13 oktyabr 2021 22:27
394

Azərbaycan təbii qaz hasilatını artırıb - ABŞ Energetika Nazirliyi

2017-2019-cu illərdə Azərbaycan təbii qaz hasilatını 36 faiz və ya 5,6 milyard kubmetrdən çox artırıb.

“İki sahil” xəbər verir ki, EIA-nın Azərbaycanın enerji sektorunun təhlilinə əsasən, tikintisi 2020-ci ilin oktyabrında başa çatmış yeni "Cənub Qaz Dəhlizi" boru kəmərləri birləşməsi ölkənin Avropa bazarlarına çıxış imkanlarını genişləndirib: "Azərbaycanda təbii qazın hasilatının artımı başlıca olaraq "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi ilə əlaqədardır. "Şahdəniz" yatağının birinci və ikinci mərhələrində işlər müvafiq olaraq 2006-cı ildə və 2018-ci ilin ortalarında başlayıb. Yataqdan hasil olunan qazın ixracının sadələşdirilməsi üçün "Cənub Qaz Dəhlizi" adlandırılan bir neçə beynəlxalq qaz kəməri inşa edilib. Dəhliz Cənubi Qafqaz qaz kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəmərindən (TAP) ibarətdir".

Ötən il TAP-ın tikintisinin başa çatması ilə dekabrın 31-dən etibarən qazın kommersiya tədarükü başlayıb: "TAP-ın tikintisinin başa çatması ilə "Cənub Qaz Dəhlizi"nin üç boru kəmərinin ümumi uzunluğu 3,2 min kilometrə çatıb. TAP-ın buraxılış gücü ildə 10 milyard kubmetr təşkil edir. "Şahdəniz"də hasilatın artması və TAP-ın tikintisinin başa çatdırılması Azərbaycanın qaz ixracatını və ixrac bazarlarını genişləndirməsinə yol açdı. 2017-2019-cu illərdə Azərbaycan təbii qaz ixracını 3,4 milyard kubmetrdən çox artırıb, ixracın böyük hissəsi Türkiyə və Gürcüstanın payına düşüb. 2021-ci ilin birinci yarısında Türkiyə və Gürcüstana ixrac artmaqda davam edib. Eyni zamanda, 2020-ci ilin sonunda TAP-ın tikintisinin başa çatması ilə Azərbaycan Yunanıstan və İtaliyaya təbii qaz ixracına başlayıb. 2021-ci il sentyabrın 16-da TAP konsorsiumu elan edib ki, Avropaya 5 milyard kubmetr qaz tədarük olunub".