13 sentyabr 2021 22:13
2644

«Üç Qardaş – 2021» beynəlxalq təlimi həm də terrorla mübarizə aparmaq üçün mühüm əhəmiyyət kəsb edir - Şəbnəm Həsənova

İkisahil.TV-nin bugünkü müsahibi politoloq Şəbnəm Həsənovadır

- Şəbnəm xanım, «Üç qardaş – 2021» beynəlxalq təliminin keçirilməsi yeni reallıqdan doğan zərurətdir. Beynəlxalq təlimlərin keçirilməsi nə anlamına gəlir?

- Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti səbəbindən Azərbaycana həm ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində, həm də beynəlxalq təşkilatlar səviyyəsində əməldə dəstək olan Türkiyə və Pakistan dövlətlərinin dəstəyi eynilə Vətən müharibəsində olduğu kimi, postmüharibə dövründə də davam edir.  Tarixə nəzər yetirilən zaman əyani faktlar və konkret addımlar sübut edir ki, bir tərəfdə Ermənistanla sərhədlərini bağlayan Türkiyə dövləti idisə, digər tərəfdə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr məhz Pakistanın dəstəyi ilə qəbul olunmuşdur. Bu iki dövlət qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu ilk günlərdən açıq şəkildə masa üzərinə qoymuşdur. Hər iki dövlətlə bizi bir-birimizə yaxın edən dini, mədəni amillərdirsə, digər bir məsələ də mürəkkəb coğrafi məkanda yerləşən ölkələrimizin üz-üzə qaldığı siyasi problemlərin oxşarlığı və mübarizə apardığımız hədəflərimizin ortaq olmasıdır. 30 illik işğala son qoyan haqq savaşımızın nəticəsi olan Böyük Zəfərimizin eyni coşqu və istəklə həm Türkiyədə, həm də Pakistanda qeyd olunması da xüsusilə vurğulanmalıdır. Münasibətlərimizin bu dərəcədə yüksək səviyyədə olması sadəcə dövlətlər səviyyəsində kifayətlənməyib, həm də xalqlararası münasibətlərimizə sirayət edib. Belə ki, xalqımız Türkiyə və Pakistan ilə bağlı öz hisslərini müharibə zamanı Azərbaycanın hər bir bölgəsində Türkiyə və Pakistan bayraqlarını dalğalandırmaqla göstərdi. Sadalanan faktların hər biri Azərbaycan-Türkiyə-Pakistan münasibətləri haqqında dolğun təsəvvür yaratmağa imkan verməklə yanaşı, üç ölkə arasında dostluğun və qardaşlığın ən dərin və aydın təzahür forması olduğunu sübut edir.

-"Üç Qardaş - 2021" beynəlxalq təliminin terrorla mübarizədə nə kimi rolu olacaq?

-"Üç Qardaş - 2021" beynəlxalq təlimləri hər üç ölkənin hərbi qulluqçuları arasında müharibə və sülh zamanı geniş bilik, təcrübə və fikir mübadiləsi aparılacaq və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcək. Eyni zamanda,  xalqlarımızın zamanın, mövcud və ola biləcək çağırışların sınaqlarından uğurla çıxmasına kömək olacaq. "Üç qardaş - 2021" beynəlxalq təlimi həm də terrorla mübarizə aparmaq üçün mühüm əhəmiyyət kəsb edir. Terror qruplaşmaları öz məkrli əməllərini həyata keçirmək üçün müasir texnologiyalardan yeni üsul və metodlar kəşf etmək məqsədilə istifadə edirsə sözügedən beynəlxalq təlim də üç dövlət arasında qarşılıqlı təcrübə mübadiləsi aparılaraq bu üsullara qarşı birgə fəaliyyət planı qurmaq və mübarizə aparmaq baxımından əlverişlidir.

- Vətən müharibəsinin yaratmış olduğu reallıq ölkənin siyasi münasibətlərinin formalaşmasına yeni bir nəfəs gətirdi. Bu reallıqlar kontekstində siyasi partiyalarala yaradılan dialoq mühiti daha da dərinləşdirilir. Onların siyasi və ictimai idarəetmədə iştirakı genişlənir. Bu məsələni necə xarakterizə edərdiniz?

- Azərbaycan dövləti ərazilərinin 30 illik işğalına son qoymaqla, beynəlxalq təşkilatların icra etməli olduqları qətnamələri beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə özü yerinə yetirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıq formalaşdırdı. Heç şübhəsiz, yaradılan yeni reallıq ölkə daxilində siyasi münasibətlərə də sirayət edir. Siyasi sistemin daha da təkmilləşməsi baxımından siyasi partiyalarla ardıcıl və silsilə görüşlərin keçirilməsi cəmiyyətdə siyasi proseslərə yeni bir baxış, yeni bir yanaşma formalaşdırıb ki, məhz bunun özü də ölkədə cəmiyyətdaxili inamın dərinləşməsi, xaricdən isə gələ biləcək təzyiqlərin qarşısının daha da qətiyyətli alınması məsələlərində özünü büruzə verir.

Ümumiyyətlə, modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq istiqamətində vaxtla yarışarkən, zamanın nəbzini tutaraq yeni reallıqlar yaratmaq və dünyanın qlobal çağırışlarına adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə - mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir. Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifənin açıldığı və inkişaf mərhələsinin başladığı reallıqlar kontekstində sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə «Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq» mövzusunda keçirilən görüşü də məhz yaradılan yeni reallığın ölkə daxilində formalaşan müasir siyasi mühitə və siyasi münasibətlərə də sirayət etməsindən xəbər verir. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin görüşdə iştirak edən siyasi partiya rəhbərlərinə Prezident İlham Əliyevin adından ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü çatdırması bir daha təsdiqləyir ki, Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir, onlar üçün bərabər imkanlar platforması təqdim olunur.

-Bu gün Azərbaycanda müxalif siyasi partiyalar və fiqurlara düşüncələrini, fikirlərini sərbəst şəkildə ifadə etmək üçün geniş platformalar təqdim olunur. Bunu necə izah edərdiniz?

- Siyasi dialoqun çox gərgin və çətin proses olmasına, onun baş verməsi üçün heç bir düstur və ya texnikanın mövcud olmamağına baxmayaraq, Azərbaycan dövləti bu işin də öhdəsindən gəldi. Siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar. İqtidar-müxalifət dialoqunun yaradılması, qərargahı olmayan 22 siyasi partiya üçün ofislərin ayrılması, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması demokratik mühitin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından atılmış olduqca mühüm addımlardır. Heç şübhəsiz ki, yaradılan imkanlar, iqtidarın hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan etməsi ümummilli məsələlərdə onların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirilməsi işinə də təkan verir. Ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platformasının təqdim olunması ilə Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başladıb. Ölkəmizdə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar bəhrəsini verir. Xüsusi vurğulanmalı məsələ isə çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesidir.

- Təəssüf ki, demokratik Azərbaycan cəmiyyətində çoxluğun iradəsini pozmağa, təhrif etməyə və ya qəsb etməyə meyilli olan "məkrli maraqlar"a xidmət edən bəzi siyasi partiyalar və qüvvələr də mövcuddur. Bununla bağlı nə deyərdiniz?

- Təəssüf ki,  elədir. Onlar ümummilli dialoq platformasından kənarda qalır, dövlətimizin ümumi maraqlarına və hədəflərinə çatmaq istiqamətində atılan addımlardan uzaq durur. Bu qüvvələrin fəaliyyəti ümummilli maraqların əksinə getdiyi üçün cəmiyyət tərəfindən də qəbul olunmur, ictimai rəyə və münasibətlərə təsir göstərmir. Müharibə bitsə də postmüharibə dövründə müxtəlif informasiya təxribatlarına rast gəlirik. Nəzərə alsaq ki, siyasi partiyalar vətəndaşın siyasi proseslərdə iştirakı üçün institusional zəmin yaradır və bu qurumlar olmadan siyasi və ictimai münasibətlərdə iştirak etmək xaotik, təsirsiz mənzərə və çoxlarının hesabına azlara ya da öz maraqlarının əsirinə çevrilən dar bir qrupa xidmət etmək fürsəti yaradırsa, siyasi partiyalar cəmiyyətin daha geniş spektrinin maraqlarını təmin etməyə çalışmalı, konkret həll variantları təklif etmələri baxımından digər siyasi və ya ictimai birliklərdən fərqlənməlidirlər. Məhz bu reallıqlar nəzərə alınmaqla dövlət və xalq naminə olan həssas məsələlərdə dövlətin təməl prinsiplərinə, ölkənin ümumi maraqlarına xidmət edərək birgə sinxron addımların atılması, ayıq-sayıq davranmaq, düşmənə qarşı mübarizədə daha da sərt mövqe tutmaq və birlik nümayiş etdirmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşmək bütün siyasi partiyaların ən ümdə vəzifəsi olmalıdır.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»