13 oktyabr 2021 21:58
436

Ölkəmiz Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə daha da güclənməsinə mühüm töhfələr verib

“Regionun xarakteristikasını nəzərə alaraq atılan praqmatik addımlar uzun illər sonra ölkəmizə milli maraqlarımız kontekstində siyasi dividendlər qazandırdı.”  

Bu sözləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov bildirdi. Politoloq qeyd etdi ki, bəzi siyasi dairələr 2011-ci ildən  Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunan Azərbaycanın bundan heç bir xeyir ala bilməyəcəyi barədə mülahizələr irəli sürsələr də, biz bu günün reallığı fonunda tam əks görüntünün şahidi oluruq: “Çünki Cənubi Qafqazın hərbi-siyasi arxitekturasına nəzər salsaq, burada Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində meyillənməsini, Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla öz geosiyasi vektorlarını müəyyənləşdirdiklərini görmək olar. Ölkəmiz isə heç bir hərbi-siyasi bloklara qoşulmamaq və regional siyasətdə balansı qorumaqla bütün oyunçularla bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri qurmaq tezisini irəli sürdü. Daha sonra Qoşulmama Hərəkatına üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə 2019-2021-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Sonradan ölkəmizin Hərəkata sədrliyi daha bir il uzadılmışdır. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi kimi dəyənləndirildi.”

“Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunmağa başladı, deyən politoloq ötən dövr ərzində Azərbaycanın  Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərdiyini qeyd etdi: “Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırmış və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamışdır. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının çoxsaylı sənədlərində dəstəklənmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzvlərinin güclü siyasi həmrəyliyini və dəstəyi müşahidə olundu. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının, eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bu, bir daha göstərir ki, Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət strategiyası öz uğurlu nəticəsini verdi.”

İ. Hüseynov bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatının üzvlərinin legitim maraqlarını, eyni zamanda, beynəlxalq hüquq və ədaləti müdafiə etməsi üzv dövlətlər tərəfindən təqdir olunur və məqbul hesab edilir: “Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil və bu, Qoşulmam Hərəkatı üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Bu qərar Qoşulmama Hərəkatının üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Belə ki, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə mühüm töhfələr vermiş, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atmışdır. Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı Azərbaycanın ədalətə, beynəlxalq hüquqa, multilateralizmə və çoxtərəfli diplomatiyaya əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində Qoşulmama Hərəkatı ölkələrinin bu etimadını yüksək qiymətləndirir və quruma sədrliyi uğurla davam edir.”

Nilufər Mustafaqızı, “İki sahil”