16 sentyabr 2021 23:59
1144

Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar - Prezident tapşırığı

Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən  ölkənin dayanıqlı  inkişafının təmin edilməsini şərtləndirən amilləri diqqətə çatdırmışdır

«Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik.» Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən  ölkənin dayanıqlı  inkişafının təmin edilməsini şərtləndirən amilləri diqqətə çatdırmışdır.

Korrupsiyaya, inhisarçılığa və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi,  bu istiqamətdə aparılan islahatların ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi sübut edir ki, cəmiyyətdə şəffaflığın təmin olunması naminə  dövlətin apardığı siyasət kampaniya xarakterli deyil, ciddi,  qətiyyətli, davamlı prosesdir.  Qarşıya qoyulan məqsədə  çatmaq üçün görülən  profilaktik tədbirlər,  əhali arasında aparılan maarifləndirmə işinin intensivləşməsi, Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı  tövsiyələrinin dəstəklənməsi,  yeni texnologiyalar əsasında formalaşan «Elektron hökumət»in bütün sahələri əhatə etməsi,  «ASAN xidmət» şəbəkəsinin genişləndirilməsi  insanları narahat edən neqativ  və bürokratçılıq  hallarının aradan qaldırılmasında  səmərəsini göstərməkdədir.

İctimai və sosial xidmətlər sahəsində inqilab adlandırılan,  beynəlxalq səviyyədə təbliğ olunan «ASAN xidmət»in funksiyalarının genişləndirilməsi, xidmət növlərinin artırılması korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı mübarizədə dövlətin  siyasi iradəsinin  göstəricisidir. İqtisadiyyatın, aqrar sahənin, həyatımızın bütün sahələrində  gündəlik tələbatın, iş prinsipinin  «ASAN xidmət»in funksiyalarına uyğunlaşdırılması, biznes sahəsində  əməliyyatların elektron variantlarda həyata keçirilməsi demək olar ki, korrupsiyaya qarşı mübarizədə özünü doğruldur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunun tətbiqi ilə qeyri-qanuni, əsassız yoxlamaların 2 il müddətinə dayandırılması,  insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlara zidd hallar müstəsna olmaqla, digər təftişlərə məhdudiyyətlərin tətbiqi  korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirildi. «Bir pəncərə» sisteminin, «ASAN xidmət»in təşkili ilə  ölkədə sağlam xidmət mühiti formalaşdı. İnhisarçılıq və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi naminə  korrupsiyaya qarşı mübarizə üzrə  Dövlət Proqramı qəbul olundu. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq  olundu. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun qəbulu, neqativ hallara qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların yaradılması «ictimai bəla»ya  qarşı ictimai nəzarəti gücləndirən, gündəlik məsələ kimi aktuallaşdı.

Prezident İlham Əliyev  qətiyyətlə bildirir ki, sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar. Vergi siyasəti ilə əlaqədar ciddi  tapşırıqlar  verildi. Ölkəmizdə aparılan kadr islahatlarına uyğun olaraq  təyin edilən yeni icra başçıları ilə videoformatda  qəbulda Prezident İlham Əliyevin  məmurlardan başlıca tələbi  ali qanunlar qarşısında  vəzifə məsuliyyətlərinə vicdanla yanaşmaq, ictimai davranış qaydalarına  uyğun olmayan, insanlığa yaraşmayan, ictimai rəy tərəfindən müsbət qarşılanmayan   hallara  yol verilməməsidir. «Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi?» söyləyən Prezident İlham Əliyevin məmurlara əsas tövsiyəsi budur ki, rayon  rəhbərləri fəaliyyətlərini vətəndaş rəyi, istəyi, tələbi və təklifi əsasında qurmalıdırlar.

Cənab İlham Əliyevin hər bir çıxışının mahiyyətində bu məsələlər dayanır ki, heç kəs  məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibləri məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə get cəzasını çək. Bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edilir ki,  hər kəs qanuna əməl etsin,  heç kim məsuliyyətdən qaça bilməyəcək. Ədalət bərpa olunacaq. Bu  tövsiyələr  həm də  Prezident  tapşırığı, tələbidir. Bu tapşırığın başqa açıqlaması isə budur: Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyatlardan aydın olur ki, daşıdığı vəzifəsindən, çalışdığı  strukturun dövlət siyasətində əhəmiyyətindən asılı olmayaraq   ədalətin meyarı olan qanun qarşısında hamı eyni dərəcədə məsuliyyət daşımalıdır. Pandemiyanın yaratdığı  çətinliklər şəraitində insanların taleyini düşünən, aztəminatlı ailələrin problemlərinin həlli üçün layihələr həyata keçirən dövlətin ayırdığı  vəsaitlərin, yardımların mənimsənilməsi isə  Tanrı qarşısında  bağışlanılmaz günah,  vicdansızlıqdır. Qeyd edilən qəbulda  dövlət başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər: «Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir.» Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti vətəndaşların,  sağlamlığının, sosial müdafiəsinin qorunması üçün bütün resursları səfərbər edib. Cənab İlham Əliyev  vətəndaş-məmur münasibətlərinin səmimi olmasını tələb edir. İnsanlıqdan kənar əməllərə yol verənlər cinayətə cəlb olunmaqla, barələrində qətimkan tədbirləri görüldü və bir daha hər kəsin diqqətinə çatdırılır ki, heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır.  Prezident İlham Əliyev  yenə də  ictimai nəzarəti qanunları pozanlara qarşı mübarizədə ən optimal variant kimi qiymətləndirir.

Korrupsiyanın qarşısının alınması üçün əsas amil olan kadr siyasəti bu prinsiplərə əsaslanır: Vətənə,  dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Bu cür mənəvi keyfiyyətləri şəxsiyyətində formalaşdıran,  gündəlik  iş prinsipi kimi yerinə yetirən, haqqında müsbət mənada ictimai rəy formalaşan  məmurlar layiqli  xidmətləri ilə vəzifə məsuliyyətlərini dərk edir, təvazökarlıqları, mədəni davranışları, səmimiyyətləri ilə    etimadı doğruldurlar. Bu isə öz növbəsində onların ölkənin inkişafına töhfələrinin miqyasını genişləndirmələri ilə müşayiət olunur. Prezident İlham Əliyev bildirir ki, yerlərdə insanların dolanışığı, rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır.

Bu gün regionlarımız sürətli inkişaf dövrünü yaşayır. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası  yeni-yeni hədəflərə yol açır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa işləri həyata keçirilir. Bütün bu addımlar ümumilikdə Azərbaycanın iqtisadi möcüzələr ölkəsi imicinə yeni əlavələr edir.

Yeganə Əliyeva, «İki sahil»