22 sentyabr 2021 23:56
987

Ən müasir təcrübə Azərbaycanda bütün sahələrdə tətbiq edilir

Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz

Dövrün, zamanın tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunmasını qarşıya prioritet məsələ kimi qoyub. Daim bu fikir önə çəkilir ki, elə ölkələr var ki, iqtisadi inkişafın davamlılığı ilə diqqətdədir, lakin orada demokratik inkişafdan söhbət gedə bilməz. Elə ölkələr də var ki, demokratiya təcrübəsi nümunədir, amma iqtisadi tərəqqi aşağı səviyyədədir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. İqtisadi və siyasi islahatların paralel aparılması dayanıqlı inkişafa geniş imkanlar açır. Bu vəhdətlik ölkəmizdə çox mühüm siyasi dialoq mərhələsinin əsasını qoyub. Hazırkı yeni mərhələ siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq bütün siyasi qüvvələrin məhz milli maraqlar ətrafında səfərbər edilməsinə hesablanıb. Ümummilli məsələlərdə iqtidar-müxalifət münasibətlərinin olmamasını Azərbaycan hakimiyyəti daim səsləndirir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dağıdıcı ünsürlərdən başqa bütün siyasi partiyalar bir amal uğrunda birliklərini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşərək imzaladıqları bəyanatla nümayiş etdirdilər. Eyni birlik, vahid mövqe 15 İyun- Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının zirvəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalandığı zaman da yaşandı. Həmçinin ölkəmizdə münbit siyasi dialoq mühitinin mövcudluğu cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VII qurultayında bir daha özünü büruzə verdi. Belə ki, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Birliyə, həmrəyliyə, milli maraqların qorunmasına cağırış kimi dəyərləndirilən bu mühüm addım bu gün öz müsbət nəticəsini verir. Nəzərə alsaq ki, YAP-ın VII qurultayı Zəfərimizin yaratdığı yeni reallıqların tələblərinə uyğun olaraq keçirilmişdir, bu halda bugünümüz üçün yeni qərarların qəbul ediləcəyi, vəzifələrin müəyyənlədiriləcəyi qaçılmaz idi. Dövlət başçısı İlham Əliyev qurultaydakı çıxışında qarşıya mühüm vəzifələr qoydu. Reallıq budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Siyasi sistemin vacib elementlərindən olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşır. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında «Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın» söyləyərək onu da əlavə etmişdir ki, buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir: «Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır.»

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər daim Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Məlumdur ki, 2019-cu ilin sonlarında YAP ölkəmizdə geniş vüsət alan islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və Milli Məclisə növbədənkanar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsə uyğun olaraq ötən ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Dövlət başçısı ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər. Prezident Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni yaradılan strukturlar sırasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti də bu məqsədə xidmət edir. Şöbənin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşlər, onlarla dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparması və müzakirələr nəticəsində ümumi mövqe nümayiş etdirilməsi də bu sahədə əldə olunan uğurlar sırasındadır.

Yeni Azərbaycan Partiyasının ölkədə münbit siyasi dialoq mühitinin formalaşmasına davamlı töhfələr verməsi, həmçinin 6 siyasi partiyanın YAP-a qoşulması hakim partiyanın təqdim etdiyi təkmil hakimiyyət-xalq modelinin real mənzərəsini ortaya qoyur. Bu addımlar ölkədə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar prosesinin davamlılığından xəbər verir. Ölkə Prezidenti ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu məqamı da xüsusi qeyd etmişdir ki, ölkədə genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.

Təhlillər bu fikri böyük inamla söyləməyə əsas verir ki, ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir və yaxın zaman üçün cəmiyyətin daha da demokratikləşməsi siyasi xətti həyata keçirilir. Siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi müxalifətdə olan partiyalar üçün də bir nümunədir. Siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edəcək. Dağıdıcılığı, inkarçılığı, ən əsası dövlət maraqlarını şəxsi ambisilyarına qurban verməyi özləri üçün bir amal seçən «sapı özümüzdən olan baltalar»ın ümummilli məsələlərin həllində belə seyrçi mövqedə dayanmaları cəmiyyət tərəfindən birmənalı qarşılana bilməz. Bu, Vətənə xəyanətin tərkib hissəsidir. Diqqət çəkən məqamlardan biri budur ki, AXCP özü siyasi dialoqa qoşulmamaq üçün bəhanələr axtarışına çıxsa da, onun sədri Əli Kərimlinin mənəm-mənəmlik xəstəliyinin nəticəsi olaraq hazırda bir neçə adda fəaliyyət göstərən qurumları bu prosesdə iştirakda maraqlı olduqlarını bildirirlər. Göründüyü kimi, əsas olan partiyaya sədrlik edən şəxsin dövlət maraqlarını hər şeydən üstün tutması, öz şəxsi ambisiyalarının quluna çevrilməməsi, eyni zamanda, Azərbaycanın sabahını bu günündən daha inkişaf etmiş görmək istəyinin olmasıdır. Amma gəlin dağıdıcı ünsürlərin illərdir apardıqları qərəzli təbliğatlara, Azərbaycanın uğurlarına qara eynəkdən baxmalarına diqqət yetirək. Belə olan təqdirdə dövlət maraqlarını arxa plana keçirən bir partiyadan, yaxud onun xaricdən idarə olunan sədrindən ölkəmizin xeyrinə hansısa müsbət addımı gözləməyə dəyərmi? Təmsil olunduğu düşərgədə hansısa partiyanın uğurunu həzm etməyən ünsürlərin Azərbaycanda siyasi dialoq mühitinin formalaşdırılmasına töhfə verəcəyini düşünmək sadəlövlük deyilmi?

Azərbaycanda çoxpartiyalı sistem mövcuddur. Siyasi partiyaların normal fəaliyyəti üçün zəruri olan bütün şərait yaradılıb. Artıq «Siyasi partiyalar haqqında» yeni qanunun qəbulu məsələsi gündəmdədir. Bu məsələ öz növbəsində hər bir qanunun zamanın və dövrün tələblərinə uyğun təkmilləşməsinə, həmçinin yeni qanunun qəbul olunmasına yol açdığını qabarıq şəkildə büruzə verir. Dövlətimizin daim partiyaların normal fəaliyyəti üçün zəruri şərait yaradır. O da məlumdur ki, hər bir siyasi partiya maliyyə mənbələri barədə ildə bir neçə dəfə hesabat təqdim etməlidir. Bu məsələ gündəmə gətiriləndə bəzi «düşmən dəyirmanına su tökən» partiyaların rəhbərlərinin daş atıb başlarını tutmaları diqqətdən kənarda qalmır. Maliyyəsində qaranlıq məqamlar olan partiyadan dövlətin, xalqın xeyrinə hansısa addımı gözləmək sadəlövhlük olar. Təbii ki, belə qərəzli mövqe tutan partiyalarla yanaşı, Azərbaycanın dövlətçilik maraqlarını öndə saxlayan, daim Azərbaycanın ərazi bütövlüyünün bərpasına, milli həmrəyliyin yaradılmasına səy göstərmiş partiyalar da vardır. Onlar bu istəklərini yuxarıda da qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsində bir daha nümayiş etdirdilər. Vətən müharibəsində qazanılmış Qələbə, iqtidarın xarici siyasət istiqamətindəki uğurlu addımları bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatdıqlarının göstəricisidir. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti daim partiyalar arasında əməkdaşlığın genişləndirilməsində, siyasi dialoq mühitinin formalaşmasında maraqlı olub. Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinrn ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirdiyi görüşdə də bu məqamlara xüsusi diqqət yönəldilmişdir. Qeyd olunduğu kimi, bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan qalib ölkə kimi regionda və dünyada yeni reallıqları formalaşdırır və onların uğurlu icrası istiqamətində addımlar atır.

Qələbəmizin yaratdığı reallıqların qarşıya qoyduğu vəzifələr birgə addımların atılmasını zərurətə çevirir. 45 siyasi partiyanın bir araya gətirildiyi görüşdə günümüzün aktual məsələləri, siyasi partiyalara, ictimai birliklərə diqqət və qayğı geniş müzakirə olundu. Bir daha bu məqamlar açıqlandı ki, görüşdə 22 siyasi partiya üçün ofislər ayrılması, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması barədə məlumat verildi. Həmçinin qeyd olundu ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır və siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

Ə.Vəliyev siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə daim Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin qurulmasından danışaraq, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşdığını, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşmanın və sivil rəqabət mühitinin, sağlam əməkdaşlığın meydana gəldiyini bildirir. O, həmçinin Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tərəfin – hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac olmadığının sübut olunduğunu, siyasi dialoqdan yayınan bəzi siyasi qüvvələrin siyasi mübarizə adı altında əslində hansı dairələrin çirkin maraqlarına xidmət etməsinin özünü daha aydın şəkildə büruzə verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yarandığını xüsusi qeyd edir.

Qeyd etdiyimiz kimi, artıq ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə dövlət başçısı bir daha bildirmişdir ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm: «Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.»

Reallıqlara söykənərək bu fikri böyük inamla qeyd edirik ki, «sapı özümüzdən olan baltalar» istisna olmaqla ölkəmizdə bütün siyasi partiyalarla fəal siyasi dialoq aparılır. Hər bir siyasi partiya siyasi mövqeyindən və düşüncəsindən asılı olmayaraq bu prosesə öz dəstəyini verməlidir.

Yeganə Əliyeva, «İki sahil»