07 oktyabr 2021 23:59
1245

Avropada qaz böhranı: Bu tendensiya Azərbaycana nə vəd edir?

Sentyabrın əvvəlində Avropa birjalarında qaz fyüçerslərinin qiyməti hər min kubmetr üçün 660 dollara olduğu halda, ötən həftələrdə 970 dollara çatdı. Bu, tarixdə görünməmiş bir qiymətdir. Ekspertlər bu gərginliyin bir neçə səbəbdən qaynaqlandığını bildirirlər. Belə ki, 2020-ci ilin əvvəlləri qiymətlərdə kəskin azalma müşahidə olundu. Bunun əsas səbəbi tələbatın azalması idi. Çünki qlobal miqyasda karantin məhdudiyyətləri tətbiq olundu, sənaye müəssisələrinin fəaliyyəti azaldı. Aydındır ki, təbii qaz sənayedə xammal kimi də istifadə olunur. Digər tərəfdən, elektrik enerjisinin istehsalı və istehlakı azaldığı üçün təbii qaza olan tələb böyük olmadı. Pandemiyadan əvvəl isə bütün proqnozlar göstərirdi ki, təbii qaza olan tələbat növbəti illərdə artmağa davam edəcək. Hazırda qlobal miqyasda iqtisadi aktivlik müşahidə edilir. Artıq dövlətlər sərt karantin rejimlərini yumşaltmağa başlayıb, yoluxma sayı artsa da, ölkələr pandemiya ilə yaşamağı öyrəniblər. Bu da öz növbəsində sənaye müəssisələrində aktivliyi gücləndirir. Pandemiyadan sonra yaranan bütün bu aktivliklər təbii qaza olan tələbatı artırdı.

Hazırda Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsi son 5 ilin ortalama göstəricisindən 16 faiz aşağıdır. Oktyabr ayı olmasına baxmayaraq, bu, həddindən artıq aşağı səviyyə qəbul edilir. Yeraltı qaz anbarlarına qaz əsasən yay fəslində doldurulur. Qışda tələbat pik həddə çatdığı zaman yeraltı qaz anbarlarından istifadə olunur. Avropanın əsas problemlərindən biri də İttifaqa daxil olan ölkələrin hasilatının kəskin azalmasıdır. Hazırda Avropanın elə bir ölkəsi yoxdur ki, onun hasilatında artım qeydə alınsın. Proqnozlara əsasən, 2022-ci ilin ortalarına doğru Avropanın ən böyük təbii qaz yatağı olan “Groningen”də hasilat tamamilə dayana bilər.

Təkcə 2020-ci ildə Avropanın hasilatı 22 faiz azalıb. Hazırda Avropada təbii qazın 1000 kubmetri 940 dollar civarındadır. Proqnozlar göstərir ki, qış sərt keçərsə, Avropada təbii qazın 1000 kubmetri, hətta 1500 dolları keçə bilər. İnkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin təbii qaz istehlakını 2030-cu ilə qədər ən azı 15 faiz artıracağı gözlənilir. Bu isə “köhnə qitə”nin mühüm qaz təminatçılarından biri kimi Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin daha güclü hala gəlməsini şərtləndirir. İlk növbədə o baxımdan ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə hesab edilir. Azərbaycanın malik olduğu zəngin enerji resursları ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, regional əməkdaşlıqda da mühüm rol oynayır. Avropa ilə yaradılan enerji əməkdaşlığı, bu kontekstdə ötən ilin sonunda tam istifadəyə verilmiş “Cənub Qaz Dəhlizi” qeyd edilənlərin real təsdiqidir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə  töhfə verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TAP vasitəsilə ildə 8 milyard kubmetr qazın İtaliyaya, qalan 2 milyard kubmetr qazın isə Yunanıstan və Bolqarıstana nəql olunacağı nəzərdə tutulur. Lakin sonradan bu həcmlər artacaq və artıq bir sıra digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək. Artıq gələcəkdə “Cənub Qaz Dəhlizi” ilə Balkan bölgəsinə də qaz nəqli nəzərdə tutulur. Bu məqsədlə  “İonik-Adriatik” boru kəmərinin çəkilişi üzərində iş gedir. Həmin kəmərin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturu var. “İonik-Adriatik” kəməri işə düşdükdən sonra Azərbaycan qazı Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya kimi ölkələrə də çatacaq. Bununla Azərbaycan Avropaya daha böyük miqdarda qaz çatdıracaq. Təbii ki, bu da ölkəmizin gəlirlərini artıracaq.

Sevinc Azadi, “İki sahil”