14 sentyabr 2021 23:49
601

Azərbaycan-İspaniya turizm əlaqələrinin inkişaf perspektivləri

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez arasında ikitərəfli münasibətlər, turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

DTA-nın mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, sentyabrın 14-də keçirilən görüşdə F.Nağıyev xanım Patrisia Serrano Sançezi Azərbaycan üzrə yeni müvəqqəti işlər vəkili təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Agentlik sədri İspaniyada keçirilən beynəlxalq turizm sərgilərinin ölkə turizminin təbliğatı istiqamətində faydalı platformalar rolunu oynadığını bildirərək, ölkəmizin bu sərgilərdə iştirakından danışıb. O, həmçinin yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm infrastrukturunun formalaşdırılması işləri, eləcə də planlaşdırılan layihələr haqda müvəqqəti işlər vəkilini məlumatlandırıb.

Xanım P.Sançez öz növbəsində ikitərəfli əlaqələr və qarşılıqlı turist səfərlərinin mühümlüyünü vurğulayıb. O, postpandemiya dövründə turizm sahəsinin bərpasından sonra qarşılıqlı turist səfərlərinin artacağından əminliyini ifadə edib.

Qeyd edək ki, epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar Azərbaycana səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında İspaniya Krallığı da var.

Görüş çərçivəsində, həmçinin postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

Mahir Rəsuloğlu, “İki sahil”