09 sentyabr 2021 08:08
1284

Vətən müharibəsi şəhidinin ad günü qeyd edilib

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəzər rayonunun Mərdəkan qəsəbəsindən olan Nehmətov Ceyhun Etiqad oğlunun ad günü uyuduğu II Fəxri Xiyabanda məzarı önündə qeyd olunub”İki sahil8 xəbər verir ki, 8 sentyabr 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Namiq Əhmədov, Millət Vəkili Rauf Əliyev, qəsəbə sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din adamları iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Həmçinin, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Mərasimdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirib.

Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.