15 sentyabr 2021 01:57
671

Ov silahı almaq istəyirsənsə... - Nələri bilmək lazımdır?

İçimizdəki döyüşkənlik ruhu genetik olduğu üçün zaman-zaman həlqəsi qırılmadan növbəti nəslə ötürülüb. Yəqin buna görədir ki, digər millətlərdən fərqli olaraq, bizdə hər kişinin ən azı bir silahı olub – balaca vaxtı alınmış oyuncaq silah olsa belə...

Ölkəmizin uzun illərdir müharibə şəraitində yaşaması təbii olaraq əksər insanlarda silahın yalnız hərb və döyüşlə əlaqəli olması ilə bağlı fikir formalaşdırıb. Odur ki, silah dedikdə ilk olaraq, istər-istəməz gözümüzün qarşısına Vətən müharibəsindən kadrlar, qəhrəman əsgərlərimiz, döyüş səhnələri gəlir. Savaş filmlərini xatırladan o görüntülərdə istifadə olunan silahlar hərbi təyinatlı olduğuna görə hamımız üçün əlçatan deyil. Ancaq müəyyən istisnalar olmaqla hamımızın ala biləcəyimiz müxtəlif növ mülki və ov silahları da var ki, həmin silahlar xüsusi mağazalarda satılır. Maraqlıdır, bir vaxtlar ata-babalarımızın “yüz gün yaraq, bir gün gərək” deyə evində mütləq olmasını vacib bildiyi silahı haradan və hansı şərtlərlə ala bilərik? Mülki və ov silahlarının hansı növləri var, qiymətləri neçəyədir?

Bu və digər suallarımızı cavablandıran ekspert, “Ovçu klubu”nun yaradıcısı, peşəkar ovçu Səbuhi Rzayev “İki sahil”ə bildirdi ki, qanunvericiliyə görə, ölkəmizdə 18 yaşı tamam olmuş hər bir vətəndaş silah almaq hüququna malikdir. Lakin silahın növündən asılı olaraq bəzi tələblər çərçivəsində. Hətta satışı sərbəst olan silahlar da var: “Azərbaycanda ov və mülki silahların satışı, alışı, saxlanması və istifadəsi qaydaları “Xidməti və mülki silah haqqında” Qanunla  tənzimlənir. Əvvəlcə onu qeyd edim ki, silah satışını yalnız aidiyyəti orqanlardan xüsusi lisenziya almış mağazalar həyata keçirə bilər. Bu mağazalarda satılan bəzi mülki silah növlərini hər hansı sənədləşmə aparılmadan əldə etmək mümkündür. Əksərən ov üçün istifadə edilməyən, hava təzyiqi və yay vasitəsilə atəş edən, çox vaxt sadəcə “tir tüfəngi” adlandırdığımız bu silahlar odlu silah olmadığından satışı da sərbəstdir. Ölkəmizdə “tir tüfəngləri”nin qardaş Türkiyədə istehsal olunmuş 4.5 kalibrli modelləri daha çox populyardır və odlu silahlarla müqayisədə qiymətləri də ucuzdur – 120-130 manatdan başlayaraq 1200 manata kimi işlənmiş və ya təzə silah almaq mümkündür.”

“Tir tüfəngi”ndən fərqli olaraq odlu silahların satışı zamanı rəsmi sənədləşmə tələb olunur. Bu zaman silah sahibi olmaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin surətini, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surətini, yaşayış yerindən arayış, tələb olunan sayda və ölçüdə şəkillə bərabər haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı əks göstərişin olmadığı haqqında müvafiq səhiyyə orqanının tibbi arayışlarını da təqdim etməlidir. S.Rzayevin sözlərinə görə, göstərilən sənədlərin təqdim edilməsindən sonra şəxsin bəzi məlumatları da yoxlanılır. Bir sıra hallarda mülki silahın əldə edilməsi qadağandır: “Şəxsin mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla ən çox yeddi ədəd odlu ov və ya idman silahı ola bilər, bundan artığına icazə verilmir. Bundan başqa, həmin şəxs ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunubsa, onun haqqında ov və balıq və digər su bioresurslarının ovu qaydalarının, həmçinin odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq edilibsə silah sahibi olmaq hüququ əldə edə bilməyəcək. Qadağalar siyahısına şəxsin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənən fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi olması da daxildir.”

Silah almaq və istifadə etmək üçün hər hansı qadağanız yoxdursa, növbəti mərhələdə mühüm məsələlərdən biri də seçimdir. Çünki mağazalarda satışda olan odlu silahlar lülələrinə və lülədaxili quruluşuna görə də müxtəlif cür olur və nə üçün istifadə etmək istədiyinizdən asılı olaraq mütəxəssislərlə məsləhətləşib qərar verməyiniz daha yaxşı olar. Ekspert bildirdi ki, silah almaq üçün müraciət edən insanlar əsasən hamarlüləli ov tüfənglərinə üstünlük verirlər: “Bu silahlar da özlüyündə tək və qoşalüləli olur. Təklüləli ov tüfəngləri 1, 4+1 olmaqla 5 və 5+1 olmaqla 6 güllə tutumludur, qoşalüləli ov tüfəngləri isə lülələri yan-yana (horizantal) və üst-üstə yerləşməklə iki cürdür. Hansı lüləli silahın ov üçün daha münasib olması isə daha çox zövq məsələsidir və bu məsələdə ovçuların fikirləri müxtəlifdir. Qeyd edim ki, bu dediklərim ümumi məlumatlardır. Çünki 3 lüləli, həm hamar, həm də yivli lüləsi olan silahlar da mövcuddur. Əsasən quş və kiçik heyvanların ovunda istifadə edilən hamarlüləli ov silahları həm də kalibrinə görə fərqlənir. Özü də kalibr artdıqca, lülə əksinə, daralır. Ovçuların ən çox üstünlük verdikləri 12 kalibrli silahlardır. Bu silahların gülləsi diametrinə görə 16, 20, 28 və s. silahların gülləsindən daha böyük olduğu üçün çox saçma tutumuna malikdir və yaxın mənzilli ovlarda hədəfi vurmaq ehtimalı daha çoxdur. Onu da bildirim ki, hamarlüləli ov tüfənglərinin güllələri də müxtəlif ölçülərdə olur və bu 0, 1, 2 və sair rəqəmlərlə nömrələnir.”   

Ölkəmizdə satışda olan hamarlüləli ov silahlarının böyük əksəriyyəti Türkiyə və Rusiyadan idxal olunur. Xüsusilə son illər Türkiyədə tək hərbi deyil, həm də mülki silah sənayesinin sürətli inkişafı bu ölkəni silah bazarında ciddi rəqiblərdən birinə çevirib və qardaş ölkənin ov tüfəngləri bu gün Azərbaycanda ən çox satılan məhsullardır. Satışda İtaliya, İngiltərə, Avstriya və digər Avropa ölkələrinin istehsalı olan ov silahları da mövcuddur, ancaq təbii ki, digərləri ilə müqayisədə xeyli baha qiymətə.

S.Rzayev bildirdi ki, hamarlüləli tüfənglərin qiyməti 800 manatdan başlayır və bəzi markaların nümunələrində 5000 manata kimi yüksəlir. Sosial şəbəkələr, saytlar və digər vasitələrlə satışa çıxarılan işlənmiş silahlara gəlincə, ekspert belə silahları almaq istəyənlərə xüsusilə diqqətli olmağı, silahın aidiyyəti orqanlarda qeydiyyatda olub-olmadığını dəqiqləşdirməyi tövsiyə etdi: “Karabin tipli, yivli ov silahları daha uzaq məsafəli atışlar üçündür. Odur ki, bu tip silahlardan istifadə edənlər xüsusilə diqqətli olmalıdırlar.”

Səbuhi Rzayevin sözlərinə görə, yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun: “Yəni qanunvericilikdə də yivli silahlardan icazənin təcrübəli, silahla təhlükəsiz davranmağı bacaran ovçulara verilməsi nəzərdə tutulub. Belə silahlar əsasən “dağ ovlarında”, yəni iri heyvan ovlamaq üçün istifadə olunur. Həmin ovların aparıldığı yerlərin relyefi elədir ki, ova çox yaxınlaşmaq çox çətindir, ona görə də uzaq mənzilli silahdan istifadə etmək lazım gəlir. Ölkəmizdə satışda olan karabin tipli yivli silahların böyük əksəriyyəti Avropa istehsalıdır və qiyməti üzərində yerləşdirilmiş optik nişangahla birlikdə 5000 manatla 15000 manat arasında dəyişir. Qiymətin xeyli yüksək olmasına səbəb optik nişangahların bəzən az qala silahın özü qədər baha olması ilə bağlıdır.”

Satışda olan bir silah da xüsusi diqqətimizi çəkdi. S.Rzayev bildirdi ki, zahiri görünüşünə görə hərbi təyinatlı döyüş avtomatlarından demək olar ki fərqlənməyən bu silahlar əslində yivsiz ov silahlarıdır. Ancaq ov atışları üçün o qədər də effektli olmadığı üçün daha çox hərbi sahəyə həvəsli insanlar görünüşünə görə alırlar.

Sonda bir vacib məqamı da diqqətə şatdıraq ki, ov silahı əldə etmək hələ ov etməyə səlahiyyət vermir. Ovçuluqla məşğul olmaq üçün mütləq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ovçuluq bileti və mövsüm zamanı müəyyən quşların və heyvanların ovlanmasına xüsusi lisenziya alınmalıdır. Bir də unutmaq lazım deyil ki, növündən asılı olmayaraq bütün silahlar onunla diqqətli davranmağı “sevir”. Necə deyərlər, silahla zarafat olmaz!

Mahir Rəsuloğlu, “İki sahil”