17 sentyabr 2021 21:38
860

“Əsrin müqaviləsi” Azərbaycanın maliyyə stabilliyi üçün əhəmiyyətli gəlir mənbəyidir

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi  ilə hakimiyyətə gəlməsi Azərbaycanın siyasi və iqtisadi  həyatında olduqca vacib bir dövrün təməlini qoydu. Parçalanma, yox olma təhlükəsinin qarşısını alan Ulu Öndər ölkənin iqtisadi gücünü artırılması istiqamətində mühüm işlər görməyə başladı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilənin imzalanması iqtisadi sahədə aparılan ən mühüm addımlardan idi. “Əsrin müqaviləsi” adı ilə tarixə düşən bu razılaşma ilə yeni neft strategiyasının və doktrinasının uğurla həyata keçirilməsinə başlandı.

İqtisadçı-ekspert Ruslan Atakişiyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan 1991-ci ildə müsəqilliyini qazandıqdan sonra Sovet İttifaqı respublikaları ilə iqtisadi əlaqələri kəsilmişdi və nəticədə ölkə iqtisadiyyatı böyük bir tənəzzülə uğramışdı: “Belə bir vəziyyətdə bizim neft sənayemiz olsa da  öz məhsullarımızı bazara çıxarmaqda problemlər yaşayırdıq. Həmin dövrdə ölkədə gəlirlər  500 milyon dolları keçmirdi. Bu qədər aşağı bir məbləğlə biz müstəqilliyin ilk dövrlərində fəaliyyətə başladıq.  Həmin dövrlərdə bütün sektorda, həyatın bütün sahələrində tənəzzül ilə qarşı-qarşıya idik. Zavodlar, fabriklər işləmirdi və böyük sosial- iqtisadi gərginliklər yaşanırdı.”

“Belə olan halda  ölkəni bu  vəziyyətdən qurtarmaq  üçün  öz məhsullarımızı dünya bazarına çıxarmalı idik” deyən ekspert çoxsaylı şirkətlərlə aparılan söhbətlər nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin  imzalaması ilə   dünyanın əsas neft alıcıları olan ölkələrlə yaxından əməkdaşlığın  qurulduğunu xatırlatdı:  “Azərbaycana bu müqavilə çərçivəsində əlavə gəlirlər gəlməyə başladı ki, bu da xarici valyuta axınına səbəb oldu. Əlbəttə, bu axın da bir çox gəlirlərin qarşılana bilməsinə imkan yaratdı. “Əsrin müqaviləsi” , eyni zamanda, böyük ölkələrin Azərbaycana olan marağını artırdı. Bununla da biz digər siyasi problemlərimizin həlli yolunu tapmağa imkan yarada bildik. 2003-cü ildən sonra “Əsrin müqaviləsi”nin nəticəsi iqtisadiyyatında neftdən gələn gəlirlərin hesabına ölkədə böyük quruculuq və bərpa işlərinin  həyata keçirilməsinə gətirib çıxardı.”

İqtisadçı-ekspert Xalid Kərimli isə  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, “Əsrin müqaviləsi” Azərbaycanın hazırkı vəziyyətini müəyyənləşdirən əsas neft sazişidir: “ Bu saziş Azərbaycanın həm siyasi, həm iqtisadi müstəqilliyi, həm də hazırkı vəziyyətdə təmin etdiyi ərazi bütövlüyü üçün əsas rol oynamış amildir. “Əsrin müqaviləsi” çərçivəsində ölkə iqtisadiyyatında  neft sektoruna bu illər ərzində milyardlarla dollar investisiya yatırılıb.”

Hazırkı dövrdə Azərbaycan iqtisadiyyatının üçdəbir hissəsinin neft sektoru hesabına formalaşdığını qeyd edən X. Kərimli vurğuladı ki,  ixracın da 90 faizdən çoxu neft-qaz layihələrindən irəli gəlir: “Burada da əsas rolu “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından çıxarılan neft və qaz təşkil edir. Bu illər ərzində Azərbaycanda iqtisadiyyatın bərpa olunması, infrastruktur layihələrinin həyata keçirilməsi, Azərbaycanda həm enerji infrastrukturunun, həm sosial, komunal, həm yol- nəqliyyat infrastrukturunun qurulmasında “Əsrin müqaviləsi”ndən gələn vəsaitlər mühüm rol oynayıb. Bu müqavilə nəticəsində hər il on milyonlarla dollar vəsait Azərbaycana daxil olur. 27 il keçməsinə baxmayaraq, indi də həmin yataqlardan çıxarılan neftin ixrac olunması nəticəsində daxil olan vəsaitlər  gündəlik həyatımızda əhəmiyyətli rol oynayır.”

Ekspert bildirdi ki,  2022-ci ilin büdcəsində neft sektoru büdcənin 52,6 faizini təşkil edəcək: “Onun da 87,5 faizi  Dövlət Neft Fondundan gələn gəlirlər əsasında formalaşacaq. “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə stabilliyi və son dövrlərdə  ardıcıl müşahidə olunan iqtisadi artımı üçün mühüm rol oynayan əhəmiyyətli gəlir mənbəyidir. Əgər bu müqavilə olmasaydı nə iqtisadi, hərbi, maliyyə  gücünə malik Azərbaycan, nə də onun bugünkü uğurları olardı.”

Nilufər Mustafaqızı, “İki sahil”