08 sentyabr 2021 13:52
1758

TAP boru kəməri: Azərbaycandan Avropaya uzanan strateji körpü

Trans Adriatik Boru kəməri (TAP) Cənub Qaz Dəhlizi (CQD) layihəsinin Avropa ayağını meydana gətirir. Türkiyə-Yunanıstan sərhədindən başlayan bu boru kəməri Yunanıstan və Albaniyadan keçərək, İtaliyanın cənubunda yerləşən Apulia bölgəsinə qədər uzanır. 31 dekabr 2020-ci ildə istismara verilən boru kəməri, ilk mərhələdə 10 milyard m³, gələcəkdə isə əlavə kompressor stansiyaları vasitəsilə 20 milyard m³ həcmində təbii qazın nəqlini həyata keçirə biləcək. Bu istiqamətdə, 10 milyard m³-lik qaz  “Şahdəniz” konsorsiumu tərəfindən Avropadan 8 şirkətə 25 illik müqavilə əsasında satılıb. Bu miqdarın 8 milyard m³-i İtaliyanın, 1 m³-i Yunanıstanın və 1 m³-i Bolqarıstanın payına düşür. Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyan boru kəməri, həm Azərbaycana, həm də tranzit ölkələrə bir sıra üstünlüklər vəd edir.

Məlum olduğu kimi, CQD layihəsi Azərbaycanın öncüllüyündə həyata keçirilib və bu layihəni meydana gətirən bütün seqmentlərdə Azərbaycan pay sahibidir. Bu seqmentlərin hər birinin Azərbaycan üçün ayrı-ayrı əhəmiyyəti var, ancaq TAP boru kəməri Avropa ilə Azərbaycan arasında, bir növ, körpü funksiyasını yerinə yetirir. Belə ki, Azərbaycan ilk dəfə 2007-ci ildə Gürcüstan və Türkiyə bazarlarına qaz ixrac etməyə başlayıb və bu öhdəliyini 14 ildir ki, etibarlı tərəfdaş kimi yerinə yetirir. Ancaq Azərbaycan üçün dünyanın ən böyük enerji bazarlarından biri olan Avropa bazarına birbaşa çıxış əldə etmək əsas hədəflərdən biri olub. Beləliklə, TAP boru kəmərinin istismara verilməsi ilə CQD layihəsi faktiki olaraq tamamlanmış oldu və Azərbaycan tarixində ilk dəfə olaraq öz təbii qazını birbaşa dünyada təbii qazın ən çox idxal edildiyi Avropa bazarına nəql etməyə başladı. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu gün dünyada kifayət qədər ölkələr var ki, enerji ehtiyatları baxımından zəngindir. Ancaq bu ölkələr marşurut yollarını şaxələndirə bilmədiyi və üçüncü tərəflərdən asılı vəziyyətdə olduğu üçün enerji ehtiyatlarını inkişaf etdirə bilmirlər. Bu baxımdan CQD həm də Azərbaycanın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinə dəyərli töhfə verir. Bundan başqa, CQD layihəsi ona imkan yaradıb ki, Azərbaycan öz təbii qaz yataqlarını inkişaf etdirə bilsin, bu istiqamətdə öz hasilatını, təbii qaz ixrac potensialını artıraraq gəlirlərini optimallaşdırsın. Qeyd edək ki, neftdən fərqli olaraq təbii qazın saxlanılması olduqca çətindir. Təbii qaz əsasən yeraltı qaz anbarlarında saxlanılır və bu da böyük vəsaitlər tələb edir. Buna görə təbii qaz yataqlarına investisiya qoyulmadan əvvəl ilk növbədə infrastruktur imkanlarına baxılır. Əgər infrastruktur qurulubsa və hədəf bazarlara çıxış əldə etmək mümkündürsə, ondan sonra o yataqlara investisiya qoyuluşu həyata keçirilir. Bu baxımdan CQD layihəsi Azərbaycanda həm “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi, həm də “Qarabağ”, “Abşeron”, “Ümid” kimi yataqların inkişaf etdirilməsi, gələcəkdə ölkənin digər perspektiv strukturlarının inkişafı və bu çərçivədə ölkənin təbii qaz ixrac potensialının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu da, təbii olaraq, Azərbaycan iqtisadiyyatının inkişafı, büdcə daxilolmalarının artırılması, eyni zamanda, ölkəyə xarici valyuta axınının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

TAP boru kəməri, əsasən, Cənub-Şərqi Avropa bazarını hədəfləyir, hansı ki, bu bazarda təbii qaz çatışmazlığı mövcuddur və bu coğrafiyada yerləşən ölkələrin əksəriyyəti tək mənbədən asılıdır. Bu səbəbdən Cənub-Şərqi Avropa bazarında təbii qazın qiymətləri Avropanın digər bazarlarına nisbətən yüksəkdir. Bu da Azərbaycana təbii qaz satışlarından əlavə qazanc əldə etmək imkanı yaradır.

İlkin olaraq Azərbaycan qazı Avropada Yunanıstan, Bolqarıstan və İtaliya bazarları üçün nəzərdə tutulsa da gələcəkdə interkonnektorlar vasitəsilə bir çox ölkələrə daşınması mümkün ola bilər. Xüsusilə Cənub-Şərqi Avropada yerləşən Albaniya və Monteneqro kimi ölkələrdə təbii qaz infarstrukturu yoxdur və bu ölkələr yanacaq növü olaraq, əsasən, kömürdən istifadə edirlər. Ancaq sözügedən ölkələrin uzunmüddətli hədəfləri Avropa İttifaqına (Aİ) üzv olmaqdır. Bunun üçün vacib məsələlərdən biri də, Aİ normaları çərçivəsində, karbon emissiyasını azaltmaqdır. Təbii qaz fosil yanacaqlar içərisində ən təmiz yanacaq sayıldığından, bu ölkələr enerji istehlakında, əsasən, təbii qazdan istifadə etməyi, bu istiqamətdə, təbii qaz infrastrukturuna investisiya qoymağı hədəfləyirlər. Beləliklə, TAP boru kəməri gələcəkdə təbii qaz gətirməklə, sözügedən ölkələrdə təbii qaz bazarlarının formalaşmasına zəmin yarada bilər. Ümumilikdə boru kəmərinin əhatə dairəsinin genişləndirilməsi, öz növbəsində, Azərbaycanın Avropa ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, xüsusilə də Cənub-Şərqi Avropa bazarlarında yeni imkanların ortaya çıxmasına töhfə verəcək. Hazırda Azərbaycan həm Gürcüstan, həm də Türkiyə bazarlarında təbii qazın paylanma əməliyyatını həyata keçirir. Gələcəkdə Azərbaycan Balkan ölkələrində də “daunstrim” layihələrinə daxil olaraq iqtisadi dividentlərini artıra bilər. Bununla yanaşı, mənbə qismində də üçüncü tərəflər CQD layihəsinə qoşula bilərlər. Belə ki, Türkmənistan, Qazaxıstan kimi ölkələrin, digər tərəfdən İsrailin qazı TAP vasitəsilə gələcəkdə Avropa bazarlarına daşına bilər. Nəzərə alsaq ki, CQD layihəsi Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlib, bu da təbii olaraq Azərbaycanın bu ölkələr arasında strateji əhəmiyyətini daha da artıracaqdır. Əlavə olaraq Azərbaycan TAP konsorsiumunda 20%-lik paya sahibdir. Başqa sözlə, Azərbaycan öz qazını Türkiyədə olduğu kimi, Avropada da öz boru kəməri vasitəsilə daşıyaraq həm nəqliyyat xərclərini, həm də nəqliyyat risklərini azaldaraq əlavə iqtisadi dəyər yarada biləcəkdir. TAP layihəsi Avropada karbon emissiyasının azaldılması istiqamətində də çox önəmli funksiyanı yerinə yetirir. Bu gün Avropanın əsas strategiyalarından biri 2030-cu ilə qədər karbon emissiyasını 1990-cı illə müqayisədə 55% azaltmaqdır. Beləliklə, TAP Avropanın “yaşıl enerji”yə keçid strategiyasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəyərli töhfə verəcəkdir.

Emin Axundzadə,

energetika məsələləri üzrə ekspert, fəlsəfə doktoru