01 oktyabr 2021 18:50
1161

Əgər həmsədrlər regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirlərsə...

“Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ATƏT-in Minsk qrupunun xüsusilə Fransa və ABŞ-dan olan həmsədrləri bütün mümkün vasitələrlə regiona daxil olmağa cəhd edirlər. Onlar guya Dağlıq Qarabağ münaqişəsinin davam etməsi fikrini yaratmaq və onun həllinə öz töhfələrini vermək təşəbbüsünü irəli sürürlər”.

Bu fikirləri beynəlxalq ekspert Anar Əliyev “İki sahil”ə açıqlamasında beynəlxalq ekspert Anar Əliyev söyləyib.

A.Əliyev Dağlıq Qarabağ münaqişəsi bitdikdən, 10 noyabr Bəyanatı imzalandıqdan sonra 2020-ci ilin dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərinin regiona dəvətsiz səfərini xatırladıb. Prezident İlham Əliyev həmsədrlərə açıq şəkildə bildirdi ki, Minsk qrupunu səfərə dəvət etməyib: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.

Beynəlxalq ekspert bildirib ki, Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən Azərbaycan beynəlxalq hüququ özü təmin etməli oldu: “Münaqişə tarixə çevrildikdən sonra Minsk qrupu həmsədrlərinin  birdən-birə fəallaşmaları, Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da kəskinləşməsinə xidmət edəcək açıqlamalar vermələri birmənalı qarşılanmır. Bu 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız öz maraqlarını düşünərək, münaqişənin həlli istiqamətində heç bir əməli addım atmadılar. Yalnız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz torpaqlarını düşmən tapdağından azad etdi və tarixi ədalət bərpa olundu. ATƏT-in Minsk qrupunun həmsədrləri təhlükəsizlik və əməkdaşlıq məsələlərini fəaliyyətlərində rəhbər tutmalıdırlar. Ermənistan tərəfindən müharibə cinayətlərinin qarşını almaq üçün mina xəritələrinin qeyri-şərtsiz Azərbaycana təhvil verilməsi üçün təzyiqlər etməlidirlər. Bildiyimiz kimi Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın  baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın əsas məqsədlərindən biri də regionda Ermənistanın işğalı nəticəsində bağlanmış olan bütün nəqliyyat-kommunikasiya bağlantılarının açılmasıdır. Bəyanatın 9-cu maddəsi də məhz bu məqsədin həyata keçirilməsinə xidmət edir. Əgər həmsədrlər regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirlərsə Ermənistandan 10 noyabr Bəyanatının şərtləni kobudcasına pozmamasını tələb etməlidirlər. ATƏT-in Minsk qrupu sərsəm bəyanatlardan çəkinməli, inteqrasiyaya ziyan vuracaq ritorikadan uzaq durmalı, turist yox, diplomat kimi davranmalıdırlar. Yalnız bu çağırışlarla regiona daxil ola, itirilmiş nüfuzunu geri qaytara bilərlər”.

Nigar Orucova, “İki sahil”