25 sentyabr 2021 13:29
887

“Xalça sənəti-mənaların təkamülü” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti-mənaların təkamülü” adlı sərginin açılış mərasimi keçirilib. “İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sərginin kuratoru Şirin Məlikova layihə haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, bu, layihənin ikinci təqdimatıdır: “Sərginin ilk açılışı bu ilin iyulunda Rusiya Federasiyası Tatarıstan Respublikasında baş tutmuş və Kazan Kremli Muzey-Qoruğunda nümayiş etdirilən zəngin ekspozisiya  tamaşaçıların böyük rəğbətini qazanmışdı. Bu, Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun zəngin ənənələri və müasir rəssamların yaradıcılığında yeni təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı sərgi olub.

Şirin Məlikova bildirib ki, Azərbaycan Milli Xalça Muzeyi bu sərgi ilə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün  də XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid ecazkar klassik xalça nümunələrini  seyr etmək imkanı yaradır. Ekspozisiyada nümayiş olunan eksponatların hər biri ornament, rəng həlli və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən yüksək sənət nümunələridir. Tamaçaçılar həmçinin tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin əsərləri vasitəsi ilə qədim xalça sənətinin müasir interpretasiyasını, keçmiş və çağdaş zaman arasındakı “dialoqu” izləyə biləcəklər.

Daha sonra muzeyin eksperti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın ən qiymətli maddi və mənəvi irsi olan xalça sənətinin daşıdığı yüksək bədii məzmun haqqında çıxış edib.   

“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli isə layihənin vacib əhəmiyyətə malik olduğunu vurğulayıb. Çingiz Babayevin xalçalarında əksini tapan və sirli mənalarla kodlaşdırılan ornamentlərin rəssamın dərin təxəyyülündən qaynaqlandığını ifadə edib.   

Çingiz Babayev isə öz çıxışında Azərbaycan xalça sənətinin müasir yaradıcı insanlar üçün əvəzsiz mənbə olduğunu vurğulayıb və yaradıcılığı haqqında söylənən dəyərli fikirlərə görə təşəkkürünü bildirib.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi ziyarətçilər üçün 17 oktyabr tarixinədək açıq olacaq.