləri fədakarlıqla qürur duyur. Çünki qardaşımızın yanan evi, bizim ocağımızdır. Bu narahatlıq bizim həmrəyliyimizdən qaynaqlanır. Ölkəmizdə Türkiyəyə yardım məqsədilə onlarla, yüzlərlə hesab açılıb. Sıradan çıxan ağacları əvəz edəcək fidanların toplanması təşəbbüsünə qoşulanların sayı artır. Türkiyəyə texnika ilə, canlı qüvvə ilə yardım edənlər arasında Azərbaycanla birgə , Rusiyanın, Ukraynanın, İranın iştirakı da həmrəylik nümunəsidir.
Ancaq günlərdir davam edən yanğınların alovu, istisi deyəsən hələ də seyrçi olan Qərb dövlətlərini bəd niyyətlərinin soyuğundan oyatmayıb. İnsanların faciəsi ilə müşahidə olunan yanğının planetdəki oksigen çatışmazlığına vurulan zərbə hesab etməyən Qərbin, o cümlədən «sivil» Avropanın insan hüquqlarının qorunması, təbiəti mühafizəsi ilə məşğul olan təşkilatlarının , «Yaşıllar»ın səsləri eşidilmir.
Azərbaycanda , Türkiyədə ermənilərin dirnağına dəyən daşı qaya hesab edərək ikili standartlardan qaynaqlanan münasibətlərini təhdid mexanizmi kimi işə salanlar qardaş ölkədə təbiətin məhvini laqeydcəsinə seyr edirlər. Olsun. Amma unutmasınlar ki, iki qardaşın birgə vuran ürəyinin hərarəti bütün yanğınları söndürmək gücündədir. Türkiyə ilə Azərbaycanın qardaşlığı yanan meşələrə su səpəcək, törətdikləri əməllərdən qızaran isə xainlərin üzləri olacaq. Əgər onlarda utanan üz varsa…
Xuraman İsmayılqızı, «İki sahil»