13 oktyabr 2021 13:50
461

Mesajımız çox sadə idi - dayandırın bunu!

“Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”.

“İki sahil” xəbər verir ki,  bunu Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İranla bağlı suala cavab verərkən deyib.

Dövlət başçısı qeyd edib ki, baş verənlərin səbəbi çox sadədir: “Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir".