19 sentyabr 2021 11:06
947

“Əsrin müqaviləsi”: Müstəqilliyin təsdiqinə, sabitliyə və inkişafa atılmış imza

İndi haqqında rahatlıqla danışdığımız Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin (AÇG) birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş və ya  “Əsrin müqaviləsi” 27 il əvvəl-  böyük güclərin regionda maraqlarından qaynaqlanan gərginliyin pik həddə çatdığı, Azərbaycanın iqtisadi çətinliklər və Ermənistanla elan olunmamış müharibə  ilə  üz-üzə qaldığı dövrə təsadüf edirdi. Belə vəziyyətdə yaranmış xoşagəlməz siyasi-iqtisadi məngənədən  qurtulmaq üçün yeganə vasitə ölkənin təbii sərvətlərinin dünya bazarlarına çıxarılması amili idi ki, bunu da reallaşdırmaq elə də asan məsələ deyildi. Çünki iqtisadi çətinliklər və müharibə şəraiti  Azərbaycanın daxili imkanlarını məhdudlaşdırmaqla bərabər, xarici sərmayələrdən də məhrum etmişdi. Lakin Azərbaycan nə olursa-olsun bütün bu çətinlikləri arxada qoymalı, beynəlxalq aləmin etimadını qazanmağa nail olmalı idi.

Belə bir məqamda məhz  ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” nəinki sözügedən çətinliklərin öhdəsindən layiqincə gəlməyə, hətta yeni neft strategiyasının təməlinin yaranmasında vasitəyə çevrilməklə Azərbaycanın sürətlə inkişaf edərək Avropanın enerji xəritəsini dəyişdirə bilən mühüm qlobal enerji təchizatçısına çevrilməsinə imkan yaratdı.

 Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanması münasibətilə o vaxtkı  ABŞ Prezidenti Bill Klinton 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevə göndərdiyi teleqramda yazırdı: “Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin işlənilməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız”. Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət naziri Nəcməddin Cövdət ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunarkən o, böyük bir tarixi hadisənin şahidi olduğunu qeyd etmiş, heyrətamiz bir ifadə ilə öz fikrini açıqlayaraq demişdi: “Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu gün Bakıda atılmazdı… Neft müqaviləsinə atdığınız bugünkü imza əslində üçrəngli bayrağınızın təsdiqinə atılmış imzadır”.

Ötən dövrdə  “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycana qoyulan sərmayələr ölkə iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, sonrakı sərmayə axını üçün də stimul oldu. Belə vəziyyətdə Qərbin nəhəng neft şirkətlərinin sərmayələri ölkəmizin   inkişafında böyük rol oynamaqla bərabər, regionda qüvvələr balansının yaranmasına da şərait yaratdı.

Bu amil sonradan Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlarda  Azərbaycanın haqlı mövqeyini möhkəmləndirdi. Məsələ burasındadır ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bəzi Xəzəryanı ölkələr  “status” məsələsini ortaya atmaqla Azərbaycanın neft strategiyasının reallaşmasına- neft anlaşmasına qarşı  ciddi maneələr törətməyə çalışsalar da, görünəni odur ki, heç nəyə nail ola bilmədilər. Xəzərin hüquqi statusuna dair Konvensiya isə bundan nə az nə çox, düz 24 il sonra, yəni 2018-ci  ilin avqust ayında imzalandı. Bu isə o deməkdir ki, “Əsrin müqaviləsi”nin taleyi “status” məsələsinin ixtiyarına buraxılmış olsaydı, böyük ehtimalla, hazırda “qara qızıl”ın Azərbaycanın inkişafındakı rolundan  danışmaq qeyri-mümkün olardı. Ötən müddət ərzində neft gəlirləri dövlət gəlirlərində əhəmiyyətli yer tutub, onun mühüm bir hissəsi ölkə iqtisadiyyatının inkişafına və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib. Təkcə onu kifayət edir ki, 1994-cü ildə ölkənin illik ümumi daxili məhsulunun həcmi 374,4 milyon manat, dövlət büdcəsinin gəlirləri isə cəmi 101 milyon manat olduğu halda, hazırda bu göstəricilər (2020-ci  ildə ümumi daxili məhsul istehsalı 72 milyard 432,2 milyon  manat, dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat təşkil edib) müqayisə olunmayacaq qədər yüksəlib. 

2003-cü ildən başlayaraq neft gəlirlərinin toplandığı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin əhəmiyyətli hissəsi makroiqtisadi sabitlik məqsədilə hər il dövlət büdcəsinə transfert edilir. Elə bunun nəticəsidir ki, neft gəlirlərinin kəskin artdığı  2005-2013–cü illər dövlət başçısı tərəfindən təhsil sektorunda çalışanların əməkhaqlarının artırılması ilə bağlı 6, səhiyyə sektorunda çalışanların tarif maaşlarının artımı ilə bağlı 5, pensiyaların minimum məbləğinin artımı ilə bağlı 9, minimum əməkhaqqının artırılması ilə bağlı 9 Sərəncam imzalanıb. Həmin sərəncamlar nəticəsində təhsil işçilərinin məvaciblərinin nominal məbləği 2,5 dəfəyədək, səhiyyə sistemində çalışanların əməkhaqlarının nominal məbləği 50 faizədək, minimum pensiyaların nominal məbləği 4 dəfə, minimum əməkhaqqının nominal məbləği 5 dəfə artıb. Təsadüfi deyil ki, neft gəlirlərinin iqtisadi və sosial problemlərin həllinə yönəldilməsi əhalinin gəlirlərinin yüksəlməsinə, ölkədə yoxsulluq səviyyəsini 2003-cü ildəki 44,7 faizdən 2014-cü ildə 5 faiz səviyyəsinə salmağa imkan verdi. Ölkənin xarici valyuta ehtiyatlarının əksər hissəsini özündə cəmləyən Fond, eyni zamanda, “təhlükəsizlik yastığı” rolunu oynayır. 

ARDNF-in təyinatı makroiqtisadi sabitliyə xidmət etməklə bərabər, həmçinin yığımdır. 2021-ci ilin birinci yarısının sonunda Fondun aktivləri 44 milyard 104,9 milyon ABŞ dollarına yüksəlib. Bununla da “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan neft gəlirlərinin toplandığı Fondun qayəsini makroiqtisadi sabitliyin qorunması, mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, gəlirlərin nəsillər arasında bərabər bölünməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin yaradılması təşkil edir. Nəticədə ARDNF-də toplanan neft gəlirləri hesabına Azərbaycan indiyədək  sosial-iqtisadi infrastrukturun yenidən qurulmasına və bərpasına, sosial problemlərin həllinə və qeyri-neft sektorunun inkişafına nail olmaqla yanaşı, onun bir hissəsinin də toplanması ilə neft gəlirlərindən gələcək nəsillərin də  yararlanmasına  şərait yaradıb.

Elə “21-ci əsrin müqaviləsi” hesab edilən Cənub Qaz Dəhlizində Azərbaycanın iştirak payının bir hissəsi bu Fondun vəsaitləri hesabına maliyyələşdirilib. “Əsrin müqaviləsi”ndən əldə olunan gəlirlər çərçivəsində ARDNF-dən, həmçinin qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin maliyyələşdirilməsinə, STAR kompleksinin tikintisi layihəsində, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində, Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi vəsait ayırılıb. Fond vasitəsilə maliyyələşdirilmiş layihələr  arasında Bakı – Tbilisi – Qars  dəmir yolu xətti, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması kimi layihələr də yer alıb.

1994-cu ilin 20 sentyabr tarixindən ötən  27 ildə neft-qaz sahəsində 30-dan çox hasilatın pay bölgüsü sazişi imzalansa da “Əsrin müqaviləsi” miqyasına, eyni zamanda, ölkənin hərtərəfli inkişafındakı roluna görə əhəmiyyətini qoruyub saxlamaqdadır. Azərbaycan “qara qızıl”ını indiyədək siyasi alətə çevirmədən ölkəmizin inkişafına yönəldib və bu proses indi də davam etməkdədir. Şübhəsiz ki, bu amil özü-özlüyündə xarici investorlar üçün də böyük maraq kəsb edir. Elə 30 il müddətində qüvvədə olan müqavilənin bitməsinə  7 il qalmış,  2017-ci ildə bu müddətin daha 32 il artırılaraq 2050-ci ilə qədər uzadılması bu marağın bariz göstəricisidir.

Artıq bir ildən çoxdur ki, dünyanı cənginə almış COVID-19 pandemiyasını qlobal neft bazarına mənfi təsirindən dolayı “OPEC plus” sazişi çərçivəsində Azərbaycanda da neft hasilatının məhdudlaşdırılmasına, o cümlədən “Əsrin müqaviləsi”nə aid olan AÇG yataqlar blokundan neft hasilatının azaldılmasına baxmayaraq neft gəlirləri dövlət büdcəsində əsas gəlir mənbəyi olaraq qalmaqdadır.

Dünyanın xam neft ixrac edən ölkələrinin təcrübəsi göstərir ki, bu təbii sərvətdən səmərəli istifadə etməyin özü də böyük bacarıq tələb edir. Söhbət ondan gedir ki, belə ölkələrin çox da uzaq olmayan tarixinə nəzər salsaq, bir çox hallarda neftin iqtisadi inkişafdan çox iqtisadi və maliyyə böhranlarına, hərbi münaqişələrə səbəb olduğunu görmək olur. Azərbaycan isə postneft dövrünə keçid etməklə ÜDM istehsalını qeyri-neft sektorunun inkişafı hesabına artırmaqdadır. Növbədə ixracda və dövlət büdcəsinin gəlirlərində də neft gəlirlərindən asılılığın minimuma endirilməsidir. Bununla belə, 4 il əvvəl “Yeni əsrin müqaviləsi”nin imzalanması  göstərdi ki, “qara qızıl” ölkəmizin inkişafındakı rolunu davam etdirəcək.

Ceyhun Piriyev, “İki sahil”