17 sentyabr 2021 20:25
1056

“Əsrin müqaviləsi” ilə dövlətimizin yeni neft siyasətinin təməli qoyulub- Abutalıb Səmədov

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanan və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” 1994-cü il 20 sentyabr tarixli saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrildi. Adı çəkilən saziş respublikamızın iqtisadi suverenliyi baxımından mühüm önəm daşıyan ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratdı. Bu enerji strategiyası ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyasında və beynəlxalq mövqelərinin güclənməsində müstəsna rol oynadı. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abultalıb Səmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycanın strateji inkişaf konsepsiyasının təməli “Əsrin müqaviləsi” ilə qoyulub: “Bu müqavilə heç də asanlıqla reallaşmayıb. Xalqın təkidi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Ümummili Lider, ilk növbədə, ölkədə siyasi sabitlik yaradıb, respublikanı labüd fəlakətlərdən xilas etdi, iqtisadi sahədə taleyüklü dəyişikliklərə başladı. Müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq sazişin - “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu prosesdə danışıqların aparılmasında, yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsində o zaman ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı olan cənab İlham Əliyev də fəal iştirak edib. Yeri gəlmişkən, həmin vaxt keçirilən görüşlərdə müəyyən fikir ayrılıqları da yaranıb və hətta bəzi mərhələlərdə müzakirələrin dayandırılması təhlükəsi ortaya çıxıb. Lakin bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlanaraq imzalanıb. Beləliklə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlə – “Əsrin müqaviləsi” ilə dövlətimizin yeni neft siyasətinin təməli qoyulub”.

A.Səmədov vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb: “Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi reallaşdırılıb və uğurlu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılıb.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir. Bu layihənin ən böyük əhəmiyyəti respublikamıza böyük maliyyə ehtiyatlarının daxil olması, bu ehtiyatlar hesabına iqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifah halının yaxşılaşması, ölkədə infrastrukturun yeniləşməsidir. “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyinin, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm önəm daşıyır”.

Nigar Orucova, “İki sahil”