08 sentyabr 2021 00:56
1294

"Saman altından su yeridən” ermənilər və ermənipərəstlər

Vaxtilə  sonuncu sovet  fironu Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək çoxdan ürəklərində gizlin saxladıqları saxta  “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün üzə  çıxdılar.  Qarabağ münaqişəsinin alovlanmasından qabaq bir sıra tanınmış erməni “ziyalılar” Qarabağın Ermənistana birləşdirilməli olduğunu ABŞ- da və Avropada fəaliyyət göstərən erməni mətbuatında bildirdilər. Bunların sırasında Zori Balayanın, Silva Kaputikiyanın, Serqey Mikoyanın (Anastas Mikoyanın oğlu) və  onlarla  başqalarının adlarını  göstərmək olar.

1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə nəşr olunan “L’Humanité”  qəzetinə müsahibəsində  Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirdi. Ermənilər M.Qorbaçova  ermənipərəst arvadı vasitəsilə təsir edirdilər. 1988-ci ilin fevralında M.Qorbaçov ilə bu mövzuda ilk rəsmi görüşə gedənlər Zori Balayan və Silva Kaputikyan oldular.

Onların ikisi də Azərbaycan xalqına qatı düşmən olduqlarını  rəsmi, qeyri-rəsmi  çıxışlarında da gizlətmirdilər. Zori Balayan isə  özünün də etiraf etdiyi  kimi, türklərə qarşı bir çox vandal fikirlərin və əməllərin müəllifidir. O, Xocalı qətliamının qatillərindəndir, bütün mətnləri irqçi, faşist ideyalarla,  Azərbaycan  türklərinə  qarşı soyqırımı təklifləri ilə zəngindir.

Qarabağ münaqişəsində fəallığına görə 2006-cı ildə  Z. Balayana "Artsaxın qəhrəmanı" fəxri adı veriləndə ona Şuşa şəhərində təmtəraqlı təltif mərasimi keçirilmişdi...

Sən demə,  85  yaşlı  uşaq qatili ötən ilin sentyabr ayının sonlarında Şuşaya, erməni ordusuna ideoloji təlim və mənəvi dəstək verməyə gəlibmiş.  Lakin zavallı və saxta "qəhrəman" rəşadətli  Azərbaycan Ordusunun Zəfər yürüşündən  qorxuya düşüb  Şuşadan birbaşa İrəvana qaçıb. O vaxtdan bəri irqçi, faşist  Zori Balayanın dəfələrlə ölüm xəbəri yayılsa da,  86 yaşlı Zori hələ gəbərməyib. Sadəcə,  övladlarını qırğına verdiyi erməni analarına daha deməyə sözü yoxdur!..

Hər fürsətdə erməni təbliğatı aparan və bunu əsasən ABŞ-ın xarici siyasətində əhəmiyyətli yer tutan Hollivudda  gerçəkləşdirən   erməni əsilli porno-ulduz Kim Kardaşyanın da səsi “batıb.”  Qəribə olsa da  bu gün dünyada  bir çox  məşhurların “erməniliyi” məhz analarının erməni olması ilə izah edilir. Hətta ,  Xankəndidə qondarma “dqr” rejiminin təsis etdiyi  “Anaların minnətdarlığı” medalı ilə əslində, ataları digər xalqların nümayəndələri, anaları isə etnik erməni olanlar təltif edilirdi.  Bu mükafatı alanlar arasında Ermənistanın sabiq müdafiə naziri, anası erməni olan Seyran Ohanyan da var… Rəsmi məlumata görə, onun atasının  azərbaycanlı  olduğu və 1961-ci ildə Şuşada  anası Aida Ohanyanla ailə həyatı qurduğu, 1969-cu ildə  isə ayrıldığı bildirilir.

44 günlük  Vətən müharibəsində  ermənipərəstliyini nümayiş etdirən məşhurlardan biri də çox təəssüflər ki, Azərbaycanda çoxsaylı oxucusu olan və Fransanın   Strasburq şəhərində  doğulmuş məşhur türk yazıçısı Elif Şafak oldu. O, şəxsi “Twitter” hesabından Ermənistana dəstək məqsədli paylaşım edərək  erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını təqdir etmiş  və HDP-nin erməni əsilli deputatına təşəkkürünü bildirmişdi.

Yeri gəlmişkən,  onun  ingilis dilində qələmə aldığı və  2006-cı ildə nəşr olunan "Ata və bic" ("Baba ve Piç") romanı Türkiyədə böyük səs-küyə səbəb olmuşdur. Əsərdə biri türk, o biri isə erməni əsilli iki ailədən bəhs  edən müəllifə  “Türklüyü təhqir etmə” maddəsi ilə cinayət işi  açıldı.  Lakin  o zaman  kifayət qədər dəlil tapılmadığına görə  Elif Şafak bəraət aldı.

Ötən ilin noyabrında   Fransanın məşhur “Le Figaro” nəşri Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlanmış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlamışdı.  Erməniləri dəstəkləyənlər arasında Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları vardı. 

Bu gün Rusiyada bütün məşhur filmlərdə, teleaparıcılar, parodiyaçılar  arasında ermənilər  və ermənipərəstlər çoxluq təşkil edir. Bəzən  rus dedektiv seriallarının, hətta 1941- 1945 -ci ilin müharibəsindən  bəhs edən (müasir dövrdə çəkilən)  filmlərin qəhrəmanlarının  çoxu da ermənilər  olur. Belə çıxır ki, alman faşizmi üzərində qələbədə  o zaman SSRİ-də yaşayan başqa millətlərin deyil, yalnız ermənilərin payı olub... 

Ermənipərəst ssenari müəllifləri və rejissorlar  bir dəfə də olsun  Hitler Almaniyası üzərində qələbədə misilsiz rol oynayan  Azərbaycan neftindən, nə də xalqından bəhs etməyiblər.

Azərbaycan  müstəqilliyini  bərpa  edəndən  sonra Rusiya  hər zaman ölkələrimizin  bir-biri ilə səmimi dostluq, mehriban qonşuluq münasibətlərindən, bərabərhüquqlu dövlətlər səviyyəsində əməkdaşlıq etdiklərindən ağızdolusu  bəhs edir. Əgər gerçəkdən  Rusiya dövləti  Azərbaycanla səmimi dostluq, mehriban qonşuluq, bərabərhüquqlu dövlətlər səviyyəsində əlaqələrini qurubsa  o zaman bunu sözdə deyil, əməldə sübut etməlidir. Çox  təəssüflər olsun ki, bu gün  Qarabağda  yerləşən rus sülhməramlı qüvvələri öz   imkanlarından istifadə edib bölgədə sülhü, sabitliyi bərqərar etməklə dünyaya özünü sülhsevər bir dövlət kimi təqdim etmək əvəzinə, fəaliyyətində bunun əksini nümayiş etdirir. “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyən Rusiya  dövləti sülhməramlılarının  Qarabağda  beynəlxalq hüquq normalarına  əməl etməmələri və açıq-saçıq ermənipərəst  mövqe tutmaları  yolverilməzdir.

Nurəddin Muğanlı “İki sahil”