12 oktyabr 2021 18:22
644

Həmin vaxt Azərbaycan əsgərinin beynində ancaq bir fikir var idi: İrəli!

Bizi döyüşə ruhlandıran, odun-alovun içinə çəkən Vətən sevgisi idi

Ötən ilin bu günləri igid Azərbaycan oğulları ön cəbhədə Vətənin müdafiəsinə qalxdı, soyuq, qar, boran demədən döyüş meydanında düşmənə qan udduraraq adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdılar. Qarabağın üzərindən qara buludlar belə mərd Vətən oğulları sayəsində əbədi olaraq çəkildi. Xocalının nalə çəkən ruhu sakitlik tapdı, hüzura qovuşdu, rahat uyudu. İndi isə azad Qarabağ səmasında vüqarla dalğalanan üçrəngli Azərbaycan bayrağı xalqımızın şərəf və şöhrətini göylərə qaldırır.

Ərazi bütövlüyümüzün bərpa edilməsində, torpaqlarımızın yağı tapdağından xilas olunmasında iştirak edən, şanlı Qələbəmizin qazanılmasında misilsiz fədakarlıq göstərən polad biləkli, mübariz ruhlu igidlərimizdən biri də Cəlal Rafiq oğlu Əlişlidir.

Müsahibimizlə söhbət zamanı müharibənin başladığı günə qiyabi ekskursiya etdik, onun xatirələri ilə yenidən 44 gün sayaraq şəhidlərimizi, qazilərimizi, tarixi Zəfərə gedən yolun hər bir anını,  cəbhədə baş verənləri yada saldıq.

Cəlal 4 mart 1998-ci ildə Saatlı rayonunun Əliabad kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə  Bakı şəhəri, Suraxanı rayonu Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə təhsil alıb. Maddi səbəblərə görə ali təhsil ala bilməyən qəhrəmanımız 1 illik  bərbərlik ixtisası üzrə özəl kurs bitirərək peşə sahibi olub. Uşaqlıqda idmanın kikboks növü ilə məşğul olub. 2017-2018-ci illərdə əvvəl Qusardakı “N” saylı hərbi hissədə topçu-baş tuşlayıcı kimi hərbi xidmətdə olub. Ailədə 2 bacı, bir qardaşdırlar. 4 ildir bərbər kimi fəaliyyət göstərir.

Qisas hissi qalan bütün duyğuları unutdurmuşdu

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan müsahibimiz bildirib ki, müharibənin son gününə qədər döyüşlərdə fəal iştirak edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsindən çağırış gəldi. Atamın əmisi oğlu ilə birgə Bakıdan Saatlıya yola  düşdük. Ondan sonra hərbi təlimlərdə iştirak etmək üçün o Goranboya,  mən  isə Beyləqana getdim. Sentyabrın 21-dən 26-na qədər Beyləqanda təlimlərdə iştirak etdim. Sentyabrın 27-də Füzuli istiqamətində yerləşməyimiz barədə əmr gəldi. Biz Füzuliyə çatanda axşam olmuşdu.  Səhərə yaxın hücum əmri gəldi, düşmənə tərəf topan atəş açdıq. Ondan anladım ki, müharibəyə başladı. Savaşın ilk günlərində ağır döyüşlər zamanı şəhid olacağımı düşündüm. Amma nə qorxdum, nə də həyəcanlandım. Ancaq düşməndən qisasımızı almaq, torpaqlarımızı işğaldan azad etmək haqqında düşünürdüm. Qisas hissi qalan bütün duyğuları unutdurmuşdu. Həmin vaxt Azərbaycan əsgərinin beynində ancaq bir fikir var idi: Ancaq irəli!”

Bir mərmi ilə 20-30 ermənini leş edirdik

Müsahibimiz müharibədə artilleriya divizionunun top komandiri olub: “ Mənə 3 əsgər təhkim olunmuşdu. Füzulidə qaldığımız müddətdə toplardan verilən hədəflər üzrə atışlar edirdik. Atdığımız bir mərmi ilə 20-30 ermənini leş edib yerə sərirdik. Atdığımız topun mərmisi 15-18 km məsafəyə qədər gedib çıxırdı.  Ən çətin döyüşlər Füzulidə, Hadrutda və Şuşadakı əlbəyaxa döyüşlər idi. Həmin  döyüşlərdən sağ çıxmağa heç  bir faiz də ümidimiz  yox idi. Yaralanmasam da, müharibədə ağır psixoloji travması aldım".

Azərbaycan əsgəri ölümə getməkdən qorxmurdu

Müsahibimiz xatırladıb ki, İkinci Qarabağ savaşında Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş hazırlığı, vətənpərvərliyi yüksək  səviyyədə idi : “Zəfər qazanmaqdan başqa amalımız, düşməni torpaqlarımızdan rədd etməkdən başqa hədəfimiz yox idi. Heç nə gözümüzdə deyildi.  Heç kim düşünmürdü ki, yaralanar, ya başqa nəsə olar. Ordumuzun zabitləri, əsgərləri, hamı bir nəfər kimi son damla qanımıza, can bədəndən çıxına qədər döyüşmək və qələbə qazanmaq haqqında düşünürdü. Torpaqlarımızı işğaldan azad etmək savaşında düşməni məhv etməkdən həzz alırdıq. Bu günü 30 il idi ki, gözləyirdik. Vətən müharibəsində Azərbaycan əsgəri ölümə getməkdən qorxmurdu. Azərbaycan Ordusunun gücünə, əsgərimizin qəhrəmanlığına bütün şahid oldu. 44 gün ərzində döyüş meydanına elə öyrəşmişdik ki, savaş 1 il  belə, davam etsəydi, yenə də yorulmadan, usanmadan erməni dığaları ilə mübarizə apararaq onları məhv edərdik.  Biz erməni şərəfsizlərini məhv etdik və onları torpağımızdan rədd etdik. Bizi döyüşdə ruhlandıran, odun-alovun içinə çəkən əsas qüvvə Vətən sevgisi, ana Vətənə olan övladlıq borcunu qaytarmaq məsuliyyəti idi.  44 günlük İkinci Qarabağ savaşında öz gücümüzlə Qələbə qazandıq. Mənliyimizi, şərəfimizi, qüdrətimizi, əzmimizi bütün dünyaya isbatladıq. Arxa cəbhədə xalqımız, ön cəbhədə ordumuz həmrəy olub, Ali Baş Komandanın rəhbərliyi tarixi Zəfərə nail olduq. Vətən müharibəsinin iştirakçısı olduğum üçün  başda Ali Baş Komandanımız olmaqla bütün zabit və əsgərlərimizlə fəxr edirəm".

Vətənimiz üçün döyüşməyə, şəhid olmağa hər zaman hazıram

Həmsöhbətimiz vurğuladı ki, müharibədən yarımçıq qalan bir arzusu var- şəhid olmaq: “Düşünürdüm ki, müharibə başlayanda öz arzusuma çatacağam. Mən hər zaman şəhidlik üçün can atırdım. Sevinirdim ki, İkinci Qarabağ savaşının şəhidi olacağam. Amma qismət olmadı. Ağlıma gəlməzdi ki, mənə həm dost, həm də qohum olan insanla - Fərrux Bayramlı ilə döyüşlərə gedim. Müharibə vaxtı o şəhid olsun, mən isə… Bir daha əmin oldum ki, şəhidlik uca zirvədir və hər kəsə qismət olmur. Torpaqlarımız, Vətənimiz, dövlətimiz üçün döyüşməyə, şəhid olmağa hər zaman hazıram".

Döyüşlərə gedəndə ailəmlə birdəfəlik sağollaşmışdım…

Cəlalın sözlərinə görə, ailəsi onun müharibədə olduğunu bilməyib: “Valideynimə, doğmalarıma təlimlərdə olduğumu demişdim. Çox nadir hallarda telefonla əlaqə saxlayırdıq. Ailə üzvlərimə söyləyirdim ki, tezliklə qayıdacağam, narahat olmayın. Onlar da dua edib, özümdən muğayat olmağı tapşırırdılar. Şuşa uğrunda döyüşlərə girənə qədər bu, belə davam etdi. Sonra ailəm müharibədə olduğumu hiss etdi. Döyüşlərə gedəndə ailəmlə birdəfəlik sağollaşmışdım. Müharibəyə gedirdim, ona görə də hər situasiyaya hazırlıqlı idim. Allah şəhidlərimizə rəhmət eləsin. Mənə şəhid olmaq qismət olmadı, müharibədən salamat evə qayıtdım. Yaxın-uzaq bütün qohumlar, tanışlar məni qarşılamağa gəlmişdilər. Həmin gün keçirdiyim hisslər i sözlə ifadə etmək mümkün deyil".

Bizə elə gəlirdi ki, sanki bundan sonra həmişə bir yerdə olacağıq

Həmsöhbətimiz qeyd etdi ki, bəzən bütün yaşananlar yuxu kimi gəlir: "Müharibədə bir anlıq  ailəni, sevdiklərini xatırlayırsan. Amma sonra müharibənin dəhşətləri içində hər şey yaddan çıxır. Döyüş vaxtı heç kimdən narahat deyildim. Çünki narahat olanda, düşünəndə döyüşmək olmur. Ona görə də bütün diqqətimi döyüşlərə yönəltmişdim. Müharibədə keçən zamanlar ağır, amma unudulmazdır. Çətinliyimiz olsa da, hamı bir-birilə qardaş, dost kimi səmimi və mehriban idi. Bizə elə gəlirdi ki, sanki bundan sonra həmişə bir yerdə olacağıq. Füzulidən Şuşaya gedəndə yolda ümidimizi itirmişdik. Düşünürdük ki, düşmən tərəfi bizi yarıyolda vura bilər. Çünki qarşı tərəf minamyotdan dəqiq və davamlı atırdı.  Şükürlər olsun ki, salamat Şuşaya çata bilmişdik".

İki qardaşın, ata-oğulun şəhid olması savaşın acı xatirələrindəndir

Müsahibimiz bildirdi ki, savaşda keçirdiyi ən ağır gün ona yaxın və doğma olan Fərrux Bayramlının şəhid olması xəbərini eşitdiyi gün olub: “Biz onunla uzaq qohum sayılırdıq. Amma bir-birimizə qardaşdan da yaxın idik. Onun üçün canımdan belə, keçməyə hazır idim. Müharibə vaxtı bir gün ailəmlə əlaqə saxlayanda mənə dedilər ki, Fərrux ermənilər tərəfindən snayperlə vurulub. 2 azyaşlı övladı atasız qaldı. Bu xəbər mənə çox pis təsir etdi. O gündən heç nə gözümdə deyil. Onunla təlimlərə, döyüşlərə birlikdə getmişdik. Qayıdanda isə tək gəldim…  Bu çox ağır hiss idi. Döyüş yoldaşlarımdan biri Qələbə xəbərindən 4-5 saat əvvəl şəhid oldu. Döyüşdü, mübarizə apardı, amma Zəfər sevincini bölüşüb, "gözümüz aydın qardaş, Qələbəmiz mübarək" deyərək bir-birimizə sarıla bilmədik. İki qardaşın, ata-oğulun şəhid olması savaşın acı xatirələrindəndir. Bunları düşündükcə çox pis oluram. Tək təsəllim odur ki, şəhidlərimizin qisasını aldıq, onların qanını yerdə qoymadıq. Torpaqlarımızı düşmən işğalından azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik.”

Cəlal Qələbə gününü belə xatırladı: “Zəfər xəbəri gələn gün Şuşanın Çanaqçı kəndində idik. Qələbə xəbərini mənə döyüş yoldaşım söylədi.  Sözün düzü əvvəlcə, inanmadım, elə bildim zarafat edir. Sonra gördüm ki, Ordumuz şanlı Qələbəmizin sevincini yaşayır. Həmin duyğuları sözlə ifadə etmək çətindir. 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə azad etdi. Qəhrəman şəhidlərimizin canı və qanı bahasına,  igid Vətən oğullarının şücaəti sayəsində erməni şərəfsizlərini torpaqlarımızdan iti qovan kimi qovduq.”

Müsahibimiz tərxis olunduqdan sonra şəhid Fərruxun ailəsini ziyarət edib. Daha sonra Şəhidlər Xiyabanına gedib, Fərruxun timsalında şəhidlərimizi yad edib. Cəlal hazırda  aldığı psixoloji travma ilə bağlı müalicəsini davam etdirir.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin  müvafiq Sərəncamına əsasən, Cəlal Rafiq oğlu Əlişli Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə  “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının  azad olunmasına görə” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Yaqut Ağaşahqızı, “İki sahil”