16 sentyabr 2021 01:59
961

Üç qardaşın birliyi kimləri narahat edir?

"Azərbaycanın Türkiyə ilə birgə gerçəkləşdirdiyi hərbi təlimlər və ya bu təlimlərə Pakistanın da daxil olması beynəlxalq hüquqa uyğundur, ölkələrin qarşılıqlı razılaşmaları çərçivəsində ortaya çıxan vacib reallıqdır. Burada hər hansı bir hərbi bazanın yaradılmasından, qoşun yerləşdirilməsindən söhbət getmir, mövzunun Xəzərlə ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur". 

“İki sahil” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin açıqlamasını şərh edərək, İranın səbəbsiz yerə bəzi şeylərdən narahat olduğunu qeyd edib: "YPG/PKK başda olmaqla, İran hərbiçilərinin Türkiyəyə qarşı təhrik edildiyi və istifadə olunduğu bir çox gərginlik nöqtəsi var. Amma İran rəsmisinin bu fikirləri manipulyasiyadır. Onun bu bəyanatı "öküz altında buzov" axtarmağa bənzəyir. Çünki Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimin İranı təhdid edən və Xəzər dənizinin statusunu pozacaq bir tərəfi yoxdur.

Narahat qüvvələr var...

Hələ də İran TIR-larının Qarabağda görünməsi dostluğa və qardaşlığa uyğun gəlmir, Ermənistanı dəstəklədiyi bir məqamda Türkiyə və Azərbaycanı özündən uzaqlaşdıran hiyləgər bir siyasət yürütdüyünü ən yaxşı özü bilir.

II Qarabağ müharibəsində Türkiyə, Pakistan və Azərbaycan bir-birinə ət, sümük kimi sarıldı. Xüsusi ilə də bu müddət ərzində üç bayraq bir yerdə dalğalanırdı. Bu dövlətlərin həm müharibədən, həm ölkələrin, xalqların bir-birinə yaxınlığından qaynaqlanan, həm də strateji və geosiyasi sferalarda bir-biri ilə işbirliyi mənzərəsi mövcuddur. Əslində İrandakı narahatlığın təməlində, kökündə bu məsələ dayanır. Türkiyə, Azərbaycan və Pakistanın bir-birinə yaxınlaşması bəzi region güclərini narahat edir. İki ölkənin (Azərbaycan və Türkiyənin) bir araya gəlməsi necə böyük uğurlara, nəticələrə səbəb olubsa, üç ölkənin (Azərbaycan, Türkiyə və Pakistan) bir araya gəlməsi də daha böyük uğurlar qazandıracaq. Bu üç qardaşa qarşı çıxan qüvvələr məqsədlərinə çata bilməyəcəklər".

Xatırladaq ki, üç gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə deyib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır".