26 sentyabr 2021 10:40
934

27 sentyabr - Zəfərin başlanğıcı

Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın mənəvi birliyi, ordumuzun igidliyi, cəsurluğu, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə   yazılır. Artıq bir xalq olaraq, dövlət olaraq qürur hissi keçiririk, çünki uzun illərdən sonra əsl müstəqilliyə nail olur, tarixi ədaləti bərpa edirik. Əlbəttə ki, bu bizim qəhrəman oğullarımızın canı, qanı hesabına başa gəlmişdir. Bir daha şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, qazilərimizə şəfa arzulayırıq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Azərbaycan xalqı  son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilə çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar (Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir). Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. 
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi və dünyaya çatdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti  tərəfindən müəyyən işlər görülsə də mövcud tarixi şəraitə görə baş verənlərin sona qədər  araşdırılmasının  və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Lakin həmin faciəli hadisədən 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi - siyasi qiymət verilmiş  və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan  olunmuşdur. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. XX əsrin 90-cı illərində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi indi də məlum deyil. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir. Ümumiyyətlə, Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə  isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur. 
Bu da tarixi həqiqətdir ki, ulu öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanın tale yüklü məsələsi olan Qarabağın və digər ərazilərimizin erməniləşdirilməsinin qarşısını almağı bacardı, ərazilərimizin ermənlər tərəfindən işğal edilməsini bütün dünyaya çatdırırdı. O, bir çox  güclü dövlətlərin və  beynəlxalq təşkilatların  təzyiqlərinə baxmayaraq  ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın  soyqırımına  məruz qaldığını sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı. Ümummilli Lider yaxşı anlayırdı ki, müharibəni uduzmuş, öz doğma məcburi köçkün vəziyyətinə düşmüş, iqtisadi, siyasi, hərbi cəhətdən zəif, eləcə də ideolji natamamlıq yaşanan bir ölkə mübarizə aparmaq üçün güclü olmalıdır, inkişaf etməlidir, iqtisadi imkanlarını artırmalıdır. Digər mühüm amil isə insanları bir məfkurə, ideya ətrafında birləşdirmək idi. Bütün həyatını buna həsr edən Ulu Öndər  siyasi, iqtisadi, hərbi islahatıar həyata keçirdi və ən əsası mənəvi-ideolji mühitin formalaşması, azərbaycançılıq ideologiyasının formalaşması üçün bütün imkanları səfərbər etdi. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” bu fikir həmin ideologiyanın mühüm devizi oldu. Ulu Öndər hər zaman inanırdı, nikbin idi, hər kəsdə də bu nikbinliyi  yaradırdı ki, “biz mütləq  torpaqlarımızı işğaldan azad edəcəyik,  biz mütləq həmi torpaqlardan yenidən yaşayacayıq, yaradacayıq!” Ulu Öndər inanır və bu fikirlərin reallaşması üçün çalışırdı.
Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. "Əsrin müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Qısa müddətdə, ərazisinin 20%-dən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünün  vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bölgənin ən güclü ölkələrindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir. 

Hicran Hüseynova, 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor