Qaragünlü Ermənistanın gününü göy əskiyə bükən hadisələr biri-birini əvəz etməkdədir. Hakimiyyətsizliyin idarəolunmaz hala saldığı, ağızın dediyini qulağın eşitmədiyi oyuncaq ölkədə hamının özünü söz sahibi hesab etməsi, siyasi partiyalar arasında qarşıdurmaların güclənməsi Bağdadın kor xəlifəsinin iddialarına bənzəyir. İqtisadi böhranın qarşısıalınmaz həddə çatdığı ölkədə sosial problemləri həll etmək üçün maliyyə imkanlarının olmaması baş nazir Nikol Paşinyanı çoxsaylı suallar qarşısında qoyub. O sualları həll etmək gücündə olmayan baş nazir yenə də yalan vədlərlə əhalini aldatmağa çalışır. Hələ də Ermənistanın məğlubiyyətini qəbul etmək istəməyən Nikolun tarixə atılmış «Dağlıq Qarabağın müstəqilliyi» ilə bağlı proqnozları da işə yaramadı. Xankəndidəki separatçı-terrorçu rejimin qondarma «müstəqillik günü” keçirmək» təşəbbüsləri də baş tutmadı. 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçıları qanunsuz «referendum»” keçirərək, muxtar vilayətin Azərbaycandan ayrılması ilə bağlı qəbul etdikləri qərarın 30 illik yubileyini qeyd etmək sevincləri içlərini qaraltdı. «Yubiley oyunu» ilə «Qarabağ münaqişəsi bitməyib» görüntüsü yaratmağa çalışan ermənilər yaxşı bilirdilər ki, onların dili ilə deyilsə «Artsax» artıq xəyali məfhumdur. Separatçıların «müstəqillik» istəkləri əbədi məhvə məhkumdur. Tədbirə qatılacağı gözlənilən sabiq prezidentlərin- Robert Koçaryanın və Serj Sarkisyanın «artsax»a gəlməmələri Rusiya sülhməramlılarının arxasında gizlənən separatçıları məyus etdi. İlk dəfə olaraq Ermənistan rəhbərliyi guya «problem yaratmamaq üçün» «yubiley tədbiri»ni ölü ruhla qeyd etdilər. Yaranan vəziyyət üçün hakimiyyəti tənqid edənləri sakitləşdirən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri V. Xaçaturyanın etirazçılara cavabı belə oldu: «Deməli, belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Bu cür addım atmaq zəruridir. Başqa heç nə axtarmayın.» Separatçıların təşkil etdikləri saxta yubileylərə qatılan deputatların Xankəndidə döyülməsi, Ermənistan hakimiyyətini ölən əsgərlərin qatili adlandırılması İrəvanı silkələyib.
Prezident Armen Sarkisyana, baş nazir Nikol Paşinyana, spiker Alen Simonyana ünvanlanan «Artsax» günü” deyirsiniz? Bəs belə bir gün keçirmək üçün nə etdiniz? Baxın, indi orada Azərbaycan nələr edir. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Bəs bizim hökumətimiz 30 il ərzində «artsax”» üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib. Bir dövlət də «dqr”»i rəsmən tanımadı. Və ümumiyyətlə, Ermənistan orada heç bir şey tikmədi, ancaq taladı, dağıtdı» sözləri ilə Ermənistan hakimiyyətini tənqid edən erməni siyasi icmalçı Xaçatur Xaçatryanın sözləri «dəlidən doğru xəbər» effekti yaradır.
Ermənistanın mif üzərində formalaşan hakimiyyətinin puçluğunu 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Zəfəri ilə sübuta yetirən Azərbaycan Füzuli Beynəlxalq Aeroportu sayəsində Qarabağın dünya dövlətləri ilə hava əlaqəsini yaradır. Tamamlanmaq üzrə olan Zəfər yolu Qələbəmizin bələdçisi kimi rayonları birləşdirir. Şuşaya gəlmək istəyən yerli sakinlərin, xarici turistlərin rahat gediş-dəlişi üçün yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir. Dünyada ilk təcrübə olaraq Laçın kimi yüksək dağlıq ərazidə aeroportun inşasına başlanılıb. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın qətiyyəti isə daha çox diqqəti cəlb edir. İşğaldan azad edilmiş torpaqlarda bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları Ermənistanın revanşistlərini əsəbləşdirir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq işləri sürətləndirilir, genişmiqyaslı layihələri icra etmək üçün bacarıqlı kadr potensialı formalaşdırılır. «Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur» deyən Prezident İlham Əliyevin söylədiyi kimi, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Müharibəni müharibə qanunları ilə aparan Azərbaycan Ermənistandan fərqli olaraq hərbi cinayətlər törətmədi, etnik təmizləmə aparmadı. Azərbaycan artıq tarixi ədaləti bərpa edir. «XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi» söyləyən Prezident, Müzəfər Ali Baş Komandan İlham Əliyev bildirir ki, imperiyanın havadarlığı ilə faktiki olaraq Azərbaycandan qoparılan Qarabağ artıq öz sahibinə qaytarılır.
«Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi» sözləri ilə qüdrətli Azərbaycanla müqayisədə Ermənistanda yaranan hakimiyyətsizliyi, erməni faşizminin, mahiyyətinin hələ də işğalçı dövlətdə hökm sürdüyünü bu xalqın faciəsi adlandıran Prezident İlham Əliyev bildirir ki, əsas hədəfimiz və məqsədimiz olan Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəmir və avtomobil yollarının bərpası tarixi missiya olmaqla Qələbəmizi şərtləndirdi. Belə ki, «artsax» iştahasında olanlar imzalanan üçtərəfli Bəyanatı və Prezident İlham Əliyevin bu sözlərini xatırlasınlar: «Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu, «müstəqil dövlətdir.» Uzun illər bunlar «müstəqil dövlət”» kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan… Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq.»
Xuraman İsmayılqızı, «İki sahil»