25 sentyabr 2021 01:58
876

Müdrik siyasətin parlaq Zəfəri

Mənfur, xain və faşist xislətli Ermənistanın uzun illər müstəqil respublikamıza qarşı ərazi iddiası çərçivəsində törətdiyi qanlı cinayətlərə, aramsız silahlı hücum və təxribatlara birdəfəlik son qoyan və şanlı Qələbəmizlə nəticələnən 44 günlük savaşdan artıq bir il ötür.

Hər kəsə yaxşı məlumdur ki, ötən 30 il ərzində dünyanın bir sıra aparıcı ölkələrinin təcavüzkar Ermənistanın iyrənc siyasətinə göz yummaları, ikili standartlardan çıxış etmələri ciddi anlaşılmazlıq yaradır, üstəlik dövlətlər arasında mövcud olan beynəlxalq hüquq norma və prinsiplərinin pozulduğuna işarə edirdi.

Yaşadığımız regiondakı dövlətlər və xalqlar arasında daim sülh, əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin bərqərar olmasına çalışan müdrik siyasi liderimiz cənab İlham Əliyev isə bu münaqişənin dinc yolla həllini tapmasının mümkün variantlarını seçirdi. Beynəlxalq səviyyəli görüşlərdə, BMT-nin, ATƏT-in, Avropa Şurasının, ATƏT-in Minsk qrupunun, mötəbər tədbirlərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dönə-dönə Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, ərazimizin 20 faizinin işğal altında saxlandığını, bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkün vəziyyətə düşdüyünü sübut edən faktları səsləndirir, həmin beynəlxalq qurumları cinayətkarı cilovlamaqla ölkəmizə qarşı təcavüzə son qoymasını tələb etməyə çağırırdı. Lakin törətdiyi qanlı cinayətlərin müqabilində siyasi müstəvidə qiyməti verilməyən, cəzasız qalan düşmən ölkə və onun silahlı hərbi birləşmələri getdtkcə daha da həyasızlaşır, bizə qarşı əzələ nümayiş etdirir, müharibə ilə hədələyirdi.

Kölgələri özlərinə özlərindən də böyük görünən hiyləgər və cani ermənilər 2016-cı ilin aprel ayında Cəbrayıl və 2020-ci ilin iyun ayında Tovuz rayonu istqamətlərində dövlət sərhədimizi posmaqla silahlı təxribata əl atdılar. Düşmənin hər iki silahlı insidentinin qarşısı Ali Baş Komandanı möhtərəm Prezidentimiz İlham Əliyev olan qüdrətli Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı Bu ağır zərbələrdən nəticə çıxarmayan və müasir Azərbaycan Ordusunun gücünü, qüdrətini düzgün dəyərləndirməyən düşmən ötən ilin sentyabrın 27-də daha böyük qüvvə ilə və kobud şəkildə ölkəmizin ərazisinə soxulmağa cəhd etdi. Artıq səbir və təmkin kasası aşıb-daşmış möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev çoxmilyonlu xalqımızın yekdil iradəsini ifadə edərək, əks-hücum əməliyyatına başlamaq haqqında əmr verdi. Həmin gündən qədirbilən xalqımız, ölkəmizin hər bir vətənpərvər övladı dövlət və ordu ilə birləşərək yüksək həmrəylik nümayiş etdirdilər.

 «…Biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq» deyən Ali Baş Komandan cənab İlham Əliyevin «dəmir yumruğu» ətrafında birləşən ordu və xalq Vətənin ərazi bütövlüyü uğrunda savaşa girişdi. Günlər, anlar bir-birini arxada qoyduqca şanlı, müzəffər və yenilməz ordumuzun düşməni ağır məğlubiyyətə uğradaraq müqəddəs torpaqlarımızı azad etməsi barədə Ali Baş Komandanımızın şəxsən öz dilindən eşitdiyimiz xoş xəbərlər hamımızı qürurlandırır. möhtəşəm qələbəmizə inamımızı daha da artırırdı. Böyükdən kiçiyəcən hamımızın ürəyi düşmənə qan uddurmaq, onları doğma yurd-yuvalarımızdan “iti qovan kimi qovmaq” əzmi ilə vuruşan qəhrəman əsgər və zabitlərimizin qəlbi ilə bir döyünürdü. Düşmənin yaratdığı mif, alınmaz qala adlandırdığı post və istehkamlar, zenit qurğuları ordumuz tərəfindən darmadağın və yerlə-yeksan edilirdi. Yerdən və havadan endirilən tank, top, artilleriya və aviasiya zərbələri nəticəsində ağır itgilərə məruz qalan dığalar isə dabanlarına tüpürüb döyüş meydanından qaçmaq məcburiyyətində qalırdılar.

Bütün vücudları Vətən eşqi və düşməndən intiqam almaq hissi ilə alışıb yanan cəngavər əsgər və zabitlərimiz aslan kimi döyüşərək qısa zaman ərzində doğma Qarabağımızın içərilərinə doğru sürətlə irəliləyirdilər. Xüsusi təyinatlılarımız isə yüngül silahlarla əli yalın halda sıldırım və keçilməz qayalara dırmaşaraq ölkəmizin dilbər guşəsi, mədəniyyətimizin mərkəzi olan Şuşanı erməni sürüsündən təmizlədilər. Daha ağır məğlubiyyətdən qorxuya düşən düşmən noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəhayət, 44 gün davam edən müharibə ərzində düşmənin beli qırıldı.

Beləliklə, XIX əsrin əvvəlindən başlayaraq müxtəlif dövrlərdə Vətənimzə təcavüz edərək bizim torpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşənlərin buynuzu sındırıldı. Məğlub ölkə, məğlub xalq damğası birdəfəlik üstümüzdən götürüldü. Azərbaycan Ordusu cəmi 44 gün ərzində dünyanın müharibə tarixində misli görünməmiş Qələbəyə imza atdı. Özlərinin qanları və canları bahasına bizlərə bu möhtəşəmliyi, yenilməz və qəhrəman xalq adını haqq edən 3 minə yaxın artıq şəhid övladlarımzın sırasında 65 nəfər yevlaxlı ərən də vardır. Məhz 44 günlük müharibə ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tariximizə Zəfər Sərkərdəsi kimi möhürünü vurdu.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Gülyanaq Baxışova,
Yevlax rayon 1 nömrəli Notariat ofisinin notariusu