26 sentyabr 2021 17:50
459

Dünyanın 27 ölkəsindən olan jurnalistlərin Göbəklitəpə və Karahantəpəyə media-turu təşkil olunub

"Biz "Daş təpələr"lə bağlı bütün ölkələrə, o cümlədən Azərbaycana iş protokollarını göndəririk".

Bunu Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib. Onun sözlərinə görə, daha əvvəl Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqədə olan universitetlərə, eyni zamanda daha əvvəl Türkiyədə qazıntılarda iştirak edən universitetlərə məlumatlar göndərilib: "İstək onlardan gəlsə, biz də iş birliyi edirik. Azərbaycana da məlumat göndərmişik. Azərbaycanla aramızda ikitərəfli restavrasiya və arxeologiya sahəsində protokol var. Bu protokol çərçivəsində Azərbaycanın da qazıntı işlərində iştirak edəcəyini düşünürəm".

Göbəklitəpə və Karahantəpədə aparılan qazıntı qrupuna rəhbərlik edən professor Necmi Karul isə deyib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev çox yaxın iş birliyi olan həmkarlarından biridir:

"O, birlikdə işləməkdən zövq aldığımız həmkarlarımızdan biridir. Əgər azərbaycanlı həmkarlarımız istəsələr, qazıntı işlərində onlar da iştirak edə bilərlər".

Qeyd edək ki, dünya arxeologiya tarixində yeni bir cığır açan Göbəklitəpədən sonra kəşf edilən Karahantəpə Türkiyənin Mədəniyyət və turizm naziri, millət vəkilləri, alimlərin və ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya və Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan 80-ə yaxın jurnalistin iştirakı ilə dünyaya tanıdılıb, ilk dəfə ziyarət edilib.

Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ərsoy deyib ki, Şanlıurfanın şəhər mərkəzindən 55 km məsafədə, Tektek Dağları Milli Parkında yerləşən Karahantəpədə arxeoloji qazıntı işlərini 70 türk və xarici alim həyata keçirib, yaxın gələcəkdə bu say 312-yə çatdırılacaq.

2022 -ci ildə Karahantəpəni ziyarətçilər üçün açmağı planlaşdırdıqlarını deyən nazir, neolit dövrünə aid qazıntı və araşdırmalarla bağlı yeni məlumatların toplanacağı və alimlərin araşdırma apara biləcəyi bir Neolit Araşdırma Mərkəzini qurmağa davam etdiklərini qeyd edib.

Neolit dövrünə dair aparılan araşdırmalarla bağlı geniş təqdimatla çıxış edən professor Necmi Karul Göbəklitəpədə araşdırmalar zamanı heyvan qalıqlarına çox rast gəlsələr də, Karahantəpədəki araşdırmalarda o dövrün insanlarına aid qalıqlarla daha çox rastlaşdıqlarını qeyd edib. O deyib ki, həmin dövrdə insanlar daşlardan T şəkilli müxtəlif heykəllər yaradıblar, daha sonra isə sonrakı dövrlərə saxlanılması üçün etdikləri düşünülən bir addım atıblar. Belə ki, onlar bütün memarlıq abidələrini daha sonra insan kimi torpağa basdırıblar.

Qeyd edək ki, daha əvvəl jurnalistlərin Göbəklitəpəyə də media turu təşkil olunub. Əvvəllər ən qədim yaşayış məskəni 7 min əvvələ aid edilsə də, burada aparılan qazıntılar zamanı 12 min əvvələ aid yaşayış məskənləri aşkarlanıb. Bu səbəbdən Göbəklitəpə tarixin sıfır nöqtəsi, yəni başlanğıcı hesab edilir.

Nazir Məhmət Nuri Ərsoy deyib ki, artıq bütün dünyadan "Daş təpələr"ə diqqət göstərilir: "Bu yerlərin turizm mərkəzinə çevrilməsi üzərində də iş gedir. Turizmlə bağlı əlavə investisiya qoyulduqdan, infrastruktur daha çox turist qəbuluna imkan verdikcə gələnlərin sayında sürətli artım olacaq. Bunun nəticəsində il ərzində təxminən 5-6 milyon turist gələcəyi və bu bölgənin turizm illik 1 milyard dollar gəlir gətirəcəyini düşünürük. İlk 5 il üçün düşüncəmiz 5 milyard dollar gəlir əldə edilməsidir. Amma bizim bu layihədəki əsas hədəfimiz turizm yox, elmi araşdırmalardır, turizm isə bunun təbii nəticəsi olacaq. Turizmdən gələn gəlirin əsas hissəsi də yenə bu bölgədəki arxeoloji qazıntılara sərf olunacaq".

Göbəklitəpədə arxeoloji qazıntılar aparan heyətin rəhbəri, alman alim Li Klar jurnalistlərə açıqlamasında deyib ki, burada Neolit dövrünə aid çoxlu yaşayış məskənləri mövcud olub. Göbəklitəpə Misir ehramlarından 7500 il daha qədimdir: “Bu ərazi 1963-cü ildə kəşf edilsə də, ilk dəfə qazıntılara 1995-ci ildə Alman Arxeologiya İnstitutunun professoru Klaus Şmitin rəhbərliyi ilə başlanılıb və təxminən 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb. Qazıntılar zamanı Neolit dövrünə aid, üzərində vəhşi heyvan fiqurları olan "T" formalı dik daşlar aşkar edilib. Bu sütunların insan simvolları olduğunu düşünürük. Daş sütunların ağırlığı 40-60 ton arasında dəyişir. İbtidai daş alətlərinin istifadə edildiyi bir dövrdə belə böyük sütunların və ağır daşların əraziyə necə daşındığı bu günədək sirr olaraq qalır. Qazıntılar zamanı 8-30 metr diametrində qədim məbəd qalıqları və təxminən 12 min il əvvələ aid olduğu bildirilən insan heykəli kimi müxtəlif tarixi əsərlər də üzə çıxarılıb. Bundan başqa, daş sütunların üzərində oyulmuş heyvan təsvirləri də maraq doğurur. Bu heyvan rəsmləri məbədi ziyarət edən fərqli qəbilələrin simvollarıdır".

Turist bələdçi Ceren Yalçın deyib ki, heykəllər üzərində vəhşi qaban, tülkü, pələng, buğa, əqrəb, ilan, eyni zamanda quş fiqurları var: "Bəlkə də quşların bir az daha müqəddəs bir özəlliyinin olduğuna inanıblar. Çünki burada bəzi relyeflər var. Relyefdə bir quş əlində yuvarlaq obyekt tutur. O bəlkə də insanın başını simvolizə edir. Başı bədənindən ayrılmış bir insan vücudu var quşun üzərində”.

Şanlıurfada neolit dövrünün daha dərin araşdırılması ilə bağlı layihənin 2021-2024-cü illəri əhatə edən ilkin mərhələsində qazıntılara müxtəlif ölkələrdən arxeoloqlar cəlb edilib.

Qeyd edək ki, jurnalistlərin Şanlıurfa Arxeologiya və mozaika muzeyinə, o cümlədən İbrahim Peyğəmbərin doğulduğu məscidə də media-turu təşkil olunub.