16 sentyabr 2021 17:12
1765

İrsi qan xəstəliyi üçün “Əks göstəriş sertifikatı” vacibdirmi?

“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Bu proses çərçivəsində avqustun 9-dan etibarən “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılıb. Səhiyyə Nazirliyi bəyan edib ki, vətəndaşlar sözügedən sənədi almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Tibb müəssisələri onların məlumatlarını Səhiyyə Nazirliyinin xüsusi komissiyasına təqdim etdikdən sonra müvafiq rəy əsasında vətəndaşa “Əks göstəriş sertifikatı” veriləcək.

Statistik göstərişlərə görə, hazırda ümumilikdə hər iki doza vaksin olunanların sayı 7745851 nəfər təşkil edir. 1000 nəfərə isə artıq “Əks göstəriş sertifikatı” verilib.

“Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, “Əks göstəriş sertifikatı”nın verilməsi əsasən hamilə qadınlara, süd verən analara, ağır allergik xəstəlikdən əziyyət çəkən insanlara aid edilir: “Allergik xəstələrə gəldikdə isə qeyd etmək istərdim ki, onlara həkim nəzarəti ilə vaksinasiyadan keçmələri tövsiyə olunur. Onkoloji xəstələr üçün isə əksər hallarda vaksinasiya vacibdir. Lakin müalicə həkimi və sahə həkimi ilə konsultasiya mütləqdir. Ürək-damar və diabet xəstələrinə də vaksinasiya əks göstəriş hesab edilmir.”

İctimai Birliyin sədri qeyd edib ki, irsi qan xəstəliklərində də vaksinasiya əks göstəriş həsab edilmir: “Əgər irsi qan xəstəliklərindən hemofiliya xəstəliyini misal götürsək, biz bu sahədə çalışan beynəlxalq səhiyyə təşkilatları ilə sıx əlaqədəyik və bu xəstəliyə dair vaksinasiya ilə bağlı tövsiyələri tərcümə edərək aidiyyəti səhiyyə qurumlarına təqdim etmişik. Hemofiliyaya dair tövsiyələrdə də vaksinasiya əks göstəriş hesab edilmir, əksinə vaksinasiyanın mütləqliyi qeyd edilir. Hətta Hepatit C və ya GİCS virusunun müalicəsi zamanı  belə vaksinasiya olunmaq əks göstəriş hesab edilmir.”

Həmsöhbətimiz hər insanın individual olduğunu və xəstəliyinin gedişatının fərqli olduğunu vurğulayıb: “Vaksinasiya zamanı insanın əziyyət çəkdiyi xəstəliklərin fəsad verməməsi üçün müalicə və sahə həkimləri ilə konsultasiya edilməlidir və lazım olduğu halda vaksinasiyadan öncə mövcud riskləri həkim tərəfindən aradan qaldırmaq məqsədəuyğundur. Ümumilikdə deyə bilərəm ki, COVID-19 virusu mutasiya edir və gələcəkdə yoluxan  insana hansı formada  ağırlaşmalar verməsi sual altındadır. Lakin özümüzü və ətrafımızdakı insanları qorumaq məqsədi ilə ümumilikdə vaksinasiya mütləqdir.”

Röya Rasimqızı, “İki sahil”