24 sentyabr 2021 18:58
1334

Azərbaycan xalqı qəhrəman övladları ilə fəxr edir FOTO

Xətaidə Qarabağ müharibəsi şəhidlərinin adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib

Ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına mübarizə aparan, düşmənə qan udduran, ölümün gözünə dik baxan, qəlbi Vətən eşqi ilə çırpınaraq şəhidlik məqamına yüksələn, Vətənə borcunu layiqincə yerinə yetirən, şəhadəti ilə tarix yazan polad biləkli, mübariz əqidəli, şahin baxışlı igidlər sırasında Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ savaşının şəhidləri Fəzair Ziyadovun, Nadir Mahmudovun adları da var.

Sentyabrın 24-də Bakının Xətai rayonunda ikinci Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadovun, Nadir Mahmudovun adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidlərin ailə üzvləri, müəllimləri, yaxınları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edib, ehtiramlarını ifadə ediblər. Daha sonra şəhidlərin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.

Tarixi Zəfər Vətən uğrunda canını qurban vermiş qəhrəman oğullarımızın sayəsində gerçəkləşdi

Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, hər zaman olduğu kimi, 27 sentyabr – Anım Günü ərəfəsində də respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir: “30 illik həsrətə son qoyuldu və 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail olundu. Əlbəttə ki, bütün bunlar Vətəni uğruna döyüşmüş, canını qurban vermiş qəhrəman oğullarımızın sayəsində gerçəkləşdi. Xətai rayonunda mütəmadi olaraq şəhidlərimizin xatirəsi müxtəlif formatlarda anılır, adlarını əbədiləşdirmək üçün tədbirlər keçirilir. Əsas məqsədimiz şəhidlərimizin adını və xatirəsini əbədiləşdirmək, onların ailə üzvlərinə, yaxınlarına təskinlik vermək və onların qəhrəmanlığını yetişməkdə olan gənc nəslin yaddaşına həkk etməkdən ibarətdir. Bu gün də İkinci Vətən müharibəsində öz canını fəda etmiş, eləcə də Birinci Qarabağ savaşında şəhid olmuş qardaşlarımızın xatirəsini əbədiləşdirmək üçün yaradılmış xatirə lövhəsinin və salınmış böyük parkın açılış mərasiminə toplaşmışıq.”

Şəhidlərimizin xatirəsi hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaq

Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, bir neçə gündən sonra Vətən müharibəsinin başlamasının ildönümü qeyd olunacaqdır. Bu müddət ərzində respublikamızın digər bölgələrində olduğu kimi, Xətai rayonunda da Vətən müharibəsinin öyrənilməsi, təbliği, o cümlədən şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün xeyli işlər görülüb.

R.Quluyev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimiz misilsiz şücaət göstərib. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaqdır. Vətən müharibəsinin qəhrəmanı olan şəhidlərimiz haqqında nə qədər yazılsa da, danışılsa da yenə azdır. Şəhidlərimizin göstərdikləri şücaət, keçdikləri döyüş yolu, onların yüksək iradə, mənəvi keyfiyyətləri  gələcək nəsillər üçün nümunədir. Torpaq uğrunda canını fəda edən, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən igid Vətən oğullarının xatirəsi xalqımız tərəfindən daim əziz və uca tutulacaq.  Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Şəhidlərimizin Vətən, torpaq, yurd sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə vurğulayıb ki, biz çox müqəddəs ocağa toplaşmışıq. Bu gün hər birimizin and yerimiz olan bu xiyabanı vətəndaşlarımız, gənclərimiz, Xətai rayon sakinləri həmişə ziyarət edəcəklər. Açılışı olan bu parkı ziyarət edən hər bir insan onların əziz xatirəsinə ehtiramını bildirəcək: “Şəhidlərimiz bizim qürurumuzu, torpaqlarımızı, ədaləti özümüzə qaytardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Ən böyük problemimiz olan Qarabağ məsələsi də bir il öncə, sentyabrın 27-də başlayan və  44 gün davam edən Vətən müharibəsində  şəhidlərimizin canı və qanı bahasına öz ədalətli həllini tapdı, Azərbaycanın əzəli və tarixi torpaqlarını özünə qaytardı. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onların  Vətən, torpaq, yurd sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir.”

V.Rəhimzadə qeyd edib ki, bu gün ölkəmizdə şəhidlərimizə və qazilərimizə xüsusi diqqət və qayğı var: “Onların xatirəsini yad etmək üçün silsilə anım tədbirləri keçirilir. Şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına, qazilərə göstərilən xüsusi diqqət və qayğı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhidlərimizin adının əbədiləşdirilməsi ilə bağlı məsələlər dövlət siyasətinin əsasını təşkil edir. Bu ali diqqət və qayğıya görə dövlətimizə və Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə olan ehtiram hər birimizin vətəndaşlıq borcumuz, həyat amalımız olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, ona sadiq qalmalı, gələcək nəsillərimizi bu ideyalar və prinsiplərlə böyütməliyik. Şəhidlər hər birimizin qardaşı, əzizi, eyni zamanda, Azərbaycan xalqının baş tacıdır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə  ehtiva edən bu cür igid oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm. Azərbaycan xalqı belə qəhrəman övladlarımızla fəxr edir.”

Vətən müharibəsi qəhrəman şəhid və qazilərimiz sayəsində bütün dünyaya haqq uğrunda mübarizədə qələbənin necə qazanılmasını göstərdi

Açılışda çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, qazanılan qələbədə şəhidlərimizin şücaətinin heç zaman unudulmayacağının, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən vətənpərvər Azərbaycan qəhrəmanlarının xatirəsinin xalq tərəfindən daim əziz tutulacağını vurğulayıb: “44 günlük  Vətən müharibəsi qəhrəman şəhid və qazilərimiz sayəsində bütün dünyaya haqq uğrunda mübarizədə qələbənin necə qazanılmasını göstərdi. Bu gün hər iki Vətən müharibəsi şəhidlərinin abidəsinin yan-yana olması onu göstərir ki, biz heç zaman şəhidlərimizi unutmadıq və unutmayacağıq! Gələcək  nəsil qəhrəman şəhidlərimizdən örnək götürməli, onlar necə Vətəni seviblərsə, öz canları bahasına azad ediblərsə, qoruyublarsa, gələcək nəsil də Vətənimizi göz bəbəyi kimi qorumalı və canından çox sevməlidir. Şəhidlərimizin valideynlərinə belə mərd, igid, qorxmaz, əzmkar Vətən oğlu yetişdirdiyi üçün öz dərin minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.”

Onlar Vətənə, xalqına, elinə bağlı övladlar idilər

Tədbirdə çıxış edən şəhid Nadir və Rüfətin müəllimi Əntiqə xanım şagirdlərindən danışıb: ”6 il Nadirə, 3 il Rüfətə ədəbiyyatdan dərs demişəm. Bu gün həmin o illərə qayıtdım. Onlar Vətənə, xalqına, elinə bağlı övladlar idilər. Nə yaxşı ki, mən bu cür qəhrəman Vətən oğullarının müəlliməsi olmuşam. Şərəfli və qürurluyam ki, belə şagirdlərim olub. Bugünkü qələbəmiz, “Qarabağ Azərbaycandır!” şüarını fərəhlə deməyimizin səbəbkarı olan şəhidlərimizin yetişməsində müəllimlərimizin də xidməti əvəzsiz, rolu şəksizdir. Anaya, torpağa, Vətənə bağlılıq, ölümün gözünə dik baxmaq,  məktəb illərindən qanlarına, canlarına, iliyinə hopub. Şəhidlərin valideynlərinə, ailə üzvlərinə demək istəyirəm ki, biz də sizinləyik. Bugünkü qürur bütün Azərbaycan xalqının qürurudur. Var olsun, Azərbaycan! Var olsun, qazilərimiz, əsgərlərimiz! Allah şəhidlərimizə rəhmət eləsin!”

Tədbir zamanı məktəblilərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan  hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Qeyd edək ki, parkda görülən işlər çərçivəsində ərazidə ağaclar budanmış,  səki daşları düzülmüş, günlüklər, oturacaqlar, yeniyetmə  və  gənclər üçün idman, azyaşlı uşaqlar üçün müxtəlif əyləncə qurğuları, eləcə də mini stadion, şahmat meydançası və s. quraşdırılmışdır. Böyük ərazidə salınmış yaşıllıq zolaqlarına, ağac və bitkilərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərmək üçün su xətləri çəkilmiş, ərazi müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir. Yeni ağaclar, dekorativ kollar və güllər əkilmişdir.

Açılışında iştirak edən şəhidlərin ailə üzvləri ürək sözlərini, şəhidlərlə bağlı xatirələrini “İki sahil”lə bölüşüblər:

Həm fəxr edirəm, həm də kədərliyəm

Şəhid Fəzair Ziyadovun qızı Rəqsanə xanım vurğulayıb ki, atası 1993-cü ildə Ağdamda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub: “Həm fəxr edirəm həm də kədərliyəm. Atamı itirəndə 3 yaşım var idi. Onu ancaq şəkillərin köməyi ilə xatırlaya bilirəm. Onu heç vaxt yaddan çıxartmayacağıq, şərəflə onun əziz xatirəsini yad edəcəyik. Allah atamın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Atamın xatirəsini əbədiləşdirən lövhənin, həmçinin parkın açılışında əməyi keçən, təşəbbüs göstərən hər kəsə təşəkkür edirəm.”

Dedi ki, universitet qaçmır ki...

Şəhid Nadir Mahmudovun atası Məhəmməd Mahmudov bildirib ki, oğlu ali məktəbə sənəd verməyib, müharibəyə yollanıb: “Dedi ki, universitet qaçmır ki... İlk Azərbaycan paraşütçü  idi. Digərlərindən fərqli olaraq, o, tullananda  papağını əlinə almışdı. Həmişə deyirdi ki, erməni kimdir ki, bizim qabağımızda əl-qol aça.”

M.Mahmudov bildirib ki, Nadir çox layiqli, vətənpərvər oğul olub: “Ata kimi oğlumla hər zaman fəxr edirəm. Onların hər biri həmişə bizim qəlbimizdə olacaqlar. 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı, qazilərimizin canı bahasına, hərbçilərin rəşadəti sayəsində, dövlət başçımızın uzaqgörən siyasəti, diplomatik məharəti nəticəsində Azərbaycan tarixi Zəfər qazandı. Artıq bütün şəhidlərimizin ruhu şad  olsun ki, bizim torpaqlarımız azaddır.  Allah cəmi şəhidlərimizə rəhmət eləsin.”

Onlar cəsur, igid, qorxmaz, qəhrəman Vətən oğullarıdır

Şəhid mayor Rüfət Əsgərovun həyat yoldaşı Arzu Əsgərova şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlərin keçirilməsi, onların adını daşıyan parkların salınması, xatirə lövhələrinin qoyulması çox gözəl təşəbbüsdür: “Bu şərəfli missiyada əməyi keçən hər  bir kəsə minnətdarlığımı bildirirəm. Şəhidlərimizi tanıtmaq, onların xatirəsini uca tutmaq, yaddan çıxarmamaq hər birimizin borcudur. Onlar cəsur, igid, qorxmaz, qəhrəman Vətən oğullarıdır.

 A.Əsgərova xatırladıb ki, iki övladımız var: “Bir qız, bir oğlan. Oğlumun 15, qızımın 10 yaşı var. Onlar bilirlər ki, ataları şəhidlik məqamına ucalıb. Sonuncu dəfə onunla oktyabrın 13-də danışmışdım. Hər şeyə hazır olmalısan, hər an hər şey ola bilər deyirdi mənə. Hazırlıqlı idim də... Bilirdim ki, Rüfət kəşfiyyatçıdır. O, şəhid  kimi də qayıda bilər.  Fəxr edirəm, qürur duyuram ki, belə bir qəhrəmanın həyat yoldaşıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.”

Vətən müharibəsi başlayanda çox sevinirdi ki, nəhayət 30 illik həsrətə son qoyulacaq

Rüfət Əsgərovun atası Mürvət kişi qeyd edib ki, bu parkın açılması çox qürurvericidir: “Bu günə qədər Rüfət mənim oğlum idi. Ancaq bu gündən Rüfət Azərbaycan xalqının oğludur. Şəhidlik zirvəsinə nail olandan sonra bu parkın açılması  o deməkdir ki, bütün Azərbaycan xalqı yaşadıqca Rüfət də onların qəlbində əbədi yaşayacaqdır. Rüfətin döyüş yolu, göstərdiyi igidlik, 21 illik fəaliyyətindəki xidmətləri buna əsas verir. Onun adının, xatirəsinin əbədiləşdirilməsi üçün dövlətimiz çox mühüm işlər görüb. Rüfətin doğum günündə dövlət səviyyəsində Şəhidlər xiyabanında, Zabitlər evində anım mərasimi keçirildi. Bu diqqət və qayğıya görə dövlətimizə və hörmətli Prezidentimizə minnətdaram. Prezidentimiz Qubadlıya səfər edərkən Həkəri çayının kənarında Qaçaq Nəbinin kəndinin girişində Rüfətin lövhəsini görüb, ayaq saxlayıb, Allah rəhmət eləsin deyib başsağlığı vermişdir. Bunun özü də bizim üçün qürurdur. Rüfət Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Rüfət axırıncı dəfə bir gecədə 3 post alıb. Birinci postda 24 erməni əsgərini, ikinci postda 11 ermənini məhv edib. Onda vətənpərvərlik, xalqına inam, itirilmiş torpağın azad olunması qüruru olduğuna görə həmişə ön cəbhədə döyüşüb. Vətən müharibəsi başlayanda o, çox sevinirdi ki, nəhayət 30 illik həsrətə son qoyulacaq. O, müharibədə olması ilə bağlı bizə çox məlumat vermirdi. Kəşfiyyatçı  olduğuna görə həmişə iki cümlə deyirdi: “Salam,  biz yaxşıyıq. Sağ olun.”

Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto)
“İki sahil”