14 sentyabr 2021 00:00
1179

Möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq

«Yeni əsrin müqaviləsi»nin imzalanmasından 4 il ötür

«O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.» Dövlət başçısı İlham Əliyevin 2017-ci il sentyabr ayının 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində söylədiyi bu fikirlər Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların təqdimatıdır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, iqtisadi qüdrətinin artmasında, beynəlxalq münasibətlər sistemində yerinin və rolunun müəyyənləşdirilməsində «Əsrin müqaviləsi»nin rolu böyükdür. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bugünkü reallıqlarda öz təsdiqini tapıb. Bu gün dünya inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs edirsə və onun öyrənilməsinin vacibliyi bildirilirsə, bu, bir daha düzgün qurulan siyasətin göstəricisidir.

Azərbaycan hələ qədim dövrlərdən bütün dünyada Odlar Diyarı, neft ölkəsi kimi tanınmış, dünya neft tarixinə bir çox yeniliklərlə imza atmışdır. Neftin sənaye üsulu ilə çıxarılmasına, boru kəməri ilə nəqlinə, tankerlərlə daşınmasına məhz Azərbaycanda başlanmışdır. Bu da onu deməyə əsas verir ki, ölkəmiz malik olduğu təbii resurslardan daim səmərəli istifadə etməyə, iqtisadi və siyasi imkanlarını genişləndirməyə səy göstərib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin əsasını qoydu. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini irəli sürərək, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə işlənib hazırlanan neft strategiyası Azərbaycanın bugünkü uğurlarının təməli oldu. Bu fikir hər zaman önə çəkilir ki, dünyada neftlə zəngin çox ölkələr var. Amma o sərvətlər həmin ölkələrə heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda neft strategiyasının dünya ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması bu kimi problemlərin ortaya çıxmamasını şərtləndirdi. Neft gəlirlərinin düzgün idarə olunması, ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin təminatında əhəmiyyətli rol oynadı.

«Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. «Əsrin müqaviləsi» Azərbaycana inamın artmasında əhəmiyyətli rol oynadı. Ulu öndər Heydər Əliyev bildirirdi ki, heç bir ölkə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. «Əsrin müqaviləsi»nin imzalanması ilə bu tezisin reallığa əsaslandığı bir daha öz təsdiqini tapdı. Azərbaycana inamın artması investisiya axının sürətlənməsində özünü qabarıq şəkildə büruzə verdi. İnkaredilməz faktdır ki, uğurlar yeni hədəflərin müəyyənləşdirilməsində açardır. Ümummilli Liderin uzaqgörən siyasəti, ölkənin iqtisadi potensialını, perspektiv imkanlarını, ən əsası isə neftin müasir dünyanın enerji siyasətində oynadığı rolu düzgün qiymətləndirməsi əldə olunan uğurların əsasını təşkil edib. Ulu Öndər bildirirdi ki, güclü iqtisadiyyat hər bir ölkənin dünya miqyasında əlverişli geosiyasi mövqelərə sahib olması üçün əsas şərtdir. Bu fakt da hər kəsə bəllidir ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Təhlil aparsaq, bu diqqət və marağın ayrı-ayrı dövrlər üçün müxtəlif olduğunun şahidi olarıq. Təbii ki, bu da ölkəmizin iqtisadi imkanlarının artmasından, eyni zamanda, ictimai-siyasi sabitliyin mövcudluğundan irəli gəlir. Müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Xarici investorlar qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması bu tərəddüdlərin aradan qalxmasına səbəb oldu. Ulu öndər Heydər Əliyev qətiyyətlə bildirirdi ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır, onlar ölkə iqtisadiyyatına qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər.

Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərdi. Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Bu layihələrin reallığa çevrilməsi ilə Azərbaycan əməkdaşlıq məkanı olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi məqsədilə 1999-cu ilin dekabrında yaratdığı Dövlət Neft Fondunda toplanan vəsaitlər mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə stimul verdi.

Bu reallıq da daim önə çəkilir ki, regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi əsasında reallığa çevrilən layihələrin davamı olaraq 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. «Əsrin müqaviləsi»nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə dövlət başçısı İlham Əliyev son illər ölkəmizin öz enerji siyasətini ardıcıl şəkildə irəliyə apardığını önə çəkərək keçirilən mərasimi görülən işlərin zirvəsi kimi dəyərləndirdi: «Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi. Hazırda layihə tam hazırdır… Əlbəttə, biz gələcəkdə çalışmalyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır.» Dövlət başçısı Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin icrası nəticəsində həm Azərbaycanın, həm də qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyini, ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərini göstərdiyini diqqətə çatdırdı.

Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə yönəlmiş qlobal məsələlərin danışıqlar vasitəsilə həllinə inamı artırır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev reallıqlar fonunda bu fikri böyük qətiyyətlə və inamla söyləyir: «Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi- Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişmişdir.»

Qeyd etdiyimiz kimi, 2017-ci il 14 sentyabr tarixində «Yeni əsrin müqaviləsi»nin imzalanması ilə “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılan sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. «Yeni əsrin müqaviləsi» müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

«Yeni əsrin müqaviləsi»nin imzalanmasından ötən dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirək. 2018-ci il mayın 28-də Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı oldu və bununla da onun tikintisi tamamlandı. 2020-ci il dekabrın 31-də TAP layihəsi tamamlanaraq istifadəyə verildi. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq. 2018-ci ildə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi.

2017-ci ilin 8 noyabrında iki milyardıncı ton neftin hasil olunması təntənə ilə qeyd edildi. Bu münasibətlə keçirilən təntənəli mərasimdə ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır.

O da məlumdur ki, 2015-ci ildən başlayaraq hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri keçirilir. Bu görüşlər ötən ilin hesabatı, qarşıdakı dövrün prioritetlərinə baxışdır. Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirib, dünyanın enerji xəritəsini yenidən tərtib edib. Dövlət başçısı İlham Əliyevin «Yeni əsrin müqaviləsi»nin imzalanması mərasimində söylədiyi «Bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq» fikirləri Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların və perspektivlərin aydın ifadəsidir. Bugünkü inkişaf möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq tarixinə malikdir.

Yeganə Əliyeva, “İki sahil”